adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
07 Iyul 2021 11:54
17489
ANALİZ
A- A+

Ayxan Ayvaz niyə belə mənasızlıq edir?

Ayxan Ayvaz Kulis.az-da “ niyə kitab çıxardırsınız, niyə imza günləri keçirdirsiniz?” adı altında mənasız bir yazı yazıb. Ona görə mənasız deyirəm ki, ədəbiyyat mühitinin içində olan, yazıb-yaradan bir adam birdən-birə durub “bombalıq” edir, özü də gənc olduğu halda gənclərə ustadlıq etməyə çalışır. Əvvəla, bu Ayxanın yaradıcılığının belə harcı deyil. Adama deyərlər ki, 13 yaşında Kurtlar Vadisinə baxıb kitab çıxardan sən, (yəqin ədəbiyyatın Polat Alemdarı olmaq istəyib, amma Güllüsü oldu) yaxın illərdə reportajlardan, sentimental yazılardan ibarət hekayələr kitabı çıxardan sən, utanmadan, yenidən bir hekayələr kitabı çıxardan sən, amma indi anladın ki, bıyy, sən demə, bunlar mənasız imiş? Ayxan deyir ki, imza günü eləmək mənasızdır, onsuz da beş-on tanış gəlib alır.

İndi Ayxan, özün imza günü edəndə bilmirdinmi gələn ancaq biz olacayıq, elə biz də gəldik? Sən o vaxt bilmirdin ki, belə olacaq, belədir vəziyyət, Axı, nə vaxt normal olub? Nədir bu dahilik sevdan, Ayxancan?

Mənə elə gəlir ki, sən altı boş olan dahiyanə havandan çıxmalısan. Yaşın da artır, səndən yaxşı roman gözləyirik, sən isə mənasız söhbətlərinə davam edirsən. Özün də gəncsən. Yaşın 30 deyil, amma 80 yaşlı Anar intonasiyasından istifadə edirsən. Özünə gəl, a bəy. Özünüz elədiyinizi başqalarına səhv kimi tutmayın. Gedin, oturun, yazın, belə sən demiş, 5-10 nəfər tanış da gəlib alsın. Onsuz da, bu ölkədə ədəbiyyatla məşğul olmaq fədəkarlıqdır. 10 il əvvəl də belə idi, indi də. Camaata qaramatlıq, nihilistlik aşılamayın.

Əlavə olaraq; İki ildi rayondasan, gedəndən roman yazıram deyirsən. Ara-sıra da xəbərini paylaşırsan ki, belə, elə. Niyə yazırsan, Ayxan? Hansı gününə? Kim alacaq? mən dəqiq alacam. Sonra? Şərifdi, Sərdardı, Ulucaydı, Həsəni, Rəvan. Sən demiş, üzə düşüb alacayıq. Yenə deyirəm, onda niyə yazırsan? Səni buna nə vadar edir? Vermə də kitabını çapa onda. Borc-xərc tapıb çap eləmə, onsuz nəşriyyat sistemi də yoxdur, qonorar da vermirlər. Bu sözləri deyən, bu cür danışan adama indən belə kitab çıxartmaq yaraşmaz. Yəqin ki, vəziyyət düzəlməyənə kimi sən bir daha kitab çıxartmayacaqsan. Onda deyərəm əsl xarakter adamıdır, sözünün üstündə durur. Yox, əgər çıxartsan, mən təzədən qayıdacam bu yazıya. Ümid edirəm, bir daha təqdimat zad etməyəcəksən. Ya da əl çək bu mənaszılıqdan, otur yazını yaz, yaxşı olar. Sən də hər kəs kimi fədakar ol.

Digər Xəbərlər