adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Vəkil Abdullayev niyə “vəkilsiz qaldı”?..

26881 | 2021-06-07 20:58

Səadət Sultan
Yazıçı-publisist

Rusiyanın Novosibirsk şəhərində günahsız olduğu halda polisin başından güllə ilə atəş açıb yaraladığı 19 yaşlı azərbaycanlı Vəkil Abdullayev mayın 28-də xəstəxanada dünyasını dəyişdi. Qeyd edək ki, V.Abdullayev Gürcüstanın Dmanisi rayonunda azərbaycanlı ailəsində dünyaya göz açsa da Rusiya vətəndaşıdır.

Qətlin təfərrüatları sosial  şəbəkələrdə yayımlananda videodan da aydın görünür ki, V.Abdullayev dostunun köməyinə gəldiyi halda digər polis əməkdaşı onu maşının qabağında başını əyib tapança ilə atəş açır. Özü də nəyin üstündə? Sonradan verdiyi izahatda polislər gəncləri idarə etdiyi Toyota markalı maşının sürət həddini aşdıqları üçün saxladıqlarını deyiblər.

Qətli törədilən həmin ərazidə xidmət edən (əgər buna xidmət demək mümkünsə - red.) Lazarev familiyalı polis əməkdaşı həbs olunsa da, Rusiya İstintaq Komitəsi rəhbərinin tələbi ilə azadlığa buraxılıb. Bu barədə  qurumun rəsmi nümayəndəsi Svetlana Petrenko açıqlama verib.

“Bu gün Rusiya İstintaq Komitəsinin sədrinin tapşırığı ilə polis əməkdaşı barəsində seçilmiş həbs-qətimkan tədbiri ərazini tərk etməmək tədbiri ilə əvəzlənib və düzgün davranış kimi qiymətləndirilib”, - deyə Petrenko jurnalistlərə bildirib.

İnsanı qətlə yetirmək nə vaxtdan düzgün davranış olub? Ümumiyyətlə, Rusiyada azərbaycanlıların qətlə yetirilməsi ilə bağlı birinci hal deyil.

Bəs görəsən bu ədalətsizliyə niyə Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları heç bir reaksiya göstərmədilər? Gürcüstan vətəndaşı olanda nolar, oda bizim azərbaycanlımız deyilmi? Düşünürəm ki, Azərbaycanın Rusiyadakı səfriliyi də bu məsələni nəzarətə almalı idi. Lakin bizlər unutmamalıyıq ki, bu gün bu hadisəyə laqeydliklə yanaşırıqsa, sabah başqa qətllərə yol açmış oluruq.

Azərbaycanlının günün günorta çağı küçənin ortasında polis tərəfindən başından güllə ilə vurulub öldürülməsi və onun məsuliyyətə cəlb edilməməsi onu göstərir ki, istənilən soydaşımızı bu aqibət gözləyir. Bəs görəsən, rus vətəndaşını Azərbaycanın yol polisi səbəbsiz yerə başından güllələyib öldürsəydi Putin necə reaksiya verərdi? Rusiyanın səfirliyi bizim Rusiyadakı səfirliyimiz kimi agzına su alıb susardımı? Təbii ki, kəskin şəkildə pislənər, bütün dünyanı ayağa qaldırar, bəlkə də rus qoşunları Azərbaycana girərdi... Necə ki, Naxçıvanda Azərbaycan sərhədini pozan vertolyot vurulandan sonra Rusiyanın nə oyundan çıxdığını gördük... Amma biz öz azərbaycanlımızın qatilini həbsə atdıra bilmirik. Niyə də niyə?..

 

TƏQVİM / ARXİV