adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Iyul 2021 09:56
31889
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: HƏYATIMIN MƏNZƏRƏSİ...

("Bir qadına..." silsiləsindən)

Yenə  kövrəlirəm, yenə  doluram
Gözlərim  divara, daş  söykənir...
Mən elə durumda, təbdə oluram -
Bu  hala  divar da, daş da  göynəyir..

Sıxılır  ürəyim qəm  caynağında
Kirpiklər  şeh  dərir,  çisgin hürküdür..
Mənim hisslərimin eşq  yaylağında -
Həsrət at  oynadır - yaman  bürküdür...

Elə  bil  nəfəsim tükənir  daha
Dişimi dişimlə  sıxıb  əzirəm..
Allahdan  şikayət  edib Allaha -
Deyirəm, təklikdən , vallah  bezirəm!..

Bu  özü-özünə  tamarzı qalmaq -
 Nə  üsyan, nə  hikkə , nə əsəb  deyil .
Elə  sevgi  verib, belə  can almaq -
Allahım, sənə də  heç əzab deyil!