adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Iyun 2021 10:57
38542
ƏDƏBİYYAT
A- A+

ERMƏNİ POLKOVNİKİNƏ AÇIQ MƏKTUB - Mustafa Çəmənli yazır

Sən ey şərəf və ləyaqət hissindən bixəbər, polkovnik Koruyun Qumaşıyan! Gör sən, hansı əməlinlə fəxr edirsən? “Mənim birləşmələrim və mən Laçın və Kəlbəcər yaxınlığında 17 maşın mina yerləşdirmişik, minalara görə ərazidə heç nə edə bilməyəcəksiniz. Əsirlərimizi bizə qaytarın, mina xəritəsini verəcəm”. Gör nə qədər ədalətsiz, qəddar birisən ki, bəşəri cinayətini televiziyada həyasızcasına səsləndirirsən. Hələ bir utanmadan özün kimi diversant əsgərləri qaytararıqsa, “Mina xəritəsini verəcəm” söyləyirsən. Törətdiyi cinayətin fərqində olmayan sənin kimi insanlıq qatili ancaq belə düşünə bilər. Əlbəttə, sən belə düşünməlisən. Zaman-zaman təlim aldığınız keşişiniz də Allahını unudub, ancaq kin-küdurət püsgürübsə, sən ürəyiaçıq, böyükruhlu türkə qənim kəsiləcəkdin. Hələ çar Rusiyası dövründə sənin əcdadların sizə qahmar çıxan, sizə yox yerdən vilayət yaradan dövlətə xəyanət etməmişdilərmi? Babaların İrəvan şəhərində Üçkilsədə (Eçmiədzində) maşın tərtib edib, 9 milyon qəlp əsginas pul kəsmişdilər. Dövlət xəbərdar olub həmin pulu və maşını müsadirə etmişdi. Pulkəsənləri və kəsdirənləri də tutub cəzalandırmışdı. (M.M.Nəvvab. “1905–1906-cı illərdə erməni-müsəlman davası”. 1993, səh. 12)

İnanmırsansa, get arxivinizi eşələ, gör nələr görəcəksən. Axı siz yalan danışmağı sevirsiniz. Müsəlman dövlətlərinin içində azsaylı millət kimi yaşadığınızı unudub dövlətçilikdən, dənizdən dənizə böyük Ermənistan yaratmaqdan danışırsınız. Nə ilə, hansı güclə? Sizi XIX əsrdə köçürdüb Azərbaycan torpaqlarında məskunlaşdırıblar. Bunu mən uydurmuram ha. “Ermənilərin Azərbaycana köçürülməsi” kitabını mən yazmamışam, bu işdə canfəşanlıq edən S.N.Qlinka yazıb. “Rusiyanın Ərzurumdakı baş konsulu Mayevskinin qeydləri”ni, onun “Qafqazda erməni-tatar qırğını məsələsinin mərhələlərindən biri kimi” (mart, 1906-cı il) qeydlərini də mən yox, 1 iyul 1915-ci ildə V.Mayevski yazıb.

Ancaq nə olsun, bütün dünyanın görkəmli adamlarının xalqınızın ünvanına söylədiklərini sətir-sətir sizə oxutsaq belə, hiyləgərliklə altından çıxacaqsınız. Çünki sizdə ədalət, vicdan anlayışı yox dərəcəsindədir.

1918-ci ildə yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti qədim İrəvan şəhərini bu şərtlərlə sizə vermişdi ki, bizə qarşı ərazi iddialarından əl çəkəsiniz. Söz verdiniz, amma əməl etmədiniz. Gəmidə oturub gəmiçi ilə dava saldınız. Nəticədə məğlub oldunuz. Hətta Gürcüstanla da müharibə etdiniz, təbii, yenə məğlub oldunuz. Tutduğunuz əməllərdən təsirlənən gürcü şairi İlya Çavçavadze haqqınızda yazdı ki, “...Dəlilləri təhrif etmək, özgəninkini mənimsəmək, abidələri pozmaq və qazmaq, özgə torpaqlarını özünə çıxmaq və s. buna bənzər “yaxşılıqlar” ermənilərin çox qədim hünəridir və buna onlar lap qədimdən alışmışlar... Ermənilər dost cildində düşməndir. Onun nəvazişindən, təbəssümündən qorxduğum qədər açıq düşməndən qorxmuram”.

Bəli, düşmənçilik etmək olar, amma namərdlik etmək olmaz. Sən bunu anlamazsan, çünki miskinsən. Miskin, zavallı olmasaydın, zaman-zaman sizə ərazi güzəşt edən, süfrəsinin başında oturdan bir millətin torpağında mina basdırmağınla fəxr etməzdin. Sən mina basdırmaqla, basdırılan ərazinin xəritəsini verməməklə heç nə əldə edə bilməzsən. 44 günə sənin kim mina basdıran polkovnikin ordusunu darmadağın edən Ali Baş Komandanımız, müzəffər ordumuz torpaqlarımızı təmizləməyə, yeni kəndlər, şəhərlər salmağa da qadirdir. Yeri gəlmişkən, sizin ordunuzu diz çökdürən əsgər və zabitlərin çoxu evini dağıdıb qaçqın həyatı yaşamağa məcbur etdiyiniz qarabağlıların uşaqlarıdır.

Mən sizi qınamıram. Bir millətin ki, 70 yaşlı katalikosu, patriarxı da ətəyində Qarabağa mina daşıyıb, xalqına barış əvəzinə hikkə təlqin edirsə, sən kimdən nümunə götürəcəksən ki...

Biz təlimimizi Qurani-Kərimdən almışıq, müqəddəs duyğularla böyümüşük. Özgə torpağında mina basdıran polkovnik, sən bilirsənmi ki, “Qeyrət və şərəf bahalı mülkdür. Pulla alınmaz və ucuz insanlarda olmaz” (Hz.Əli Əleyhissalam).

Ey Qumaşıyan, bizlər humanist ideyalar, bəşəri duyğular carçısı dahi Nizami Gəncəvinin “Xəmsə”si ilə tərbiyələnmişik. Ey gerizəkalı, bilirsənmi XII əsrdə yaşamış bu dahi nə deyirdi? Sənin kimi ağılsızlara üzünü tutub deyirdi ki:

 

Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,

Yer üzünün fatehi ədalətdi, ədalət!

 

XIV əsrdə yaşamış Nəsimi sənin kimiləri nəzərdə tutub yazırdı: “Ey özündən bixəbər qafil, oyan!” Ey ədalətdən uzaq, polkovnik, bizə belə tərbiyə veriblər. Səninsə tərbiyə aldığın, heykəlini ucaldıb, qarşısında səcdə etdiyin faşist Qaragen Nijdedir. XXI əsrdə yaşayasan, bu qədər düşüncəsiz, keçmişindən bixəbər olasan. Axı çar Rusiyası sizi vətəndaşı olduğunuz İrana, Osmanlı Türkiyəsinə xəyanət etdiyiniz üçün Qafqaza köçürməsəydi, bizim ata-baba torpaqlarımızda dövlət qura bilməzdiniz. Vaxtilə sizi Azərbaycan torpaqlarına köçürdənlər belə sizin düşüncənizin fərqində olmuşlar. Sizin himayədarlarınızdan biri, rus səfiri, yazıçısı A.S.Qriboyedov çara yazdığı məktubunda xəbərdarlıq edirdi: “Əlahəzrət, ermənilərin mərkəzi rus torpaqlarında məskunlaşmasına icazə verməyin! Onlar elə tayfadırlar ki, həmin yerlərdə bir neçə on il yaşadıqdan sonra dünyaya hay-küy salaraq, bura bizim qədim dədə-baba torpağımızdır deyəcəklər”.

Polkovnik Qumaşıyan, bu tarixi məktub ki, bizə məxsus deyildir. Sizin bədbəxtliyiniz hələ də qəflətdə yaşamağınızdadır. Balalarınızı yalançı tarixinizlə bədbəxt etmisiniz. Əslində siz öz sərsəm, heç vaxt baş tutmayacaq ideyalarınızla xalqınızı dərin bir uçuruma yuvarlatmısınız. Mən millətinizi aşağılamaq istəmirəm, ancaq Fransa yazıçısı Aleksandr Dümanın “Qafqaz səfəri” kitabında xalqınız haqqında yazdıqlarını olduğu kimi bura köçürməkdən də özünü saxlaya bilmədim. Düma-Ata yazır: “Ermənilər həmişə başqa dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə öz fikir, niyyət və duyğularını gizli saxlayan, hiyləgər və kələkbaz adamlara çevrilmişlər. Ermənilər xain, hiyləgər, həm də qorxaq millətdir”.

Biz Düma-Atanın 162 il qabaq yazdığı bu fikri inkar edə bilmərik. Ona görə ki, siz Ermənistandan azərbaycanlıları öz ata-baba yurdlarından ayaqyalın, başıaçıq halda qovmusunuz, Xocalıda amansız, bağışlanmaz vəhşiliklər törətmisiniz, əsirlər aparıb qul kimi işlətmisiniz, havadarlarınızın köməyi ilə 7 rayonumuzu işğal edib bir milyon əhalini yurdundan didərgin salmısınız, indi də müqəddəs torpağımızda minaları toxum kimi səpmisiniz, yeraltı, yerüstü sərvətimizi talan etmisiniz, salamat bir ev qoymamısınız. 44 günlük müharibədə məğlub olmusunuz, barışa, qəddinizi düzəldə bilmirsiniz! İndi də utanıb qızarmadan Laçın və Kəlbəcərdə 17 maşın mina basdırmağınızla fəxr edirsiniz.

Cənab özündənrazı Qumaşıyan! Əgər bizlərə demokratiya dərsi keçənlərdə zərrəcə ədalət olsaydı, sizi Beynəlxalq Haqa məhkəməsinə verər, basdırdığınız minaların xəritəsini sizdən alıb bütün millətlərin gözləri qabağında başınıza çırpıb, ömürlük azadlıqdan məhrum edərdi.

8 iyun 2021-ci il