adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Iyul 2021 09:36
32674
ANALİZ
A- A+

Əliağalıda doğulan, amma bütün  Azərbaycanın fəxri olan qəhrəman: Doğum günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Nadir Əliyevin doğum günüdür.


 Azərbaycan xalqı belə bir igidin doğum gününü dünya durduqca  xatırlayacaq, həmin gündə doğulan igid şəhidimizi hər zaman qəlbində yaşadacaq

Adalet.az xəbər verir ki, Nadir Alış oğlu Əliyev 30 iyul 1962-ci ildə Ağdam rayonunun Əliağalı kəndində doğulub. 1977-ci ildə Əliağalı kənd orta məktəbinin səkkizinci sinfini bitirib, ailəsi ilə birlikdə Bakıya köçüb.  Elə həmin il Bakı Politexnik Texnikumuna daxil olub. 1981-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirdikdən  az sonra hərbi xidmətə çağırılıb.

Nadir  1983-cü ildə əsgəri xidmətini Qazaxıstanın Leninsk şəhərində başa vurub, Bakı Tunel Tikinti İdarəsində əmək fəaliyyətinə başlayır. Bir il tikintidə çalışdıqdan sonra 1984-cü ildə sənədlərini Bakı Dövlət Universitetinə verir və hüquq fakültəsinə daxil olur. 1986-cı ildə bir neçə tələbə ilə birlikdə onu Moskva DTK-nin Dzerjinsk adına Ali Hərbi Məktəbinə göndərirlər.

 
Nadir Əliyev 1991-ci ildə təhsilini əla qiymətlərlə başa vurub Bakıya dönür. Yüksək biliyini, təcrübəsini nəzərə alaraq, onıı Milli Təhlükəsizlik Nazirliyinə işə qəbul edirlər. O, burada işləyə-işləyə BDU-da yarımçıq qalmış təhsilini də başa çatdırır. 
Nəinki, Əliağalının, Ağdamın, eləcə də bütün Azərbaycanın fəxri olan bu igid Vətənini,  doğma torpağını öz canından artıq sevirdi. Qarabağda başlanan müharibə minlərlə insanı yurdsuz-yuvasız qoymuşdu axı... Nadirin qəlbində qəzəb odu alovlanırdı. Öz xahişilə onu döyüş bölgəsinə göndərirlər. N.Əliyev  Qarabağ və ətraf rayonlarda işlədiyi dövrdə cəsur bir döyüşçü, əməliyyatçı və həssas bir insan kimi əhalinin ümid yerinə çevrilmişdi. Nadir Əliyev baş əməliyyat müvəkkili kimi Ağdam, Şuşa, Ağdərə, Ağcabədi rayonlarında əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün əlindən gələni əsirgəmirdi. 22 iyul 1993-cü il... Ağdam rayonunun Qiyaslı kəndinin müdafiəsi uğrunda ağır döyüşlər gedirdi. O, bu döyüşdə qəhrəmancasına həlak oldu.

9 oktyabr 1994-cü il Əliyev Nadir Alış oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Bakıda - Şəhidlər xiyabanında dəfn edilib.
Ailəli idi; İki övladı yadigar qalıb.

 

Qəhrəmanı xatırlayarkən...


Milli Qəhrəmanın  oğlu Şəhriyar Əliyev mətbuata verdiyi müsahibəsində atası haqqında bu sözləri deyib:

"...Atam könüllü olaraq hərbi hissəyə yazılanda anam hiss etdirməməyə çalışsa da, narahat olmuşdu. Çünki bilirdi ki, gedib geri dönməyə də bilər. Hər şeydən öncə bizi düşünürdü. Atam vətənini çox sevirdi və nə olursa-olsun müharibəyə gedəcəkdi. Anam bilirmiş ki, nə qədər buna mane olmağa çalışsa da, onun sözünü dinləməyəcək... Bəzən deyirəm ki, kaş bizim də atamız sevincli günlərimizdə yanımızda olaydı. Mən qazandığım və əldə etdiyim uğurlarımı atamla bağlayıram. Kimsə onun qəhrəmanlıqlarından danışanda mən qürur hissi keçirirəm. Düşünürəm ki, həyatımda örnək alacağım yeganə insan atamdır. Atamın döyüş dostları ilə hər zaman münasibətlərimiz olub və indi də var. Onlar atamın ildönümlərində də bizə gəlib-gedirlər. Mən həm də onların övladları ilə əlaqə saxlayıram. Məni atama çoxoxşadırlar və deyirlər ki, "sənin timsalında sanki atanı görürük". Onlar atamla bağlı bizə çox maraqlı xatirələr danışırlar... Atam çox güclü insan olub. İçində olangüclü vətənpərvərlik hissi onu düşmənə qarşı daha da hirsli, acımasız etmişdi. Atam əsir düşməmək üçün bir çox yollara əl atıb. Amma sonda ayağından yaralanıb və ermənilər tərəfindən pusquya salınaraq öldürülüb.
Döyüş dostları danışırlar ki, o bir çox erməni hərbi bazalarını partladıb. Ona görə də ermənilər atamın başına 1 milyon pul qoymuşdular. Çünki onlara belə birinsanın həyatda olması qətiyyən sərf etmirdi"

 
 I Qarabağ müharibəsində Qaradağlı səhra hospitalının müdafiyə və mühafizə bölməsinin komandiri olmuş İntiqam Əsədovla müsahibə aldığım ərəfədə o maraqlı bir nüansa diqqətə çatdırdı. O bildirdi ki, Milli Qəhrəman Nadir Əliyevlə yaxın dost olmuşuq: “Nadir Əliyevlə yaxın dost idim. Bir dəfə -ölümündən xeyli əvvəl mənə bir patron verdi və dedi ki, birdən mənə bir şey olsa, biz qalib olsaq, bu patronu Xankəndidə göyə at. Qoy, bilim ki, artıq Qarabağ bizimdi... Bu gün sevinirəm ki, ordumuz dostumun bu arzusunu yerinə yetirməyə şərait yaradıb. İnşallah tez bir zamanda şəhidimizin bu arzusunu yerinə yetirəcəyəm”- deyə vurgulamışdı.

Bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!


Əntiqə Rəşid

Digər Xəbərlər