adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Sentyabr 2021 15:21
2465
MƏDƏNİYYƏT
A- A+

Kuklaçıların tamaşa sovqatı

Ölkə üzrə peyvənd olunan vətəndaşların sayının artması və yoluxma hallarının dinamikasının davamlı şəkildə azalması nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində yumşalma tədbirlərinin növbəti mərhələsinin tətbiqi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərarı biz kuklaçıların da böyük sevincinə səbəb oldu.

Belə ki, oktyabrın 1-dən etibarən teatrların ümumi tutumunun 50 faizindən çox olmamaq şərti ilə tamaşaçıları qəbul etməsinə verilən icazə uzun müddət qapıları tamaşaçı üzünə bağlı qalan teatrımızda da sevinclə qarşılandı.

Artıq tamaşa planından məşq qrafikinə geniş yaradıcılıq və mövcud karantin qaydalarına uyğun olaraq dezinfeksiya işləri ilə yanaşı repertuar planı da tərtib olunub.

Belə ki, bu il 90-cı yubiley mövsümünü yaşayan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı müvafiq qurum tərəfindən icazənin verildiyi ilk gün – oktyabrın 1-də ilk tamaşası ilə teatrsevərlərin qarşısına çıxacaq. Bu, teatrın repertuarındakı ən uzunömürlü və maraqlı səhnə nümunələrindən olan “Cırtdan” tamaşasıdır.

Məşhur uşaq yazıçısı Mirmehdi Seyidzadənin “Cırtdan” mənzum nağıl-pyesi əsasında hazırlanan (səhnələşdirəni Rəhman Əlizadə) tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Oqtay Zülfüqarovdur.
Onu da qeyd edək ki, mərhum bəstəkarın bu tamaşaya yazdığı musiqilər də yeni səsləndirmədə təqdim olunur. Uzunmüddətli fasilədən sonra ilk nümayişə çıxacaq bu tamaşa 2 seansda (12:00, 14:00) göstəriləcək.

Xatırladaq ki, istər tamaşaçılar, istərsə də kuklaçılar üçün önəmli olan bu günü daha yaddaqalan etmək üçün tamaşa sırf Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün canlarından keçən qəhrəmanlarımızın övladları üçün nümayiş olunacaq. Odur ki, Vətən müharibəsi şəhidləri, əlil və qazilərinin övladları təmənnasız olaraq istədikləri seansda iştirak edə bilərlər.

Ümumilikdə bütün teatr həvəskarları, kukla tamaşalarını səbirsizliklə gözləyən balaca teatrsevərlərimiz isə oktyabrın 2-dən başlayaraq həftənin müvafiq günləri (cümə, şənbə, bazar) əksəriyyəti üç seans (üçüncü seans rus dilində) olmaqla repertuarımızdakı maraqlı və rəngarəng səhnə nümunələrini izləyə bilərlər.

Məlumat üçün onu da vurğulayaq ki, biletlərin qiymətində heç bir dəyişiklik yoxdur və onların satışı yalnız teatrın kassasından həyata keçirilir.