adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Aqil ABBAS: BOŞANANDA DA ADAM KİMİ BOŞANMIRIQ 

AQİL ABBAS
91309 | 2021-08-06 13:38

Azərbaycanda boşanan  tərəflər bir-biriylə düşmən olur, qanlı bıçaq olur  və bəzən hətta olmayan varidatlarının  üstündə qırğın düşür. Bu cəhənnəm, ər boşadığı  arvadını  sonradan  qısqanıb gedib öldürür də. Bəzən nəinki  boşadığı arvadını, qayınatasını, qayınanasını, hətta qaynını belə öldürür.

Biz nə təhər müsəlmanıqsa, boşanma ilə bağlı peyğəmbərin qoyduğu  qanunlara da əməl etmirik.

Sizə qəribə bir hadisə  danışmaq istəyirəm.

İki-üç il bundan  əvvəl İsveçrədə yaşayan Vural Baydan adlı bir ıqdırlı dostum məni  ailəlikcə İsveçrəyə dəvət etmişdi.

Çox qəribə  bir insandır. Onu da deyim ki, Türkiyədə nəşr olunan «Dolu» romanımı oxumuşdu, sonra  filmə də baxmışdı. Xocası Seyfəddin Altaylı vasitəsilə məni axtarıb  tapmışdı, İzmirə dəvət etmişdi və orda «Dolu» filminin  təqdimatını  keçirmişdi. Beləcə salam-sabahımız yaranmışdı.

Və günlərin birində gördüm ki, mənə iki bilet  göndərib  Sürixə. Və xanımımla getdik Sürixə. Bir on gün onun qonağı olduq.

İsveçrədə sayılıb-seçilən kişilərdən biridi.

Deməli, bu, İsveçrədə yaşayanda (təxminən 40 il orda yaşayıb) bir alman qadınla  evlənib və ondan  iki oğlu və bir qızı var. Böyük oğlu da futbolçudu. Sonra boşanıblar və gəlib İzmirdən  bir xanımla  evlənib ondan da bir qızı var.

Və bir gün dedi ki, Ursula (boşadığı xanım) eşidib ki, Azərbaycandan  qonaqlarım gəlib  bizi yeməyə dəvət edir.

Ayrılıblar və adam kimi ayrılıblar, yenə ünsiyyət saxlayırlar. Düzdür, övladları anası ilə qalır, amma o da öz atalıq borcunu yerinə yetirir.

Nə isə, bizə bu dəvət təbii ki, təəccüblü gəldi. Əgər xanım boşandığı  ərinin qonaqlarına  belə hörmət bəsləyirsə, görün öz ərinə nə qədər  hörmət bəsləyir.

Bir maraqlı da söhbət. Deməli, gedirik  Ursula xanımgilə qonaq.

Xanımım soruşdu:

-Vural bəy, biz xanımınla necə söhbət edəcəyik, heç olmasa  bir az türkcə bilir?

- Qətiyyən, türkcə bilmir. Ursula uzun müddət Iqdırda  anamın  yanında yaşayıb, yalnız azərbaycanca bilir.

Xeyli güldük. Bilməyənlər bilsinlər ki, Iqdırda, Qarsda, hətta Ərzurumda yaşayanlar özlərini Türkiyə türkü yox, Azərbaycan  türkü sayırlar. Məsələn, mən Iqdırda, Qarsda olanda elə bilirdim Ağdamdayam, Ağcabədidəyəm.

Sözümün canı nədir? Boşananda adam kimi boşanın.

TƏQVİM / ARXİV