adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
05 Iyun 2021 20:01
51004
ƏDƏBİYYAT
A- A+

Şeyx Nizami Gəncəvi

Şeyx Nizami 1141 – ci ildə Gəncədə anadan olmuşdur. Firudun bəy Köçərli yazır: "...ol gövhəri – pakın təvəllüdü Gəncədə hicrətin 520 – ci sinəsində vaqi olmuşdur.” (Firudun bəy Köçərli, "Azərbaycan ədəbiyyatı”, I cild. Bakı – 1978,

598, s.129). Bu tarixi miladi təqviminə çevirdikdə biz bunun 1941 – ci ilə uyğun gəldiyini görürük. Azərbaycan SSR EA Nizami adına Ədəbiyyat İnstitutunun çap etdirdiyi "Azərbaycan ədəbiyyatı tarixi” əsərində də N.Gəncəvinin 1941 – ci ildə Gəncədə doğulduğu göstərilir. ("Azərbaycan ədəbiyyatı tarixi.” I cild s.106 Bakı, 1960). Bir çox ədəbiyyatşünas alimlər, o cümlədən Həmid Araslı, Mirzağa Quluzadə, Qafar Kəndli, Məmməd Cəfər, Əkbər Ağayev, Xəlil Yusifov, Azadə Rüstəmova, Rüstəm Əliyev, Qasım Cahani və onlarla tənqidçi alimlərimiz N.Gəncəvinin 1941 – ci ildə Gəncədə anadan olduğunu elmi dəlilərlə əsaslandırıb göstərə bilmişlər. Bu dahi Azərbaycan şairinə tarixin müxtəlif dönəmlərində müxtəlif adlar verilmişdir: Şeyx Həkim Mənəvi Nizaməddin əbu Məhəmməd ibn Yusif ibn Zəki Müəyyid İlyas Nizami Gəncəvi. "Şeyx Həkim Mənəvi” adını dahi şairə XIX əsrin böyük filosof şairi və tarixçi alimi Abbasqulu ağa Bakıxanov vermişdir. (A.Bakıxanov, "Gülüstani – İrəm”. Bakı, 2001 s.236). İndi isə dahi şairə verilən bu adların daşıdığı mənalara nəzər salaq. Şeyx – rəis, Həkim – filosof, Mənəvi – mənəviyyat elminə bələd olan, Nizaməddin – dinin nizamı, əbu Məhəmməd – Məhəmmədin atası, ibn Yusif – şairin atasının adı, ibn Zəki Müəyyid – babasının adı, İlyas – öz adı, Nizami – təxəllüsü, Gəncəvi isə şairin künyəsidir (ləqəbi). Nizami ərəbcə nəzm sözündən götürülmüş, mənası ölçülü şeir deməkdir.

Şairin anası kürd qızı Rəisə idi. Nizami bunu "Leyli və Məcnun” poemasında "Anam Rəisənin xatirəsi”nə həsr etdiyi şeirində yazır:

Kürd qızı anam da bizi tərk etdi,

Bir ana qəlbilə dünyadan getdi...

(N.Gəncəvi, "Leyli və Məcnun”, Bakı – 1983. 303, s.67 )

Professor Xəlil Yusifov yazır: "Nizaminin anasının adı Rəisə şəklində qeyd edilmişdir. Son vaxtlara qədər onun kürd olduğunu yazırlar. Lakin bizə görə Nizami onun kürd olduğunu yox, igid olduğunu yazmışdır...” (Ə.Səfərli, X.Yusifov, "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı”. Bakı - 1982, 377, s.79)

Şeyx Nizami xüsusi müəllimlərdən dərs almış, bir çox dilləri mükəmməl öyrənmişdi. Təəssüf ki, müəllif öz əsərlərində bu müəllimlərdən yalnız birinin adını – Xoylu İmadın adını çəkir. (N.Gəncəvi, "Leyli və Məcnun”. Bakı – 1983, 303,s.77)

1138 – 1139 – cu illərdə Gəncədə dəhşətli zəlzələ baş verir. Erməni tarixçisi Gireqos "Tarix” kitabında bu barədə geniş məlumat verir. O qeyd edir ki, bu zəlzələ nəticəsində "Kəpəz” uçdu, nəticədə Göygöl yarandı. "Zəlzələ zamanı Gəncənin o zamankı hakimi Atabəy Qara Sunqur şəhərdə deyildi. O öz ölkəsinin hərbi qüdrətini artırmaq məqsədilə döyüşlər aparırdı. Qara Sunqur Səlcuq şahına köməyə gedərkən Gəncədə güclü zəlzələ olduğunu eşidib geri qayıdır. Artıq şəhər yerlə - yeksan olmuşdu. O, 1140 – 1141 – ci illər arasında vəfat etmişdir.” (Ziya Bünyadov, "Azərbaycan Atabəylər dövləti”. Bakı – 1983, 268, s.133)

Gəncədə ikinci zəlzələ 1192 – ci ildə baş verir. Bu zəlzələ nəticəsində şəhər yenidən böyük dağıntılara məruz qalır. ("Azərbaycan tarixi” I cild. Bakı – 1994. 698, s.297). Bunu Şeyx Nizaminin şeirlərindən də aydın görmək olur:

Göyləri dağıdan bu zəlzələdən,

Nə qədər şəhərlər yox oldu bilsən.

Yerlər də göy kimi olmuşdu rəqsan,

Fələyin qurduğu bu oyunlardan.

Yer bir hirslə nərə çəkdi dərindən,

Daşlar parça – parça qopdu yerindən.

N.Gəncəvi o zamankı Dərbənd hakimi Bəybars ibn Müzəffərin ona göndərdiyi Afaq adlı kənizlə (təxminən, 1171 – 1172 – ci illərdə) ailə həyatı qurmuş, ondan Məhəmməd adlı oğlu dünyaya gəlmişdir. (Y.E.Bertels, "Böyük Azərbaycan şairi Nizami.” Bakı – 1941, s.24). Afaq ərəbcə üfiq deməkdir. Bu söz "səhər vaxtı dan yerinin qızartısı” mənasını verir. Y.E.Bertels Afaq sözünü etimaloji cəhətdən müəyyənləşdirərək belə bir nəticəyə gəlir ki, Afaq türkcə "ağappaq” sözündəndir. Afaq dünyadan vaxtsız köçmüşdür.

Şeyx Nizaminin oğlu Məhəmmədə 3 nəsihəti var:

Birinci, 7 yaşlı Məhəmmədə nəsihət:

Yeddi yaşlı balam, gözümün nuru!

Dilimin əzbəri, qəlbim süruru...

(N.Gəncəvi, "Xosrov və Şirin”. Bakı – 1983, 400, s.349.)

İkinci, 14 yaşlı Məhəmmədə nəsihət:

Sən ey on dörd yaşlım, hər elmə yetkin,

Gözündə əksi var iki aləmin!..

(N.Gəncəvi, "Leyli və Məcnun”. Bakı – 1983, 303, s.64.)

Üçüncü, 21 yaşlı Məhəmmədə nəsihət:

Ey oğul, sənədir sözüm, yaxşı bax,

Çünki mən yatmışam, sənsə oyaq qal...

(N.Gəncəvi, "Yeddi gözəl”. Bakı – 1983, 355, s.51.)

Şeyx Nizami "Leyli və Məcnun” poemasını dörd aya yazıb tamamladıqdan sonra (24 may 1188 – 24 sentyabr 1188) onu oğlu Məhəmmədin vasitəsilə Şirvanşah I Axistana göndərir. Axistan Məhəmmədi yaxşı qarşılayıb, ona sarayda iş verir. Amma biz 21 yaşlı Məhəmmədi yenidən Şeyx Nizaminin yanında görürük. ("Yeddi Gözəl”)

Şeyx Nizami "Leyli və Məcnun” poemasında 14 yaşlı Məhəmmədə nəsihət edib deyir ki, "şair olmasın, çünki şairlik Nizamilə qurtarır.” İstəsən "ya həkim ol, ya da fəqih.” (fəqih ərəbcə - din alimi, ruhani, şeyx deməkdir). "Fəqih olsan əgər itaətkar ol, hiylədən, riyadan daim kənar ol” – deyir:

İsa mərifətli həkim ol, amma,

İnsanı öldürən bir həkim olma.

Həm həkim, həm fəqih olsan sən əgər,

Hamının yanında adın yüksələr...

("Leyli və Məcnun”, s.65.)

Böyük alman şairi İ.V.Höte Hafiz Şirazinin qəzəllərindən təsirlənərək yazmış olduğu "Qərb – Şərq” divanında Şeyx Nizaminin İsa peyğəmbərə bu qədər dəyər verməsini yüksək qiymətləndirmişdir. O, "Qərb – Şərq” divanında Nizamidən də bəhrələndiyini göstərmiş, hətta dahi şairə "Oxu kitabı” adlı şeir də həsr etmişdir. (Bakı, Şirvannəşr – 2008, 400, s.321.)

Şeyx Nizami Afaqdan sonra ikinci dəfə evlənmişdir. Biz bunu "Leyli və Məcnun” poemasında görürük. Dahi şairin üçüncü dəfə evlənməsinin "Yeddi gözəl” poemasında bir daha şahidi oluruq. Eyni zamanda bu poemada 21 yaşlı Məhəmmədin də evlənmisini görürük.

Bir çox tanınmış ədəbiyyatşünas alimlər Şeyx Nizaminin Əxiliklə ("Qardaşlıq təşkilatı” ilə) yaxından bağlı olduğunu yazmışlar. Y.E.Bertels, H.Araslı, M.Əlizadə və başqaları şairin bu təşkilata fəal üzv olduğunu qeyd etmişlər. Ancaq Şeyx Nizaminin əxiliklə heç bir əlaqəsi olmamışdır. Ola bilsin ki, şair gənc yaşlarında əxiliklə bağlı olub. Lakin onun ömrünün müdrik çağlarında bu təşkilatla heç bir əlaqəsi olduğunu görmürük.

Akademik Z.Bünyadov Ş.Nizaminin ölüm tarixini 1241 – ci il kimi qeyd etdiyi halda (Z.Bünyadov "Azərbaycan Atabəylər dövləti”. Bakı - 1983. 268, s.225.), professor R.Əliyev isə şairin ölüm tarixini 1202 – ci il kimi göstərir. (N.Gəncəvi "Yeddi gözəl”. Bakı – 1983. 355, s.9). Ş.Nizami özü isə "İqbalnamə” poemasının sonunda yazır:

Bu dastanı yazıb qurtaran kimi

Köçmək xəyalına düşdü Nizami.

Altmış üç yaşından altı ay qədər

Keçmişkən, istədi eyləsin səfər...

(N.Gəncəvi "İqbalnamə”. Bakı – 1983. 670, s.607)

Şeyx Nizaminin vəfatı tarixini H.Araslı ("Şairin həyatı”. Bakı – 1967.), Y.E.Bertels ("Böyük Azərbaycan şairi”. Bakı – 1941.), M.Quluzadə ("Böyük ideallar şairi”. Bakı – 1973.), Ə.Ağayev ("Nizami və dünya ədəbiyyatı”. Bakı – 1964.), R.Azadə ("Nizami Gəncəvi”. Bakı – 1979.), Ə.Səfərli, X.Yusifov ("Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı”. Bakı – 1982.) və başqa alimlərimiz isə şairin 1209 – cu il kimi göstərmişlər. Şairin qəbir daşında da ölüm tarixi 1209 – cu il kimi qeyd olunmuşdur.

Şeyx Nizaminin ikinci əsəri "Xosrov və Şirin” (1177 – 1181) poemasıdır. Şair bu poemanı dörd ilə yazıb tamamlamışdır. Akademik Z.Bünyadov poemanın üç hökmdara ithaf olunduğunu qeyd edir: 1180 – 1181 – ci ildə bitirdiyi ikinci poemasını Ş.Nizami sonuncu İraq Səlcuq hökmdarı III Toğrul ibn Arslana (1177 – 1194) həsr edir. Lakin bu bir növ rəsmi ithaf idi. Əslində isə poema Atabəy əbu Cəfər Məhəmməd Cahan Pəhləvana (1175 – 1186) həsr olunmuşdu. Cahan Pəhləvan 1186 – cı ildə öldüyü üçün poemanın mədhi onun qardaşı Atabəy Qızıl Arslanın (1186 – 1191) adına yazılır.” (Z.Bünyadov "Azərbaycan Atabəylər dövləti.” Bakı – 1983. 268, s.226).

Həm Xosrov, həm də Şirin tarixi şəxsiyyətlərdir. "Xosrov Pərviz Sasani sülaləsinin 23 – cü padşahı, Şirin isə onun hərəmxanasında olan xristian qadınlardandır.” (Məhəmmədəli Tərbiyyat, "Danişməndani – Azərbaycan” ("Görkəmli elm və sənət adamları”). Bak – 1987, 460.s.257).

Tarixdə iki nəfərə Xosrov deyilmişdi: Pərviz Xosrova və onun babası Kəsra Ənuşiravan Şah Xosrova. Ancaq onun atası Hörmüzə Xosrov deyilməmişdi. Xosrov farsca padşah, hökmdar, Pərviz sözü isə parlaq, aydın deməkdir.

590 – cı ildə İran feodalları Hörmüzü taxtdan salıb oğlu Pərvizi şah seçirlər. Xosrov Pərviz (590 – 628) 38 il şahlıq etmişdir. Şeyx Nizami də onu öz poemasına qəhrəman seçmişdir. Xosrov Pərviz şah seçildikdən sonra Vizantiyaya (Yunanıstan) - Sergey monastrına iki məktub göndərmişdi. Bu haqda məlumatı VII əsrdə yaşamış Vizantiya tarixçisi Feofilakt Simokatta öz "Tarix” kitabında geniş vermişdie. Xosrov Pərviz birinci məktubunda yazır ki, mənim babam Ənuşiravan Şah Xosrov Sergey monastrını qarət edərkən oradan kilsəyə məxsus olan iki qızıl xaç gətirmişdir. İndi mən həmin qızıl xaçları geri qaytarıram. İkinci məktubda isə bundan fərqli olaraq yazır ki, arvadı Şirin analıq dövrünü Sergey monastrında keçirmək istəyir. 1 – ci məktub 591 – ci il, 2 – ci məktub isə 592 – ci ildə yazılmışdır. Hər iki məktub baş kahinə yazılıb. Tarixçi alim qeyd edir ki, Şirin xristian idi. O əslən Vizantiyalıdır, Xosrov Pərvizlə qanuni nigahda yaşamışdır. (Feofilakt Simokatta, "İstoriya”. Moskva – 1957, 224, s.78 – 80).

İkinci mənbə VII əsrin 30 – 40 – cı illərində yaşamış erməni tarixçisi Sebaosdur. O Şirinin sadəcə erməni qızı olduğunu yazır. (Sebaos, "İstoriya İmperatora II İrakla.” Moskva – 2006, 400, s.216)

Üçüncü mənbə Suriyada yaşamış müəllifi məlum olmayan tarixi mənbədir. Bu kitabda Şirinin Purat adlı qəsəbədə doğulduğu və onun Suriyalı olduğu göstərilir.Bu kitab "Anonim – xronika” adlanır.

Dördüncü mənbə Ə.Firdovsinin "Şahnamə” ("Seçilmiş dastanlar”. Bakı – 1934.) poemasıdır. Bu əsərin dördüncü dastanı olan "Xosrov və Şirin” poemasında Şirin Xuzistanlı – fars qızı kimi qeyd olunur. Onu da qeyd etmək lazımdır ki, Şirin bütün mənbələrdə Sirun kimi verilmiş, ancaq biz onu Şirin kimi işlədirik. Şair bu poemanı yazarkən Ə.Firdovsinin "Şahnamə” poemasından da bəhrələndiyini görürük.

Ə.Firdovsi öz poemasında Xosrov Pərvizin şahlıq dövrünü geniş işıqlandırmış, onun apardığı ədalətsiz feodal müharibələrinə daha çox üstünlük vermiş, Şirinlə yaşadığı eşq macəralarına geniş önəm verdiyi halda, ancaq Fərhad haqqında isə heç bir məlumat verməmişdir.

Nizami Ə.Firdovsidən fərqli olaraq öz poemasında Xosrovun apardığı feodal müharibələrini, keçirdiyi eyş – işrət məclislərini, önə çəkməklə yanaşı onun Şirinlə evləndikdən sonra tədricən dəyişdiyinin şahidi oluruq. Eyni zamanda şair öz poemasında məhəbbəti əsas götürərək onun insan həyatında oynadığı müsbət keyfiyyətləri psixoloji planda açıb göstər bilmişdir. Əsərin sonunda Şirinin təsirilə dəyişən Xosrov dünya, həyat, ölüm məsələlərilə yaxından maraqlanır, ölkəsini ədalətlə idarə edir. Keçirdiyi eyş – işrət məclislərindən artıq əsər - əlamət belə qalmır:

Bir müddət keçmədi açıldı gözü,

Bu kefçil həyatdan utandı özü.

( "Xosrov və Şirin”. s.307)

Hətta öz yatağında xəyanətin qurbanı olan Xosrov yuxudan oyanıb yanan ciyərinin atəşini söndürmək üçün Şirindən "bircə qurtum su” istəməyib belə dünyadan köçür:

Öz – özünə dedi: "Çağırım, Şirin

Mənə bircə qurtum sərin su versin.”

Lakin könlü dedi: "Rəva deyil bu,

Gecələr doyunca yatmayıb yuxu.

Başıma gələni görsəydi əgər,

Bir daha yatmayıb göz yaşı tökər...”

Şirini yuxudan oyatmadı o,

Belə ölüb getdi vəfalı Xosrov.

("Xosrov və Şirin”. s.339-339)

İlk dəfə olaraq Şeyx Nizaminin bir "Xəmsə”sinə iki "Xəmsə” ilə cavab verən hind ordu ədəbiyyatşünası Əmir Xosrov Dəhləvi (1253 – 1325) olmuşdur. Həmin poemalar bunlardır: "Mətləül – Ənvar”, "Şirin və Xosrov”, "Məcnun və Leyli”, "Ayineyi – İskəndər”, "Həşt Behşt”. Ə.X.Dəhləvinin ikinci "Xəmsə”sindəki əsərlər isə fəlsəfi – didaktik poemalardır.

Ə.X.Dəhləvi "Şirin və Xosrov” (1298) poemasında Şeyx Nizamiyə belə qiymət verir:

Nizami hər sözü demiş birinci,

Qoymamış cilalsız qalsın bir inci.

Gəncədə yaranıb elə xəzinə,

Keçib qənimət tək ələ xəzinə.

Parlaq inciləri seçib incidən,

İndi öz xəzinəmi bəzəyirəm mən.

(Ə.X.Dəhləvi "Şirin və Xosrov. Bakı – 2006, 229 s.56)

Maraqlıdır ki, Ə.X.Dəhləvi "Şirin və Xosrov” poemasının başqa bir hissəsində şairi tərif edərkən özünü "qarğaya”, Nizamini isə "kəkliyə” bənzədir:

Dirilik suyudur Nizami sözü,

Sözdə həyat tapdı, Nizami özü.

Ölməz "Xəmsə”sini bəzədi özü,

Yeddi səyyarəyə verirdi şövqü.

Könlüm usanmadı bu sorağından,

Gül dərmək istədim sənət bağından.

Güldü gül, çiçəklər basdı səksəkə,

Mümkünmü qarğa da, kəklik tək səkə?

( "Şirin və Xosrov”.s.68)

Şeyx Nizaminin "Xəmsə”sinə nəzirə yazan şairlərdən biri də dahi özbək şairi Əlişir Nəvaidir. O, Şeyx Nizaminin "Xosrov və Şirin” poemasına cavab olaraq "Fərhad və Şirin” poemasını yazmışdır. Şeyx Nizami öz əsərində Fərhadı əməkçi xalqın nümayəndəsi kimi təsvir etdiyi halda, Ə.Nəvai isə Fərhadı şah oğlu kimi qələmə almışdır.

Nəvaiyə görə "Yeddi gözəl” poemasında onun sələfləri (Ş.Nizami və Ə.X.Dəhləvi) şahzadə qızlara nağıl danışdırmaqda haqsızdırlar. Şair Bəhram şahın sərxoş vəziyyətdə qarşısında zərif, gözəl qızların nağıl danışması ilə razılaşa bilmir. Məhz buna görə də, şair öz poemasında nağılı şahzadə qızların dilindən deyil, səyyahların dililə verməklə məsələyə öz real münasibətini bildirmişdir. "Əlbəttə, Ə.Nəvainin Ş.Nizami və Ə.X.Dəhləvinin qəhrəmanlarını "cahil” adlandırması və "cahil”lərə qiymətli bir xəzinə həsr etməsinə heyfslənməsi” bizdə dərin təəssüf hissi oyadır. ("SSRİ xalqlarının ədəbiyyatı.” Bakı – 1977, 360, s.99). Yenidən Nizami yaradıcılığına qayıdan Ə.Nəvai onun böyüklüyü qarşısında öz heyrətini gizləyə bilməmiş, şairə yüksək qiymət vermişdir: "Nizami yaradıcılığının böyüklüyünü ölçmək üçün göylər qədər böyük tərəzi, yer kürəsi qədər iri daş lazımdır”. (Ə.Nəvai "Fərhad və Şirin”. Bakı – 1948, 344 s.16)

Məhəmmədəli Tərbiyyat yazır: "Nizamidən sonra yüzlərlə İran və Hindistan şairləri bu dastanı nəzmə çəkmişlərsə, fəsahətdə, səlisliktə, rəvanlıqda və gözəllikdə onların heç birisi Şeyx Nizaminin əsərlərinə çata bilməmişdir.” (Məhəmmədli Tərbiyyat, "Danişməndani – Azərbaycan”. Bakı – 1987, 460.s.258).

Şeyx Nizaminin "Xosrov və Şirin” poemasında ən maraqlı fəsillərdən biri "Peyğəmbərin Xosrova məktub yazması” fəslidir. Şair Xosrovu Tanrı deyənə əməl etməyə çağırır. "Allahlığa yalnız bir Allah yarar”, – deyir. O çox da özünə güvənməsin. Yadda saxla ki, "Allahın böyüklüyü qarşısında bütün yaranmışlar bir heçdir”. Sən gərək "atəşpərəstlikdən dönüb müsəlman olasan”:

Atəşpərəst olma, orda tüstü var,

Oda arxalanan Nəmrud sayılar.

Bu yaxşı deyil ki, odda qalmısan,

Oddan qurtarmaqçün sən ol müsəlman.

("Xosrov və Şirin”, s.354)

Məhəmməd Peyğəmbər bu məktubu qasidlə Xosrov Pərvizə göndərir. Şah məktubu oxuyub çox qəzəblənir və onu "cırıb atır”. Bundan sonra "Mustafa dininin möcüzəsindən Xosrov Pərvizin taxtü – tacı məhv olub” dağılır. Şair yazır:

Böyük Məhəmmədin möcüzəsindən,

Belə ibrətləri çox oldu görən.

("Xosrov və Şirin”, s.356)

"Şeyx Nizami Gəncədən kənara çıxmamış, yalnız bir dəfə 1185 və ya 1187 – ci ildə öz iradəsindən asılı olmayaraq şəhəri tərk etmişdir. Qızıl Arslan onu Gəncənin 30 vertsliyində öz çadır düşərgəsində qəbul etmiş, "Xosrov və Şirin” poemasına görə şairə Həmdünyan kəndini və fəxri geyim bağışlamışdır.”

(Dövlətşah Səmərqəndi, "Təzkirətüş – şüəra” ("Alimlərin başçısı”). Səmərqənd – 1487. s.128 – 129). Ş.Nizami "Şahı mədh və kitabın sonu” fəslində də özü bunu etiraf edir:

Qəfildən bir qasid məktub gətirdi,

Mənə salam verdi, salam yetirdi.

Dedi: "Tez bir aylıq yola hazır ol,

Otuz ağaclıqda şah qurub çadır.

Səni bir neçə gün görmək istəyir.”

("Xosrov və Şirin”, s.365)

Şair Qızıl Arslanın görüşünə getmiş və bir neçə günlüyə onun qonağı olmuşdur. Dahi sənətkar poemanın sonunda Qızıl Arslanı belə vəsv edir:

Ölkələr fəth etmiş şahım hər zaman,

Yeni ölkələrə olsun hökmüran.

Dünyalar durduqca o şahlıq sürsün,

Dünyada doğulsun arzusu bütün.

("Xosrov və Şirin”, s.375)

 

Şair yaxşı bilirdi ki, o dünyadan köçəndən sonra da onun əsərləri "yüz illər keçsə” belə oxucular tərəfindən həmişə maraqla oxunacaqdı:

Şeiri oxunanda bu Nizaminin,

Özü də hər sözdə görünər yəqin.

Gizlədib özünü verməzmi nişan,

Sənə hər beytində bir sirr danışan?

Yüz il sonra sorsan bəs o hardadır?

Hər beyti səslənər: "Burda, burdadır!”

("Xosrov və Şirin”, s.362)

Doğrudan da, Şeyx Nizami sözdən elə bir əzəmətli qala qurdu ki, bu sənət abidəsi min illər keçsə belə o öz möhtəşəmliyini daim qoruyub saxlayacaqdır.

 

Müəllif: Vəliyulla Novruz