Təbii ki, ABŞ səfirliyi bundan heç nə itirmir və məndən ötəri də gözü uçmur. Mənim də ABŞ səfirliyinin tədbirləri üçün gözüm uçmur.
Biri vardı ey, Ann Dersi, bu xanım azərbaycanca bizim sabiq xarici işlər naziri Elmar Məmmədyarovdan bir az yaxşı danışırdı.
İli yadımdan çıxıb, ABŞ-ın müstəqillik günü ilə əlaqədar səfirliyin həyətində ayaq üstə yeyib-içmək məclisi keçirilirdi. Mən də getmişdim. Bizim həm iqtidar partiyasının, həm də müxalif partiyaların rəhbərləri və ya rəhbərlikdə təmsil olunanları yığışmışdılar xanımın başına və xanım da hamıya demokratiya dərsi keçirdi. Çox danışdı, mən də bir qədər kənardan qulaq asırdım ki, görüm bu demokratiya nə olan şeydi?
Axırda dözmədim, yaxınlaşdım, söz aldım və dedim:
- Hörmətli səfir, bayaqdan qulaq asıram çox gözəl danışırsınız, amma ABŞ demokratik ölkə deyil. ABŞ hansı ölkələrə demokratiya ixrac edirsə, həmin ölkələrdə qan su yerinə axır, ölkələr də dağılır.
Xanım tutuldu. Məni bir tərs-tərs süzdü. Xanım cəhənnəm, xanımın ətrafındakı YAP-ın və müxalif partiyaların təmsilçiləri də mənə Ann Dersidən daha tərs baxdılar.
Nə isə… O gün-bu gün bir daha ABŞ səfirliyinin tədbirlərinə qatılmadım.
Başqa bir məsələyə də toxunum. ABŞ səfirliyi göndərdiyi dəvətnamələrdə ingiliscə yazır. İngilis dili bilməyənlər gərək bir tərcüməçi tapalar ki, görsünlər bu dəvətnamədə onlara söyüş söyüblər, yoxsa xoş sözlər yazıblar.
Bu barədə parlamentdə də bir çıxışım oldu, buna etirazımı bildirdim. Həm də görən bizim ABŞ-dakı səfirliyimiz də öz dəvətnamələrini amerikalılara Azərbaycan dilində göndərirlər? Təbii ki, yox. Heç olmasa ABŞ səfirliyi də dəvətnamələri iki dildə göndərsinlər, dilimizə hörmət etsinlər.
ABŞ səfirinin Şuşaya niyə getmədiyi barədə açıqlamasını oxudum. Vacib işi varmış. Müxbir sual verir ki, bəs Almaniya və Fransa səfirləri niyə Şuşaya getməyib?
Cavab:
- Gedin onu da Almaniya və Fransa səfirlərindən soruşun.
Təbii ki, hər hansı bir ölkənin səfirinə dəvətdən imtina etdiyinə görə ittiham irəli sürmək olmaz. Amma qınamaq olar, biz də qınadıq.
Yaxşı ki, müxbirə deməyib:
- Bəs, türk qardaşlarınız olan Özbəkistan, Qırğızıstan, Türkmənistan səfirləri niyə getməyib?
Sonda. Soruşurlar ki, niyə ABŞ-da inqilab olmur?
Cavab:
- Çünki ABŞ-da ABŞ səfirliyi yoxdur.