adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Iyul 2021 13:31
20841
ANALİZ
A- A+

"Akif Səməd məni aldatdı" - SORĞU

6 iyul mərhum şair Akif Səmədin il dönümüdür. Adalet.az saytı ədəbiyyat adamları arasında şairi necə xatırlayırlar deyə sorğu keçirdib.

Emin Piri; Akif Səmədlə ilk tanışlılğım 2000-ci ildə oldu. O vaxt mərhum şairimiz Sumqayıt xəstəxanasında ürəyi ilə bağlı müalicə alırdı. Atam (Sabir Yusifoğlu) məni də götürüb şairə baş çəkməyə getdi. Həmin gün də qəzetdə şeirim çap olunmuşdu. Atam mağazaya gedəndə Akif Səməd şeiri özümün oxumağımı istədi, oxudum. Dedi ki, sən atandan daha yaxşı şairsən, amma onun yanında demə, inciyər.( gülür) Beləcə, Akif Səməd məni aldatdı...

İbrahim İlyaslı; Akif mənsub olduğu ədəbi nəslin, jurnalistikasının çox böyük bir ismidir. Onunla xatirələrimi deməklə bitməz. Akif mənə həmişə böyüklük edib. Xala oğlum kimi də, belə də. Akif məni ilk dəfə imtahaha gətirib, hərbi xidmətə yola salıb, işə düzəldib. Akif mənim həyatımın hər hissəsində var, həyatımda xidməti çox olub. Həm də, ilk dəfə məni ədəbi ictimai ictimaiyyətə təqdim edən də Akif olub, çap edən o olub. Həyatımın məzmunu ifadə edən adam olub. Allah Akifə rəhmət eləsin, ruhu şad olsun. Xatırlayanların hamısına təşəkkür edirəm.

Ehtiram İlham; Adətən, könlünü sözə verən adamlar, şairlər yaşadıqlarını qələmə alırlar. Akif Səməd bəlkə də yeganə şair idi ki, yazdıqlarını yaşayırdı - bəzək-düzəksiz, necə var eləcə. Akif Səməd təmənnasızlığın örnəyi olan bir şəxsiyyət idi. Sevgisi də haqdan gəlirdi, sözü də, şeiri də. Qələmə aldığı bir-birindən gözəl yazılarında, dostlar üçün, el-oba naminə, saz-söz uğruna etdiyi işlərdə, əməllərində heç vaxt heç kimdən heç nə ummazdı. Akif Səməd həm də ağayanalığı, şahanəliyi ilə seçilirdi hamıdan. Ürfan düşüncəsinin, sufi ruhunun təmsilçisi olduğundan dərvişanə bir ömür sürürdü. Özünün dediyi kimi, "şahanə dərvişlik"lə məşğul idi Akif Səməd. Və bu, ona çox yaraşırdı. Həddən çox... Özünüz də yazıqsınız, Ölməyə qoymayın məni! - dostlarına ünvanladığı şeirlərin birində belə yazmışdı bir vaxt. Doğrudan doğruya, onsuz dostlarına çox çətin oldu. Boynumuzu büküb yazıq-yazıq durduq. Özümüzə gələndə isə yollara boylandıq. O yollara ki, başında böyük bir əbədiyyət karvanı addımlayır. Akif Səmədin qoşulduğu karvan..

Elnur Astanbəyli; Akif Səməd mənim yadımda ağır yerişi, oturuşu-duruşu, ancaq hadisələrə də elə bir o qədər sürətli, çevik münasibəti ilə qalıb. Azərbaycanın ədəbi-mədəni, ya da ictimai-siyasi həyatında elə önəmli hadisə yox idi ki, dərhal (və dəqiq!) fikir bildirməsin. Çoxları onu ləng, astagəl, incəli təbirincə desək, "Arxayın Məmməd" kimi xatırlayırlar – Akif əminin danışığına, yerişinə-duruşuna fikir versən sənə elə gələrdi ki, o heç yerə, heç yana tələsmir. Lakin bu fiziki keyfiyyət idi. Akif Səməd mənən, ruhən tələsirdi, elə ona görə də yazı-pozusunda həmin lənglikdən, astagəllikdən əsər-əlamət yox idi. Ölümün soyuq nəfəsini həmişə kürəyində hiss etdiyindən idi ki, həmin o mənəvi-ruhi tələskənliklə yazırdı – istər şeir olsun, istər publisistika. Həyata, hadisələrə çevik və aydın, ən sərxoş halında belə ayıq münasibəti ilə seçilirdi. Və mənə həmişə elə gəlib ki, Akif əmi ürəyində bu dünyadan heç bir söz aparmaq istəmirdi. Nə söyləməlidirsə, nə yazmalıdırsa hamısını söyləyib, yazıb getmək istəyirdi. Bacardımı? Bilmirəm. Ümid edirəm, nə vaxtsa özündən soruşmaq imkanı olacaq. Və ona da əminəm ki, "o biri dünya" ilə bağlı deyilənlər əgər böyük bir aldatmaca deyilsə, Akif Səməd bu gün olduğu yerdən ən çox yazmaq üçün darıxır, ədəbi-mədəni, ictimai-siyasi həyatımızda baş verənlərə özünün çevik, aydın və ayıq münasibətini bölüşə bilmədiyinə görə üzülür

Həmid Ormanlı; Akif Səmədin ədəbi yaradıcılığı haqqında danışmayacam. O oxucular o da Akif Səmədin kitabları. Mən Onun Vətəndaş mövqeyi haqqında demək istərdim. Akif Səməd yeganə adam idi ki, Azərbaycanda baş verən gündəlik ictimai-siyasi hadisələrə öz sərrast Vətəndaş-ziyalı münasibətini bildirirdi. Mənəm-mənəm deyən yazıçılar, şairlər var ki, iki üç ildə bir xalqın qabağına çıxıb müsahibə verir. Ancaq içinə baxırsan bom-boşdur. Heçnə verə bilmir.Ancaq Akif Səmədin hər gün daha böyük həyacanla müsahibəsini gözləyərdik.YadımdadırAzərbaycan Türkünün fikir və düşüncə babalarından olan Əbülfəz Elçibəy deyirdi ki, Qarabağa yol Təbrizdən keçir. Diqqət edin bunu deyən Əbülfəz bəy deyib. İndi görün mürşüdüm Akif Səməd nə deyirdi. Akif Səməd deyirdi Təbrizə də, Qarabağa da, hakimiyyətə də yol halallıqdan keçir. Düşüncəyənin, yanaşmanın miqyasına fikir verin sərrastlığına fikir verin. Akif Səməd deyirdi Naxçıvana Nəqşicahan deyib qədimliyi ilə öyünürük ancaq naxçıvanlını hələ də özümüzdən qırax eliyirik Qarabağ, Qarabağ deyirik ancaq Qaçqınlar gəldilər belə elədilər, elə elədilər deyib arxalarınca asıb kəsirik. Göyçə dərdindən danışırıq ancaq yerazlar deyib qaralarınnan nələr demirik. Göyçədə, Qarabağda gedib Qazaxlı ha yaşamayacaq. Göyçəni, Qarabağı sevməkdən ötrü birinci Göyçəlini, Qarabağlını sevmək lazımdır. Onda bizim sevgimiz də halal sayılar. Kəskin mübahisələri, kəsən dəmir məntiqi vardı. Yəqin ki, hamının yadında olar. Adı özündən qorxulu Türkün Ərgənəkon bayramı məhərrəmliklə üst-üstə düşəndə mollaların səməniyə qara bağlayaraq bayram keçinmək təklifinə Akif Səməd aşağıdakı şəkildə məntiqli və susdurucu cavab vermişdi : -"Mən dindar deyiləm, dini hislərə hörmət edən adamam. Xahiş və tələb edirəm.Onlar da mənim bayramıma hörmət etsinlər. Yaşıl səmənimə qara bağlamaq fikrinə düşməsinlər. Onsuz da bacarmazlar. Dünya yaşıllaşır. Yer, göy, çöl, çəmən. Sizdə o qədər qara hardandı ki?" Hərbi xidmətdə olduğumda mənə ünvanladığı məktubunda yazırdı: "Həmid bəy! İnan yaradanın birliyinə, mən özümdən ("mənəm-mənəm deyən Xuruşşov nəslindən ") də, bizim nəsildən də(qarğışa gəlmiş durğunluq və keçid dövrü nəsli) sonra gələn Sizin nəsli (Azadlıq, müstəqillik dövrü) çox sevirəm və umudluyam. Bizlər bacardığımızı etdik, Sizlər istədiyinizi edəcəksiniz. Nəsillər qarşı-qarşıya durmamalı, bir-birinin dayağı və davamı olmalıdırlar. Həmid, Sənin qopub gəldiyin Borçalı da Azərbaycandır. Durduğun sərhəddən beş addım o yandakı Dəmirqapı Dərbənd də, yaralı Qarabağ da, aralı Təbriz də Sizi gözləyir. Bu gün dünyanın diqqət mərkəzinə dönən Kərkük də. "Harda Kərkük gəlir yadıma, boğazlanan bir Türk gəlir yadıma". Və unutmayaq ki, bu böyüklükdə Azərbaycan çox böyük Türk dünyasının ATA yurdudur. Baba yurd Doğu Türküstan da, Ana yurdu Türkiyə də, bala yurd Kıbrıs da sizlərə bel bağlayıb, Sizlərə güvənib ayağa qalxıb ayaqdadır. Tanrı bu yolda yar və yardımcı olsun. Əmin Akif SƏMƏD "

Orxan Saffari

 

Digər Xəbərlər