adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Aqil ABBAS: HƏZRƏT ABBAS HAQQI,O PƏNAH XANIN SARAYI DEYİL 

AQİL ABBAS
56738 | 2021-07-12 14:59

And olsun Həzrət  Abbasın qələm olmuş qollarına, and olsun Seyid Lazım ağanın, Seyid Yusif ağanın cəddi-cənabi Peyğəmbərə, ay qardaşlar, ay böyük  məmurlar, İmarətdə xarici  qonaqlara, səfirlərə, jurnalistlərə  və nə bilim kimlərə Pənah xanın  sarayı kimi  təqdim etdiyiniz sərdabədi, saray deyil.

Pənah xan orda dəfn olunan ər-arvad seyidin xatirəsinə o sərdabəni  tikdirib. Biri təxminən 12 kv.m.-di, biri də uzağı 16. Balaca da pəncərələri var və Pənah xan o qapıdan  girmək üçün gərək başını əyəydi və yanpörtü  keçəydi.

Xanlar xanı  Pənah xan burdamı yaşayıb? Və vəsiyyət edəndə də deyib ki, məni o seyidlərin  ayağı altında dəfn edərsiniz.  Və həmin zamanlarda orda kiçik qəbiristanlıq da vardı. Pənah xan orda dəfn olunub və ondan  sonra gələn nəsli də. Pənah xan özünə Bayatda bir saray tikdirib, sonra Şahbulaqda qəsr tikdirib, amma onun yeri də saray və qala üçün əlverişsiz olduğuna görə mühəndislər Şuşanı tapıblar. Şuşa da itməmiş də ey, tapıla, ora Qarabağ camaatının  yaylağı idi. Gedib baxıb və görüb Şuşanın özü elə  qaladı və Şuşa qalasını  tikdirib və orda da özünə möhtəşəm bir saray tikdirib.  O möhtəşəm sarayı da əvvəl-əvvəl Sovet hökuməti  dağıtdı, sonra da Sovet hökumətinin  varisi  olan ermənilər.

Möhtərəm Prezident  İlham Əliyev  də Pənah xanın  dağılmış sarayını gəzdi və bərpası üçün də göstəriş verdi.

İndi sərdabəni saray kimi təqdim edirsiniz, bu xaricdən  gələn  qonaqlar, səfirlər, nə bilim kimlər deyirlər ki, xan bu sarayda  yaşayıbmış?

Özü də İmarətə  girəndə sağ tərəf karvansara olub və qalıqları da durur,  keçəndə baxa bilərsiniz.  Xan karvansaranın yanında yaşayırdı?  Ad kişnərtisinin, dəvə nəriltisinin yanında, bazar  adamlarıyla?

Nə qədər  gec deyil, səhvinizi düzəldin.

TƏQVİM / ARXİV