adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
03 Avqust 2021 13:36
40897
ƏDƏBİYYAT
A- A+

Aynurə İncinin şeirləri

GEDiRƏM

 

Kövrək ümidimdən körpülər salıb,

Könül sarayından çıxıb gedirəm.

Büsbütün hikkəmi, öfkəmi alıb,

Sevgi qalasını yıxıb gedirəm.

 

Leysantək gözümdə yaşa dönsən də,

Qəlbimdə qayaya, daşa dönsən də,

Ömür üzüyümdə qaşa dönsən də,

Küsdümsə gözucu baxıb gedirəm.

 

Qaranlıq gecənə nurlu ay oldum,

Tanrıdan səninçün böyük pay oldum,

Kükrəyən sel oldum, dəli çay oldum,

Hissindən süzülüb axıb gedirəm.

 

Gərək ayrılaydıq lap birincidə,

Qoymazdıq bu sevda ürək incidə.

Daha nə mənası, küs də, inci də,

Son dəfə əlini sıxıb gedirəm.

 

 

 

 

ANA

 

Bilsəydim böyüsəm qocalacaqsan,

Böyümək olmazdı diləyim, Ana!

Nəfəsin isidir soyuq dünyamı,

Eşqinlə döyünür ürəyim, Ana!

 

Qayğısız illərə qayıtmaq üçün

Saçını hördüyün uşaq olaydım.

Baş qoyub axşamlar dizlərin üstə,

Sən nağıl deyəndə yatıb qalaydım.

 

Ana laylasıtək varmı bir bəstə?

O notsuz yazılıb incədən -incə

Laylasız yatdığım bir ömrə dəyər,

"Laylanla” yatdığım şirin bir gecə.

 

Var olmaq səbəbim, varlığım, ana!

Sənsən həyatımın şanı, şöhrəti.

Qızıldan taxt-tacım olsa da yenə,

Anasız dünyamın yoxdur qiyməti!

 

 

 

 

QƏLƏMLƏ DƏRDLƏŞƏN OLDUM

 

Qələmlə dost oldum, sirrimi verdim,

Çəkdi hisslərimi vərəqin üstə.

Uçdu xəyallarım keçmişə sarı,

Durna qatarıtək hey dəstə-dəstə.

 

Ömrümün bağında küləklər əsdi

Susuz torpaq kimi sərtələşən oldum.

Bezib kədərimin ayaq səsindən,

Qələmlə , vərəqlə dərdləşən oldum.

 

Gecəyə qələmin gözüylə baxdım,

Gördüm öz zülmətim çöküb qəlbimə.

Aydan uzaqlaşıb sönən ulduzlar,

"Həsrətin rəsmini” çəkib qəlbimə.

 

Yazarkan ömürdən ötən illəri

Arzumu sovuran əsən yel oldu.

Yağıştək çilənən xoş xatirələr,

Gözümdən könlümə axan sel oldu.

 

 

 

 

KÜSDÜM

 

Bir zaman şənimə təriflər deyib,

"Getmə ,qal,”- deməyən dilinə küsdüm.

Ovcunda duası geriyə dönən,

Qəlbintək buz tutan əlinə küsdüm.

 

Ömrümün ətrli bahar çağında,

Yaşadım qəlbinin qış otağında.

Adımla bağlanan sevgi bağında,

Solan çiçəyinə, gülünə küsdüm.

 

Başını çən aldı eşq dağımızın,

Sualı çox oldu sınağımızın.

Əbədi qalanan ocağımızın,

Külək sovurduğu külünə küsdüm.

 

Ümid qapısına qıfıl vuruldu,

Vüsalın boynuna hicran sarıldı,

Yolu uzun oldu, yolda yoruldu,

Həsrətə çatmayan ölümə küsdüm..

 

 

 

 

KİMSƏN

 

Bu gün mənim üçün kimsən? Bilmirəm.

Dünən mənim üçün günəş, ay idin.

Qaranlıq gecəmi nura qərq edib,

Göylərdən süzülüb gələn pay idin.

 

Bu gün mənim üçün kimsən? Bilmirəm.

Qəlbimin sən adlı dünyası idin.

Ürkək arzuların, xoş xəyalların,

Gizlində yaşayan röyası idin.

 

Bu gün mənim üçün kimsən? Bilmirəm.

Sən körpə eşqimin laylası idin.

Sevən ürəyimin baxışlarında,

Dünyaya açılan aynası idin...