adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
27 Avqust 2021 17:57
745
ANALİZ
A- A+

Natiq Cəfərli: Bu qanun bilə-bilə insanları hökumətdən narazı salmaq üçün hazırlanıb”

“Əlilliyin qruplara görə təsnifatlaşdırılması, SSRİ-dən  qalma qayda idi. Azərbaycan müstəqilik əldə edəndən sonra dünyanın aparıcı ölkələrindəki qaydaları öyrənib onun əsasında mükəmməl qanunvericilik aktları qəbul etmək mümkün idi”.
Bu sözləri “Adalet.az”-a açıqlamasında REAL Partiyasının funksioneri, iqtisadçı-ekspert Natiq Cəfərli dedi. O, bildirdi ki, əlilliyin qruplara görə müəyyən edilməsinin faizlə əvəz olunması məsələnin adını dəyişdirmiş oldu, mahiyyəti elə əvvəlki kimi qaldı. 
“Bu da problemin köklü surətdə həll olunması barədə deyilənlərin əksini göstərir. Əlilliyin təyin edilməsi yenə də əvvəlki kimi həkimlərin verdiyi qərarlara əsaslandığı üçün, yenə də insan faktorundan asılı olacaq. Buna görə də, əvvəlki neqativ halları təkrar ediləcək. Korrupsiya, rüşvət halları yenə də əvvəllər olduğu kimi baş alıb gedəcək. Neqativ hallara yol verənləri həbs etməklə hökümət bunun qarşısını ala bilməyəcək”. 
Ekspert bu məsələnin həlli barədə danışarkən qeyd etdi ki, səhiyyəsi normal inkişaf edən ölkələrdə doğulandan başlayaraq həyatdan köçənə qədər vətəndaş haqqında bütün məlumatlar dəqiqliklə işlənir. 
“Sonradan həmin məlumatlar əsasında hazırlanmış kompüter proqramı həmin sağlamlığı məhdud, yaxud işləmək qabiliyyəti az olan insanın əlillik dərəcəsini hesablayır. Ona görə də, mən ciddi dəyişikliyin baş verəcəyinə inanmıram, əksinə sanki bu qanun bilə-bilə insanları hökumətdən narazı salmaq üçün hazırlanıb”,- deyə N.Cəfərli insanları narazı salan məqamlara da toxdundu:
“Bizim hökümət yeni qaydaları hazırlayanda xarici ölkələrin təcrübəsindən istifadə edir. Amma həmin ölkələrdəki insanların aldığı məbləği unudurlar.
İnsanların əlilik dərəcəsini müəyyən etmək üçün 5 ildən bir tibbi baxışlardan keçmə məcburiyyəti də əlil insanları haqlı olaraq narazı salan məqamlardandır. Deyək ki, adam əlini, yaxud qolunu itirib, 5 ildən sonra nə baş verir, yenidən əli, yaxud ayağı əmələ gəlir? Bunları hər dəfə incitməyin nə mənası var?” 
Qeyd edək ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna edilmiş dəyişikliklər əlilliyin müəyyən edilməsi sahəsində ilk dəfə olaraq yeni konseptual yanaşmanı, əlilliyin qiymətləndirilməsinin ənənəvi 3 dərəcə əsasında deyil, daha geniş spektrdə olmaqla yeni meyarlarla, orqanizmin funksiyalarının itirilməsi faizi əsasında həyata keçirilməsini nəzərdə tutur.  Belə ki, yeni qanunda I dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə, “II dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə və “III dərəcə əlilliyi olan” sözləri “orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” sözləri ilə əvəz edilib.

İltifat HACIXANOĞLU


 

Digər Xəbərlər