adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Iyun 2021 00:00
12062
ANALİZ
A- A+

Müqəddəsləşmiş sevgi dastanları: “İlham və Fərizə”, “Mehdi və Mələk”

 30 iyun Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunur.

Adalet.az xəbər verir ki, Düz 31 il əvvəl 1990-cı il 20 yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.

 

 İlham və Fərizə dastanı

 

İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda - nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan Ilham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod Ilham Allahverdiyevin adını daşıyır.
1989-cu ilin 30 iyununda da vağzalı sədaları altında Fərizə İlhamgilə köçüb. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxır. İlham həmin gecə, hazırkı "20 Yanvar" dairəsində vurulub.
Ailə İlhamı həmin günü xəstəxanalardan birində tapır. Əvvəlcə Xırdalandakı qəbiristanlıqda dəfn ediblər. Amma sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar.
Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Amma qərarında qəti olan Fərizə gecə hər kəsi yuxuya verəndən sonra bir qab sirkəni içir. Və məktub yazmaq istəyir. Amma göz yaşı içində bir-iki cümlə yazandan sonra ardını gətirməyə taqəti olmur.
Bətnindəki körpəni də özü ilə məzara aparır...

 

Mələk və Mehdi dastanı

 

 Düz 30 il sonra Azərbaycanda sevgililər günü daha da müqəddəsləşdi.
44 günlük müharibədə - Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhid olan əsgər Mehdi Məmmədovun nişanlısı intihar etdi. Hadisə Tərtər rayonunun Sarıcalı kəndində baş verdi. Müqəddəs şəhidimiz Mehdi Məmmədov günorta saat 12.00 radələrində kənd qəbiristanlığında dəfn olundu. Dəfndən geri qayıdanlar başqa bir faciə ilə qarşılaşdılar. Məlum olub ki, Mələk Sultanova özünü asaraq intihar edib.
Mələk Sultanova bir müddət əvvəl Mehdi Məmmədovun ona hədiyyə etdiyi ətir şüşəsinə bir məktub bükmüşdü:“Mənə sənsiz həyat yoxdur, Mehdi...”,  
Mələk Sultanovanı da nişanlısının yanında dəfn etdilər. Həmin vaxt Mehdi Məmmədovun 24, Mələk Sultanovanın isə 18 yaşı vardı.
30 il əvvəl biz buna bənzər hadisəni İlham və Fərizənin simasında yaşamışdıq. İlham, Mehdi kimi qəhrəmanları,  Fərizə, Mələk kimi sədaqət nümunəsi  qızları olan xalq məğlub olmayacaq


 Əntiqə Rəşid

Digər Xəbərlər