adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
01 Oktyabr 2021 10:32
1077
İQTİSADİYYAT
A- A+

Azərbaycanda avtomobil sənayesi ilə bağlı Çexiya ilə əməkdaşlıq gündəmdədir

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çexiyanın xarici işlər naziri Yakub Kulhanekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Adalet.az-a verilən məlumata əsasən, görüşdə Azərbaycanın Çexiya ilə əlaqələrə önəm verdiyi, ölkələrimiz arasında əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin, aparılan müzakirələrin əhəmiyyəti vurğulanıb.

İqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi üçün potensialı diqqətə çatdıran Mikayıl Cabbarov Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın bu baxımdan faydalı platforma olduğunu, ticarət əlaqələrinin inkişafında “CzechTrade”in Bakı ofisinin uğurlu fəaliyyətini qeyd edib.

Bildirilib ki, ölkələrimiz arasında ticarət, sənaye, nəqliyyat-tranzit və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var. Bunlarla yanaşı avtomobil sənayesi, “ağıllı şəhər”, “ağıllı kənd” layihələrində də çex şirkətləri ilə əməkdaşlıq edilə bilər.

Görüşdə yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri, Zəngəzur dəhlizi və Ələt Azad İqtisadi Zonası barədə məlumat verilib, Çexiya şirkətləri azərbaycanlı həmkarları ilə fəal əməkdaşlığa dəvət olunub.

Çexiyanın xarici işlər naziri Yakub Kulhanek ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlığını, strateji tərəfdaş olduğunu bildirib, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyəti, ticarət əməkdaşlığının və investisiya layihələri üzrə tərəfdaşlığın inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.