Qazimizin ölümünün önündə kimlər utanacaq? - Eminquey yazır

165199 | 2021-07-30 15:53

Ana səhifəmə iki mövzu hakimdir: Türkiyədəki yanğınlar, metroda sistemin çökməsi, bir də...

Üçüncü yoxdur, amma mən yazım. Bir-iki dostumda gördüm bu haqda.

Vətən müharibəsi qazisi, baş leytenant Cahangirli Habil Həzər oğlu bu gün səhər saatlarında müalicə aldığı Ankaranın Hacettepə xəstəxanasında dünyasını dəyişib. Bakıda “German” hospitalda əməliyyat olunubmuş. Həkim səhlənkarlığı ucbatından yarasına infeksiya düşüb və vəziyyəti kəskin pisləşərək, Ankaraya aparılıbmış.

Təəssüf ki, bu barədə yazan tək-tük insan var.

O qədər tanış mənzərədir ki...

Həkim səhlənkarlığı ucbatından 20 yaşlı dostumu itirmiş adamam, hər bu tip xəbər rastıma çıxdıqca, 12 günlük stress gün-gün gəlib keçir bədənimdən.

Hərbi xidmətdən təzəcə gəlmişdi. Qəfil boğazında ağrılar başlayır. Qızdırması düşmür. Anası həkimə gedək desə də Nicat "məni ölümə aparmayın, hiss edirəm öləcəyimi" deyib etiraz edir. Ümumiyyətlə, o, məliyyatdan çox qorxurdu. Amma Nicatı təcili yardımla xəstəxanaya aparırlar. Əməliyyata girəndə də Nicat anasıyla qucaqlaşır, ölümə gedirmiş kimi sağollaşır.

Əməliyyat zamanı həkim keyidici iynəni səhvən beyninə gedən damarlardan birinə vurur. Elə bundan sonra da onun vəziyyəti ağırlaşır. Komaya düşür. Beyin hüceyrələrinin çox hissəsi ölür. Nicat 12 gün komada yatdı. 12 gün!

O günlər ərzində həkimi gizlətdilər. Biz hər gün Nicatın daha da zəiflədiyini, artıq bədəninin çürüməyə başladığını görürdük. Anası ağlayırdı, ürəyi gedirdi.

13-cü gün artıq ata-anasının icazəsilə Nicatı aparatdan ayırdılar. 20 yaşlı Nicat...

Anası özünü necə də günahkar sayırdı. Elə hey deyirdi, kaş ki, sən deyəndə səni bu xaraba xəstəxanaya gətirməyəydim. Amma başqa əlacım yox idi ki...

Üstündən illər keçib, onda jurnalistika fəaliyyətim yox idi, bu məsələni araşdıra, kökünə gedib çıxa bilməmişdim. Üstündən illər keçib, yaralaq qaysaq bağlayıb. Yanında baş kəsərlər, baş kəsəni yox, bunu xəbər verəni günahkar çıxararlar, sübut edə bilməzsən. İndi üstündən illər keçmiş bu hadisəni yenidən necə gündəmə gətirəsən? Necə sübut edəsən?

Nicatın ruhunun qarşısında mən də buna görə özümü günahkar hiss edirəm, utanıram.

İllərdir bu utancdan məzarı üstünə də getmirəm.

Qazimizin ölümünün önündə kimlər utanacaq?

Bilmirəm...

TƏQVİM / ARXİV