adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
04 Avqust 2021 11:49
12791
MƏMLƏKƏT
A- A+

Bu maska ki var?! - Emil FAİQOĞLU yazır

Amma nolsun, yenə görürsən ki, avtobusda, metro qatarında çoxlu sayda maska taxmayan insanlar var. Özü də sıxlıq olan yerdə ha! Adamlar ayaq üstə durur və amma yenə bəziləri maska taxmırlar. Hələ biz ara məsafəsini demirik. Bizim camaat qəribə camaatdı ey! Karonavirusa yoluxanların sayı aşağı düşəndə elə bildilər ki, bu xəstəlik tay bitdi. Ona görə də əhali arasında, elə içi mən qarışıq bir arxayınçılıq yaranıb ki, tay xəstəlik olmayacaq. Maska taxmağa, ara məsafəsi saxlamağa, dezinfeksiyaedici məhlullardan istifadə etməyə ehtiyac qalmayıb.

İyulun 4-ü səhər saatlarında 50 nömrəli avtobusla işə gedərkən gördüm ki, nəinki sərnişinlər, heç sürücü də maska taxmayıb. Dedim ki, qardaş, niyə maskan yoxdu? O da özündən razı halda dilləndi ki, mən vaksin vurdurmuşam, maska taxmaya bilərəm. Amma sən və sərnişinlər mütləq maska taxmalısınız. Amma axşam saatlarında işdən evə qayıdanda həmişə görürəm ki, «Ballı market»in yanında polislər maska taxmayan adamları cərimə elədiklərinə görə o dəqiqə sürücü də maska taxır, sərnişinlər də. Yəni, xala xətrin qalmasın.

Elə ona görə də son günlər virusa yoluxanların sayı 900-ə çatıb. Məgər bu «SOS» siqnalı deyilmi? Belə getsə, yoluxanların sayı daha da artacaq və Operativ Qərargah sərt tədbirləri yenidən tətbiq edəcəkdir. Əgər bu rejimə keçmək istəmiriksə, hamı qanunlara əməl etməlidir. İlk növbədə bu maska ki var ha, onu taxmalıyıq, ara məsafəsi saxlamalıyıq, tez-tez əlimizi dezinfeksiyaedici məhlullarla və sabunla yumalıyıq. Özümüzü qorusaq, deməli, bu virusa yoluxmaya bilərik. Amma bir şərtlə ki, özümüzü qoruyaq!