adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
01 Oktyabr 2021 09:38
2147
HÜQUQ
A- A+

"İtkin düşmüş 7 hərbçinin axtarışları davam etdirilir" - Hərbi prokuror

İtkin düşmüş 7 hərbçinin axtarışları intensiv şəkildə davam etdirilir.

Adalet.az-ın məlumatına görə, bunu "Xalq" qəzetinə müsahibəsində Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib.

X.Vəliyevin sözlərinə görə, mü­vafiq dövlət qurumlarının köməyindən istifadə edilməklə döyüş əməliyyatlarında həlak ol­muş şəxslərin qısa müddət ərzində şəxsiyyətlərinin müəyyən olunaraq aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin edilib:

"Belə ki, Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin işçiləri ilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar keçirilməklə, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə müntəzəm iş aparılmaqla indiyədək 2907 şəxsin, o cümlədən, həlak olaraq itkin düşmüş hərbi qul­luqçularımızın şəxsiyyətlərinin tam müəyyən edilərək meyitlərinin aidiyyəti üzrə təhvil verilməsi təmin olunub. İtkin düşmüş digər 7 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də, axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır".