adalet.az header logo
  • Bakı 20°C
28 Iyul 2021 11:11
32268
SİYASƏT
A- A+

Könül Nurullayeva: “Bakı Bəyannaməsi bölgənin rifahına xidmət edir”

Azərbaycan, Pakistan və Türkiyə hər zaman bölgədəki sülh, sabitlik və inkişaf prosesində önəmli rol oynayıblar. Tərəflər arasında imzalanan Bakı bəyannaməsi isə təhlükəsizlik və rifahı təmin etmək üçün işbirliyinin strateji əhəmiyyətini daha da artıracaq. Üç qardaş ölkə müstəqillik, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı üçün güclü dəstəklərini, qarşılıqlı hörmətlərini bir daha təsdiq etmiş oldular. Ən vacib məqamlardan biri Azərbaycana mina xəritələrini verməkdən imtina edən Ermənistanın  qınanması, azad edilmiş torpaqların yenidən inşası və məcburi köçkünlərin evlərinə qaytarılması səylərində Azərbaycanla tam həmrəyliyin nümayiş olunmasıdır.

Bu sənəd eyni zamanda ölkələrimiz arasında əlaqələrin inkişafına da töhfə verəcək. Burada söhbət parlamentar dialoq və əməkdaşlığın gücləndirilməsindən gedir. Bəyannamənin mətnində əməkdaşlığın bütün istiqamətləri əhatə olunub. Aydın olur ki, Bakı bəyannaməsi tərəflərə beynəlxalq platformalarda birlikdə hərəkət etməsini təmin edəcək. Onsuz da bu vaxta qədər də Azərbaycan və Türkiyə millət vəkilləri bir-birlərini bütün beynəlxalq platformalarda müdafiə ediblər. Üçtərəfli bəyannamə bu prosesi daha da dərinləşdirəcək. Parlamentlər islamafobiya da başda olmaqla xarici dəstəkli terror təhdidi, kiber hücumlar, hibrid savaş formaları, hədəfli dezinformasiya kampaniyalarına qarşı da birlikdə mübarizə aparacaqlar.

Tərəflər qardaş xalqları daha da yaxınlaşdırmaq üçün həm ikili, həm də çoxtərəfli səviyyələrdə parlamentlərararası dialoq və əməkdaşlığı inkişaf etdirməkdə qərarlıdır. Yeni mərhələdə  mövcud əlaqələri gücləndirmək və daimi komitələrin, dostluq qruplarının və parlamentlərin işçi heyətlərinin əlaqələrini təşviqi daha da gücləndiriləcək. İşbirliyinin möhkəmlənməsi həm də beynəlxalq problemlərin həllində parlamentlər arasında əlaqələrin rolunu artırır. Əsas məqsədlərdən biri konstruktiv dialoq və əməkdaşlıq üçün uğurlu bir platforma təqdim etmək, parlament strukturlarında üç qardaş ölkə olaraq ortaq mövqe sərgiləməkdir.  

Bəyannamədə qadın parlamentarilərin qərar qəbul etmə prosesindəki rolunun və məsuliyyətlərinin artırılmasına yönəlik addımların da dəstəklənməsi zərif cinsin nümayəndələrinə olan etimadın göstəricisidir. Beləliklə, Azərbaycan, Türkiyə və Pakistandan olan qadın parlamentarilər ictimai-siyasi proseslərdə daha da fəallıq nümayiş etdirəcəklər.