adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Özlərinə məzar qazan əsgərlər, şəhidə gələn zəng, yaylım atəşi... - Eminquey yazır

EMİNQUEY AKİF
2624 | 2021-09-28 09:30

Polad Həşimov və döyüş yoldaşları şəhid olandan xeyli sonra xəbəri alıb Yasamal qəbiristanlığına getmişdik. Çəkiliş etməyəcəyimizə söz verib zar-zor içəri girməyə icazə almışdıq. İlk gördüyümüz sıra-sıra qazılan məzarlar olmuşdu. Bu məzarları qazanlar da əsgərlər idi. Hə, deməli, müharibəyə hazırlıq gedir. İyunda şəhid olan döyüşçülərimiz öz şəhid dostlarını gözləyirdilər. Əsgərlər bəlkə də elə özləri üçün məzar qazırdılar, bilmirəm. O məzar qazan əsgərlərdən neçəsi öz qazdığı məzarda dəfn olunub, bilmirəm.

Üstündən bir il keçib. Ziyarətdə idim. Şəhid analarının, doğmalarının ah-naləsi adamı silkələyirdi. Bu xiyabanda içi torpaqla doldurulmuş sahibsiz məzarlara baxırdım. İş yoldaşım Emin Piri dilləndi:

"Məni daha çox buradakı öz şəhid sahibini gözləyən boş məzarlar vahiməyə salır".

Sanki Emin də mənimlə eyni gözdən bu xiyabana baxırdı.

"Bugün buraya ziyarətə gələn analar, bacılar bəlkə də bir gün o sahibsiz boş məzarların hansınınsa başında ağlayacaqlar. Ana kimi, bacı kimi, sevgili kimi... Bu anaların ah-naləsini görüb insan necə müharibə arzulaya bilər?! Şükür ki bu xiyaban dolmadı".

Dodağımın altında mızıldandım:

- Nə bilmək olar, bəlkə də doldu?!

Eminlə məzarları ziyarət edirdik. Bir məzarın qarşısında dayandıq. Şəhid mayor Cəfərov Ruslanın məzarı önündə. Emin onu göstərib dedi ki, bizim batalyon komandirimizin müavini idi. Bizə sürsat və təminat gətirəndə şəhid olub. Bizi ərzaqsız, susuz qoymamaq bahasına şəhid oldu. Qəribəsi budur ki, həmin an Eminə zəng gəldi. Danışıb qurtarandan sonra kim olduğunu soruşdum. Dedi, əsgərim Hüseynov Rövşəndi. Elə o da Ruslanın yanında yaralanmışdı.

Düşündüm ki, bu da bir mistikadır. Bəlkə də elə Ruslanın ruhu da yanında yaralanan qazi yoldaşı ilə danışırdı. Bəlkə də bu elə düşmən gülləsi ilə nəfəsi kəsilən Ruslan üçün Rövşənlə sağollaşmağa bir fürsət idi.  

Saat 12-ni göstərirdi.

Zakir Həsənov Hacı Şahinlə yan-yana durmuşdu. Jurnalistlər özlərinə yer tutur, hamı bu şərəfli anı lentə almaq üçün həşir-nəşirdə idi. Qəbiristanlıq müharibəni canında daşıyan qazilərlə dolu idi. Hərbi orkestr himnimizi çalırdı.

Və fəxri qarovul havaya yaylım atəşi açdı.

Qazilər biixtiyar diksindilər.

Hiss etdim ki, onların canı hələ də bombaların, mərmilərin səsindən yaxalarını qurtarmayıb...

TƏQVİM / ARXİV