adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

Cəmiyyətin xarakteri həm də pislikləri daha çevik görüb-götürmək üzərində köklənib

1072 | 2021-09-10 11:30

Media cəmiyyəti düzgün istiqamətə yönləndirməli, mənəvi-psixoloji durumu tənzimləməli, insanlara ruh yüksəkliyini təlqin etməli, vətənpərvərlik hisslərini aşılamalı, ümumən maarifləndirici rol oynamalıdır. Azərbaycan mediası da bu prinsiplərə sadiqlik göstərməkdədir. Lakin zaman-zaman vurğuladığımız bir sıra problemlər var ki, onların müxtəlif təzahür formalarının üzə çıxması hər kəs kimi məni də narahat etməkdədir.

Bəzən elə məsələlər barədə yazılır ki, açığı, həmin məsələləri misal kimi göstərib hansısa formada jurnalist qeyri-peşəkarlığının aspektini qabartmaq belə utandırıcıdır. Ona görə də heç də hər zaman konkretliyə getmək, konkret faktın üzərində dayanmaq olmur. Amma hər kəs bilir ki, konkret faktlar var. Mən bu paylaşımı həm də onlardan biri ilə rastlaşdığım üçün etmək məcburiyyətindəyəm. Əslində məsələyə bir qədər gendən yanaşmağım həmin məsələnin diqqətə çatdırılmasının şəxsən mənim üçün nə dərəcədə çətin olmasından irəli gəlir. Bəli, çətindir, bununla belə bildirilməlidir.

Bir neçə gün öncə bir sıra xəbər saytlarında 11 yaşlı qıza atası tərəfindən təcavüz oldunduğuna dair xəbər yayımlandı... Çox təəssüfləndim. Əlbəttə, cəmiyyətdə hər cür, hər xasiyyətdə, hər xarakterdə insan var. Mən heç də iddia etmirəm ki, hamı əxlaqlı, mənəviyyatlı olmalıdır. Sadəcə cəmiyyətin xarakteri həm də pislikləri daha çevik görüb-götürmək üzərində köklənib. Özü də söhbət yalnız Azərbaycandan getmir. Dünyanın hər yerində demək olar, eyni durumdur. Belə durumlarda medianın reaksiyası necə olmalıdır, əslində bu barədə söz açıram.

Düşünürəm, çoxmu vacib idi, haqqında söz açdığım məsələni qabartmaq? Yəni çətin, daha doğrusu ağır deyilmi? Yaxşı, çətinliyi və ağırlığı bir kənara qoyuram, belə bir hadisənin insanlara çatdırılması nə kimi fayda verəcək? Burada hansısa örnək götürüləcək, ibrətamiz nə isə varmı? Yoxsa, həqiqətən də kimsə düşünür ki, namussuzluğa yol vermiş şəxs barədə ictimai qınaq məhz bu formada formalaşmalıdır? Nə deyim, suallar həddən artıq çoxdur...

Söz və mətbuat azadlığı çox geniş anlayışdır. Hərənin onu da öz istədiyi tərzdə qavraması da müəyyən mənada normaldır. Eləcə də bəzən jurnalist etikası məsələsinə birmənalı baxışın olmamasına təbii yanaşıram. Amma məncə, elə məsələlər var ki, onlardan ümumiyyətlə yazılmamalıdır. Bunu heç də Mətbuat Şurasının sədri deyil, həmkar kimi deyirəm. Lütfən yazılması lazım olmayan, düzgün sayılmayan məsələlərə diqqət yetirək. Düşünək ki, yazdıqlarımız ictimai rəyi necə, hansı səmtə yönləndirəcək, hansı fayda və mənfəətlər gətirəcək? Axı neqativlərin, müxtəlif yarıtmazlıqların təbliğinə yönələn IP yüksəkliyi bizə lazım deyil. Bizim üçün özünü neqativlərə, yarıtmazlıqlara kökləmiş oxucu auditoriyası da gərəksizdir. Əziz həmkarlar, xahiş edirəm, sözlərimi səmimi qəbul edin və düşünün.

TƏQVİM / ARXİV