adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Sentyabr 2021 17:28
1316
ƏDƏBİYYAT
A- A+

“Vətən Müharibəsi və  ədəbiyyatda milli özünüdərk problemi” adlı kitabı çap olunub

Vətən Müharibəsinin başlamasının bir illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşı, fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin “Vətən Müharibəsi və ədəbiyyatda milli özünüdərk problemi” adlı kitabı “Elm və təhsil” nəşriyyatı tərəfindən çap olunmuşdur.  

Rahid Uluselin dəyərli oxucularımıza təqdim olunan kitabı “Qalib Azərbaycanın qalib ədəbiyyatı” paradiqmasının  konseptual əsaslandırılmasından ibarətdir. Müəllif bu kitabında ilk dəfə olaraq Vətən Müharibəsinin ədəbiyyatda milli özünüdərketmə prosesini necə təsirləndirdiyini və onda hansı keyfiyyət dəyişikliyi yaratdığını araşdırır, Azərbaycanda dövlət və mədəniyyət quruculuğunun qarşılıqlı stimullaşma təkamülünü izləyir, öz siyasi tarixindən ayrılmaz olan bir ədəbiyyatın estetik mahiyyətini açır, müstəqil dövlətimizin təşəkkülünə gətirib çıxaran siyasi, mədəni, əxlaqi və ədəbi dünyagörüşünün formalaşmasını izləyir, Birinci və İkinci Qarabağ Müharibəsi (Vətən Müharibəsi) dövründə yaradılan ədəbiyyatın – “ədəbi-bədii salnamənin birinci və ikinci qatı” – örnəklərini araşdırır. Müharibənin başladığı vaxtdan indiyədək bilavasitə bədii ədəbiyyatın və ümumən ədəbi-humanitar mədəniyyətimizin son bir ildə əldə etdiklərini ümumiləşdirərək müəllif bu nəticəyə gəlir ki, Azərbaycan ədəbiyyatı, incəsənəti və mədəniyyəti qarşısında həqiqətən böyük perspektivlər açılır.

Rahid Ulusel doğru olaraq göstərir ki, dövlətimizin yeni milli arxitekturasını yaradan – XXI əsr Azərbaycanı, Vətən Müharibəsi və müasir Qarabağ əsərinin baş qəhrəmanı İlham Əliyevdir. “Ədəbiyyatın Şuşa zirvəsini fəth etmək” – bu gün bizim yaradıcı düşüncəmizin görküdür.

Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərovdur.