adalet.az header logo
  • Bakı 20°C

Aqil ABBAS: ORTA  MƏKTƏBLƏRİ  BAŞA DÜŞDÜK, BƏS, UNİVERSİTETLƏR?..

AQİL ABBAS
2020 | 2021-09-29 18:10

Deməli, orta  məktəblərdə dərsə gedən  cocuqları məktəbə aparan valideynləri  az-çox başa düşürük. Amma universitetlərə  gedən tələbələri müşayiət edən valideynləri  heç cür  başa düşmürük.

Ay əzizlərim, uşaqlarınızı  itdən  ötürürsünüz? 18 yaşında  və hətta   evlənmək  hüququ  olan övladlarınızı ali  təhsil  müəssisələrinə özünüz gətirirsiniz. Və hətta fikirləşmirsiniz ki,  bu  18-19 yaşlı övladlarınız 44 günlük müharibəyə gediblər,  vuruşublar, şəhid olublar, qazi olublar.  Yəni müharibəyə yollaya  bildiyiniz, Vətən uğrunda ölməyə göndərə bildiyiniz övladlarınızı  universitetlərə  siz aparmalısınızmı?!

Deyək ki, qızları   başa düşdük, bəs, oğlanları?

Heç vaxt yadımdan  çıxmaz. 70-ci il  idi, 17 yaşım  vardı. Bakıya universitetə sənəd və imtahan verməyə  gəlmişdik. Mən idim, atam, anam idi, bir də, atam maşın sürə bilmədiyinə görə, avtomobilimizi sürən  dayım idi.

Və getdim  sənəd verməyə və tək getdim. Dayım  istədi  aparsın, atam  qoymadı. Dedi, yekə  kişidi, otursun  taksiyə getsin.  Getdim  sənədi verdim, sonra da   dörd imtahana  getdim, hər birinə də tək. Və universitetin  qabağında da (söhbət  Azərbaycan  Dövlət  Universitetindən gedir) bircə qəbula  gələn uşaqlar  idi, bəlkə 10-15 valideyn vardı, yəqin ki, onlar da  qız uşaqların  valideynləri idi.

İmtahanları   verib çıxırdım,  nə qarşılayan vardı, nə də bir kimsə.

Qızıl  medal alanlar bir imtahan verirdi. Amma mən də  qızıl medal  almalı idim, attestatıma   rus dilindən  «4» yazdılar, ala bilmədim. Və əslində də düz yazmışdılar, heç  o qızıl  medala   layiq deyildim. Hətta  atam Bakıdan  gələnlərə  (özü də  qohumlarım idi) pul da təklif etmişdi, keçməmişdi.

Həmin vaxt Ağdam şəhər  5 nömrəli məktəbin məzunu Yusif  İldırımzadə  qızıl medala   layiq görülmüşdü və həqiqətən  ona  layiq idi.  Və heç  vaxt da onun  paxıllığını  çəkmədim.

Birinci imtahandan çıxanda  gördüm Yusif də elə ilk imtahandan «əla» alıb və universitetin  hüquq  fakültəsinə daxil olub. O məni  ilk  imtahandan «əla» qiymət  almağıma görə, mən də onu universitetə qəbul olduğuna  görə  təbrik etdim, bir-birimizi  bağrımıza basdıq. Sonra da  iki eloğlu, iki qohum (və bizi  heç kim  qarşılamırdı) getdik bir stəkan çay içdik, sevincimizi  bölüşdük, deyəsən, çayın pulunu da  Yusif verdi.

Sonrakı imtahanlarda da  məni qarşılayan olmadı. Kirayə qaldığımız ev (Qubanov 53) elə  universitetə yaxın idi,  piyada gedirdim.

İndi  baxıram  Bakı Dövlət  Universitetinin  qarşısındakı  izdihama, 18 yaşındakı övladlarını Vətən  uğrunda müharibəyə yola salan valideynlər bu qələbəlikdə tələbələrdən çoxdular.

Ay əziz  valideynlər, övladlarınızı «ana uşağı» kimi  böyütməyin. Onlar  Vətən  uğrunda  ölümə  gedəndə «ana  uşağı» kimi  yox,  Vətən  oğlu kimi  getmişdilər.

Nə qədər ki,övladlarımıza «ana  uşağı» kimi  baxacağıq, bir o qədər  uduzacağıq.

TƏQVİM / ARXİV