adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Iyun 2021 16:47
64532
ƏDƏBİYYAT
A- A+

Vətən mənim sevgilimdir

Səadət Sultan

 

Hekayə

        

Hünər evə gec çatdı. Lakin evin işıqları yanırdı, otaqda hənirti duyulurdu. O, kəndin içi ilə üzüyuxarı hərbi geyimdə yol qət etdiyi üçün tərləmişdi, susuzluqdan ciyəri yanırdı. Yadına təlim günləri düşdü. Çox uzun məsafəyə ağır yüklə qaçdığı üçün paltarları tamam islanmışdı. Bölük komandiri kəşfiyyatda olarkən axar bulaq görmüşdü. Bununla da tabeliyindəki əsgərlərin susuzluq problemini həll etdi. Hələ o zaman Hünər suyun insana nə qədər vacib olduğunu hiss etdi. Lakin indi o, artıq öz doğma evində idi. Bulaq suyu da, yemək-içmək də olacaqdı. Hələ qonum-qonşu eşidəcək, gözaydınlığı verən qadınlar onun üzünü öpəcək, əsgər Hünərə dinclik verməyəcəkdilər.

Hünər eyvanda çəkmələrini ehmalca çıxardı, çantasını çiynindən aşırıb yerə goydu. Nədənsə qapıya yaxınlaşıb gələn səsə qulaq asmaq istədi. Asta addımlarının səsini heç kəs eşitmədi.

- Yox, mən sənin fikrinlə razı deyiləm, - deyə atası Rəhim kişi sözünə davam etdi: - Ay İradə, bir hövsələni bas. Axı, qaça-qaçdı bəyəm? İnşallah, bu gün sabah Hünər əsgərlikdən qayıdar, sən hər şeyi onun özündən soruşarsan...

İradə xanım dedi:

- Ay Rəhim, qulağıma çatıb ki, o, bir sinifdə oxuduğu Laləni sevir. Utandığından bizə də deməyib. Kaş Hünər burada olaydı.

Rəhim sakitcə:

- Əlbəttə, zamana o zamana deyil. Bizim dövr keçib, e. Gənclər sərbəst olmağı xoşlayır.  Qoy Hünər fikrini desin, istədiyinin adını çəksin...

- Bizə də qalır xeyir-dua vermək, onlara xoşbəxtlik arzulamaq. Axı, ata-ananın xeyir-duası dərmandır, məlhəmdir, Rəhim.

Hünər hövsələsini basa bilmədi. Qapını aralayıb özünü içəri atdı. Onun rastına birinci anası çıxdı. O, Hünəri görcək sanki müqəddəs bir varlıq kimi onu təsəvvür etdi. Az qaldı qəşş eləsin. Özünü toparlayıb oğlunu bağrına basdı.

- Bıy, ay oğul, gəldiyin yollara qurban, niyə gec gəldin, barı bir zəng vuraydın...

- Ana, telefonumu itirmişdim. Elə belə də yaxşıdır. Mən bəyəm qonağam?

- Yox, ay oğul, elə demə. Axı, nigaran idik. Atanın təzyiqi də ki, həmişə  yerində oynayır.

- Ay İradə, uşağı buraxsana, qırsaqqız kimi yapışmısan yaxasından, qoy mən də onu bir yaxından görüm də...

- Hə, Rəhim, düz deyirsən, bir hovur dinclik tapsın.

Atası oğlunu sinəsinə sıxıb üzündən öpdü. Gözləri yaşla dolduğu üçün day danışmadı...

Hünər əl-üzünə su vurdu, çay içdi, yemək yedi. Odun peçinin yanında şirin yuxuya getdiyini görən anası İradə onun üstünü örtdü: “Can ay bala, niyə belə gərginsən, tez yuxuladın”.

Hünərin gəlişi məhəllədə canlanmaya səbəb olmuşdu. Hamı cəbhə bölgəsində xidmət edən Hünəri görmək, onunla söhbət etmək, salamatlıq arzulamaq istəyirdi. Məzuniyyət vaxtına bir gün qalmışdı. Doğma yerlər onu qoynuna almışdı. O hər bir qayaya, daşa, gülə, çiçəyə, ağaca, yola, yamaca tamaşa etmək istəyirdi. Sanki birinci dəfəydi görürdü. İndi isə o hər yanı yeni baxışla süzürdü. Kim bilir, bəlkə...

Ayrılıq məqamı yaxınlaşırdı. Anası İradə oğlunu yan otağa çəkdi:

- Gedirsən, bala, ancaq ürəyim səninlədir. Özünü qoru, Allah köməyin olsun, görüm səni qada-baladan uzaq olasan... Ay oğul, istəyirəm səndən bir şey soruşum, ancaq məndən heç nə gizlətmə, yaxşımı?

- Bu nə sözdür, ay ana, məgər mən sizdən gizli bir iş tutaram?

-Bilirəm, oğul, sən niyə elə düşünürsən? Deyirəm bəlkə ürəyində bir istəklin var...

 - Yox, ay ana, yoxdur.

- Qulağıma çatıb, var axı.

- Olsaydı sən bilməzdinmi?

- Nə deyirəm ki?..

Hünər gördü ki, anası çox nigarandır. Axı, o, heç vaxt belə soruşmazdı. “Anamı nigaran saxlamağa ixtiyarım yoxdur” – düşündü.

Birdən Hünər anasına tərəf döndü:

- Ana, ay ana.

 - Can, ay oğul.

- Məni bağışla, ürəyimdə tutduğumun adını bilmək istəyirsən?

- Əlbəttə, oğul, istəyirəm, desənə, sənə qurban.

- Mənim də sevgilim var: adı Vətəndir, ana, Vətən. Nə qədər ki, bir parçasını yağı tutub, onu azad etmədən sevə bilərikmi, ana?

İradə oğlunun haqlı olduğunu gördü.

- Get oğul, Allah amanında ol, sevgilini qoru, Vətəni azad et, muradına yet.

44 günlük müharibədə Hünər və silahdaşları əsl şücaət göstərdilər. Füzulidən Şuşayadək gərgin döyüş yolu keçdilər. Düşməni yuvasına qədər qovdular. Vətənə qurban gedənlər çox oldu.

Allah Hünəri qorudu. O, güllə, mərmi yağışından salamat çıxdı. Sinəsindəki qəlpə parçasını indi düşmənə nifrəti tək gəzdirir.

Hünər qayıtdı. Bu dəfə düşmən üzərində qələbə üçün təltif olunduğu  orden, medallarla.

Bu dəfə anasına arzusunu, istəyini bildirəcəkdi...

Axı, o anasına söz vermişdi...