adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
23 Iyun 2021 18:38
57765
MƏDƏNİYYƏT
A- A+

Antalya şəhərində yerləşən qədim şəhər Perge - FOTOLAR

Türkiyənin turizm paytaxtı Antalyaya səfərimiz davam edir. Səfər çərçivəsində baş çəkdiyimiz növbəti məkan Pergi antik şəhəri oldu. Antalyada xarici turistlərin üz tutduğu tarixi məkanlar arasında ön sıralarda dayanır. Turizm paytaxtı hesab edilən Antalya həm də özünəməxsus arxitekturası, tarixi yerləri və abidələri ilə də məşhurdur. Xarici turistləri də bu diyara cəlb edən Antalyanın təbiəti, turistlərə göstərilən yüksək səviyyəli diqqətlə yanaşı, həm də buradakı antik şəhərlər, tarixi yerlərdir.


Perge böyük hamam və çoxsaylı fəvvarələr

Səfər çərçivəsində ilk baş çəkdiyimiz Perge antik şəhəri də belə yerlərdəndən biridir. Xatırladaq ki, Pergenin tarixinə dair müxtəlif məlumatlar var. Bunlardan birində qeyd edilir ki, Antalya şəhərinin 18 km şərqindəki Aksu rayonunda yerləşən Perge böyük hamam və çoxsaylı fəvvarələrinə görə "Su şəhəri" də adlanıb. Məlumata görə, qədim Pamfiliyadakı Perge Troya müharibəsindən qaçan qaçqınlar tərəfindən eramızdan əvvəl 1000-ci ildə qurulub. "Parha" adı ilə tanınan və Hitit dövründə də mövcudluğunu qoruyan şəhər, Roma dövründə Anadolunun ən mütəşəkkil şəhərlərindən biri olub. 

1946-cı ildə başlanan qazıntılar bu qədim şəhərlə bağlı çoxsaylı qiymətli tapıntıların üzə çıxmasına səbəb olub. böyük bir Roma amfiteatrı, Roma qapısı, həmçinin şəhər divarlarının xarabalıqları, akropol və Bizans bazilikası bu tapıntılara aiddir. Bundan başqa mərmər lövhələrlə üzlənmiş və qədim heykəllərlə bəzədilmiş məşhur Roma hamamları da Pergedə qorunub saxlanılıb. Bu barədə bir qədər sonra. 

 

Antik Perge şəhərinin əsas təməl quruluşu olan stadion

Perge şəhərinin planının əsasını biri Şərq-Qərb, digəri Şimal-Cənub istiqamətində uzanan iki əsas küçə təşkil edir. Antik Perge şəhərinin əsas təməl quruluşu olan stadion,

Türkiyənin ən yaxşı qorunan qədim stadionlarından biridir. Stadionu gəzişdikcə filmlərində gördüyümüz qladiator döyüşləri, at arabaları yarışları, döyüş səhnələri, səhnəyə çıxan vəhşi heyvanlar göz önündə canlanır. Stadionun kənarlarında döyüşçülərin və vəhşi heyvanların giriş qapıları hələ də qalır.

Bələdçimiz Meltem xanımın sözlərinə görə, eramızın II əsrində tikilən stadion təxminən 12 min tamaşaçı tutumuna malik olub. 


İsti su, soyuq su olan otaqlar


Yarışlardan öncə stadionda məşq edən idmançılar buradakı böyük hamamda çimiblər. Qədim romalılar bu hamada hər cür şərait yaradıblarmış. İsti su, soyuq su olan otaqlar.

O da qeyd olundu ki, memarlıq və mərmər heykəltəraşlığı ilə məşhur olan qədim şəhərdəki qazıntılarda aşkarlanan heykəllər, Antalya muzeyini ən əhəmiyyətli heykəltəraşlıq muzeylərindən birinə çevirib. Pergede heykəltaraşlıq məktəbi də fəaliyyət göstərib. 


Məşhur Perge bazarı 

Liman şəhəri kimi önə çıxan Pergedə qədimdə geniş bir bazar da olub. Özü də bu bazar sayəsində Perge sakinləri zəngin həyat sürüblər. Aksu çayı vasitəsilə dünyanın müxtəlif yerlərindən bu şəhərə üz tutan xarici tacirlər çoxsaylı mallar gətirirmişlər. 

Ümumiyyətlə, bazarda çoxsaylı dükanlar olub. Meydanın ortasında isə balıqçılara yer ayrılıb.  

 

Abidəli fəvvarələr və bir də Roma qapısı...

Antalyaya səfər edən xarici turistlərin üz tutduğu tarixi məkanlar arasında ön sıralarda dayanan Pergedə eramızdan əvvələ aid mağaralara və məskunlaşmalara rast gəlinməkdədir. Mağaralar içərisində ən tanınmış olan Quru mağarası, Karainin qonşusu olan Öküzün mağarası, Beldibi, Bəlbas qaya sığınacaqları və Badamağacı bölgədəki ən tanınmış tarix öncəsi yaşayış sahələridir.
Antik dövrdə şəhərin əzəmətini əks etdirən digər sosial və mədəni quruluşlara düzbucaqlı planlı bir agora, hündür qüllələr , abidəli fəvvarələr və bir də Roma qapısı daxildir. Roma qapısı da eramızın ikinci əsrində tikilib. Şəhər böyüdükçə onun sərhədləri də böyüyürmüş. Nəticədə də ərazisi genişlənmiş şəhərin yeni giriş nöqtəsində Roma qapısı tikilir. Meltem xanım deyir ki, bu qədim abidənin bir sirri var. Ortadakı iki daşı götürsən bütün qapı divarları dağılar. 

Roma qapısının üzərinə çəkilmiş akantus isə qədimdən yunanlar və romalılar tərəfindən bərəkət çiçəyi kimi dəyərləndirilirmiş. Bir də Pergedə əksər daşların üzərində akantusla yanaşı yumurta rəsminə rast gəlmək mümkündür. Meltem xanımın sözlərinə görə, qədim romalılar yumurtanı da bərəkət simvolu kimi qəbul edirlərmiş.


Antalyaya səfər edən xarici turistlərin Pergeni görməkdə maraqlı olması təsadüfi deyil. 

 

Sübhan Mahmudov
Türkiyə, Antalya