adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: Kəndxudanı gör, kəndi çap, yaxud...

FAİQ QİSMƏTOĞLU
45282 | 2021-06-25 13:51

Kəndxudanı gör, kəndi çap

Yaxud Operativ Qərargahın əndrabadi işləri

 

Adam lap məəttəl qalır. Bilmir, belə xəbərlərdən ya ağlasın, ya da gülsün. Amma bu xəbərlər bizi gülməkdən çox, ağladır. Və daha doğrusu, papağımızı qabağımıza qoyub düşünəndə görürük ki, deyəsən, bu Operativ Qərargah camaatla əməlli-başlı məzələnir ey! İndi mən bir-bir deyim, görün düz deyirəm, ya duz demirəm. Ölkəmizdə UEFA çempionatı ilə əlaqədar olaraq Bakıda keçirilən Olimpiya Stadionunda insanların futbola baxması üçün bir balaca şərait yaradıldı. Yəni, şənbə-bazar günləri avtobuslar da işlədi, metro da. Və buna görə elə sevincindən papağını göyə atanlar da oldu.

...Amma deyəsən tez sevindik. Çünki adi günlərdə ictimai nəqliyyat işləsə də, şənbə-bazar günləri fəaliyyətini dayandırır. Ay hörmətli Operativ Qərargah və orda əyləşən hörmətli məmurlar! Nə üçün altıncı, bazar günləri ictimai nəqliyyat və metro işləmir? Guya həftənin beş günü virusa yoluxmuruq, amma iki gün virusa yoluxa bilərik? Bax, belə əndrabadi qərarlar inanın camaatı lap boğaza yığıb. Elə bilirsiniz, sizin kimi hamının imkanı var. Vallah, tay camaatda pul qalmayıb ey! Şənbə-bazar günləri xəstəsinə baş çəkmək istəyən, qohumunun yasına gedib başsağlığı verən, eləcə də başqa dərdlərinə əlac qılmağa çalışan adamların cibində indi siçanlar oynayır. Çünki taksiyə verməyə tay pulları qalmayıb. Camaat da deyir ki, yəqin bu taksi şirkətlərinin Operativ Qərargahla yaxşı əlaqələri var. Nə bilim vallah, camaat elə deyir. Əgər bu əlaqə olmasaydı, o taksi şirkətləri qiymətləri qaldırmaz və camaatın cibini soymazdılar. «Od olmasa, tüstü çıxmaz»-  deyiblər. Görünür, indi də nəsə bir şey var ki, camaat arasında bu cür söhbətlər gəzir.

Operativ Qərargahın bir əndrabadi işi ondan ibarətdi ki, bilmirsən toya icazə verilib, ya yox?! Belə icazədənsə, heç verilməsə yaxşıdı. İnsanların gözünə kül üfürmək lazım deyil. Onsuz da pullu adamlar pandemiyanın ən pik nöqtəsində belə restoranlarda toy eləyiblər. Babalı deyənlərin boynuna. Hər hansı rayonun böyüklərini görüb razılığını alandan sonra bu cür toylar Bakıda istənilən qədər keçirilib. Hətta mətbuatda yazılmışdı ki, gün ərzində 200-ə qədər gizli toylar keçirilir. Burda da istər-istəməz xoruzun quyruğu görsənir. Yəni, polisin icazəsi olmasa, nəinki toy, hətta 5-6 nəfərlə bir yerdə yas məclisi də qura bilməz.

Şabranda bir dəfə kasıb bir kişinin oğlu əsgərdən gəldiyinə görə, həyətində 5-10 nəfərə süfrə açmışdı. Az qala o adamın dərisini boğazından çıxarmaq istədilər. Tay bilmirəm nə qədər cərimə elədilər. Amma görünən bu idi ki, bir kasıbın da qanını itin qanına döndərdilər. Axı bizdəki vəzifəli şəxslərin gücü  kasıb və kimsəsiz adamlara çatır. Hünəriniz var, gedin o «bərkgedən» şadlıq saraylarında keçirilən qeyri-qanuni toyların qarşısını alın. Gedə bilməzsiniz. Basıb gözünüzü çıxararlar!

Belə-belə əndrabadi işlər Operativ Qərargahı  camaatın gözündən salır. Heç elə bil ki, Operativ Qərargahın rəhbərliyi və üzvləri Azərbaycanda yaşamır. Məşədi İbadın sözü olmasın. «Tarixi-nadiri» oxumasam da, çox kitablardan xəbərimiz var. Amma Operativ Qərargahın çıxardığı qərarlardan  isə baş açmaq elə də asan deyil. Deyilir ki, 50 nəfər toy olan yerdə hamı maskadan istifadə eləməlidi. Niyə, qardaş? 50 nəfər bir ailənin, bir qohumun üzvləridi. Onlar hər gün olmasa da, tez-tez görüşürlər. Heç xəstələnmirlər də. Əgər belədirsə, gedin o basa-bas olan avtobusların salonuna baxın. Çoxu avtobusa minən kimi maskanı çıxarır ya cibinə qoyur, ya da çənəsinə salır. Görəndə ki, polis yoxlama aparır, o dəqiqə maskanı ağzına keçirir. Yaxud hər axşam restoranlara, kafelərə və digər əyləncə yerlərinə baxın, 200-300 nəfərin iştirak etdiyi o restoranlarda nə maska taxan var, nə də dezinfeksiyaedici məhlullardan istifadə edənlər.

Bax belə-belə qəribə işlər insanları lap boğaza yığıb. Elə bil kimlərsə, bu xalqa, bu millətə əziyyət vermək üçün hər gün yeni bir problem yaradır və bu problem də günbəgün daha da böyüyür. İndi gələk, 150 nəfərlə bağlı keçiriləcək toy məclislərinə! Burda da əndrabadi işlər özünü göstərir. Yəni bu 150 nəfər toyda iştirak edənlərin hamısında Covid pasportu olmalıdı. Bax bu hoqqadan baş açmaq mümkün deyil. Adam var ki, xəstəliyi ilə əlaqədar vaksin vurdurmayıb, yaxud da digər səbəblər mövcuddur. Bu insanlar neyləsin, indi sabah qohumunun toyuna getməsin? Məşədi İbadın sözü olmasın, durub hasardan boylansın.

Bax, mənim bacım qızının iyulun ortasında toyu olacaq. Nə mən, nə də xanımım, səhhətimizlə əlaqədar peyvənd olmuşuq. Belə çıxır ki, mən bacım qızının toyunda iştirak etməyəcəm. Burda insan hüquqlarının pozulması ilə yanaşı, milli dəyərlər də tapdanır. Məsələn, mən həmişə qohum-əqrəbanın toyunda bir ziyalı olaraq tamada tərəfindən söz deməyə dəvət edilmişəm və öz xeyir-duamı vermişəm. İndi bacım qızının toyunda xeyir-dua verə bilməyəcəm?! Bax, bunu başa düşmək, anlamaq olmur.

Bir adamın rayon yerində 2 hektar sahəsi var. Hər tərəf də yaşıllıqdı. Yəni, ağaclar, güllər, çiçəklər adama gəl-gəl deyir. Bu 2 hektar sahədə 150 adam açıq havada toyda iştirak edirsə, qardaş, qadan alım, orda Covid pasportuna nə ehtiyac var?! Bu Covid pasportu isə hansı qurumlarınsa pul qazanmasına hesablanmış bir yoldur. Deyilənlərə görə polis, Qida Təhlükəsizlik Agenti və Vergilər bu məsələlərə nəzarət edəcək. Bilirsiz də, bizdə də nəzarət ondan ibarətdir ki, kimlərdənsə bu qadağalarla bağlı bir şey qoparılsın. Yəni həmin nəzarətedici orqanlar qanunun aliliyindən daha çox öz maraqlarını üstün tutublar. Bəlkə belə deyil? Bura Azərbaycandır. Kimin nə işlə məşğul olduğunu hamı yaxşı bilir. Biz demirik ki, ucdantutma bu məsələlərdə qanun pozuntusu olacaq. Biz deyirik ki, süni yaradılacaq və şəxsi  maraqlara xidmət ediləcək anlar aradan qaldırılsın.

İndi deyirlər ki, şadlıq sarayları ilə toy sifarişçiləri arasında müqavilələr imzalanacaq. Hər iki tərəfin öhdəliyi var. Elə bil ki, ölkələr arasında bir siyasi saziş imzalanır. Bunu bu qədər də şişirtmək və insanların çiyninə həddindən çox yük qoymaq vallah, çox ağır bir məsələdir. Camaat kef eləmir ey, camaat toy eləmək istəyir, sevinmək istəyir, evinə gəlin gətirmək istəyir. Amma  bu ki, əndrabadi qərarlar var, toy eləyənlərin qanını qaraltmaqdan, cibini soymaqdan, işini pozmaqdan savayı başqa bir şeyə xidmət eləmir.

Toylara nə qədər çox nəzarətedici orqanlar nəzarət etsələr, bir o qədər də insanların qanı qaralacaq, toylar istədikləri kimi keçirilməyəcək. Qoyun camaat əməlli-başlı toy eləsin! Heç kəsin başının üstünü ərəbzəngi kim kəsdirib nöqsan axtarmayın və iki daşın arasında pul qazanmaq haqqında düşünməyin. Vallah, bu yazıq camaat, bu kasıb camaat təzə-təzə sevinir. Torpaqlarımız qayıtdı – sevindik! Toylara icazə verildi – sevindik! Tay belə yox da.

İndi də yüz bəhanə gətirib bu toyların üstündə bu qədər çoxlu nəzarət qoymayın. Toya nəzarət yox, toya kömək etmək lazımdı. Və hamımız deməliyik ki, kim toy edirsə, «Allah mübarək eləsin». Amma «Allah mübarək eləsin» əvəzinə başqa söz demək istəyənləri susdurmaq lazımdı və camaatın toy şənliyinə qəsdən burnunu soxmağa çalışan məmurların yerinə oturdulmasına böyük ehtiyac var.

 

TƏQVİM / ARXİV