adalet.az header logo
  • Bakı 20°C

Faiq QİSMƏTOĞLU: Yaddan çıxmayan adamlar

FAİQ QİSMƏTOĞLU
38519 | 2021-06-02 14:03

... Elə bilirsiz yadda qalmaq, unudulmamaq, kimlərinsə yaddaşında əbədi iz qoymaq asandı? Bunun üçün ən azından Adam olmalısan, Adam... Bunun üçün insanların qəlbində bir nur olmalısan... Bunun üçün dilin bal kimi şirin, ürəyin dünya boyda olmalıdı. Bax onda harda olmağından, yaşamağından, işləməyindən asılı olmayaraq o əhatədə yadda qalacaqsan, seviləcəksən və sənə hamı hörmətlə yanaşacaq...

Adam var ki, uzun müddət bir eldə, obada yaşayır, bir yerdə işləyir, çoxlu sayda insanlarla oturub-durur, amma illər keçəndən sonra yadda qalmır. Və yadda qalmamağın da səbəbi mənim dediyim və göstərdiyim bu cəhətlərdir. Elə bil yadımdan çıxdı. Pis adam kimi də yadda qalmaq olur. Yəni, yaşadığın, işlədiyin yerdə ancaq ev yıxmaqla, mərdimazarlıqla, kiminsə balasının çörəyini əlindən almaqla məşğul olursansa, sən də yadda qalırsan. Ancaq Adam kimi yox, mərdimazar kimi, şeytan kimi, iblis kimi!...

Nəyə görə bu yazını qələmə aldım. Çünki 1993-cü ildə bizim qəzetdə işləmiş bir xanım bugünlərdə redaksiyamıza gəlib məni axtarırdı. İçəri girdi və «Faiq müəllim burdadırmı?» deyib soruşdu. Tez də qapını bağlayıb dəhlizə çəkildi. Sözün düzü qapını açıb içəri girən o xanımı ilk baxışdan mən də tanımadım. Amma tez də özüm dəhlizə çıxıb, onunla görüşdüm. Gördüm ki, çox həyəcan keçirir və sıxılır. Sonra dedim ki, xanım, içəri niyə girmədiniz? O da əlavə elədi ki, içəri girmək istədim, amma qorxdum ki, məni tanımayasınız, əməkdaşlarınızın yanında pərt olam. Təbii ki, mən ilk baxışdan onu tanıdım. Amma çox çətinliklə tanıdım. Çünki 1993-cü ildə bu xanım bizim redaksiyamızda işləyib və xeyli də yazı-pozuları olub.

Xanım diqqətlə mənə baxdı və bir daha özünü təqdim elədi: «Mənsurə Qaçayqızı». Bəli, hər şey mənim yadıma düşdü və bir-bir o illəri, ayları, günləri xatırladım. Yenidən onu otağımıza dəvət elədim. Amma gördüm ki, yenə sıxılır. Dostumuz Rüstəm müəllimin otağı açıq olduğu üçün elə ora keçib söhbətimizi davam etdirdik. Adını çəkdiyim bu xanım qarabağlıdır, Bərdə rayonundandır. Çox istedadlı, zəhmətkeş və heç kəsə əyilməyən bir qələm sahibidir. O danışdıqca yenidən 1993-cü ilə qayıdırıq. Bir-bir o otaqda əyləşdiyi dostlarımızın adını çəkir; rəhmətlik Ərşad Mirzəni, Lətif Süleymanlı, Nəriman Səttaroğlunu xatırlayır. Sonra da o şöbədə qeydiyyatçı işləmiş Çimnaz xanımı yada salır. Ümumiyyətlə, 1993-cü ildə qəzetimizdə kimlər işləyibsə, hamısının adını və soyadını təkrarlayır. Deyir ki, müəllim, o vaxtlar redaksiyanın dəhlizində bir qaynarlıq vardı. Burda Aqil müəllimin qəbuluna o qədər adam kömək üçün gəlirdi ki, saymaqla bitmək bilmirdi.

Dedim ki, qızım, elə bu gün də Aqil Abbasın yanına çoxlu sayda çətinlikdə olan insanlar təşrif buyururlar. Bu sözü yenicə demişdim ki, bir də gördüm ki, bizim redaksiyaya sarı ona yaxın adam gəlir. Hamısı da rayon adamına bənzəyirdi. Gəlib Aqil Abbası soruşdular və dəhlizdə durub onu gözlədilər. Bir azdan Aqil müəllim də gəldi. Heç Aqil Abbasın redaksiyada otağı da yoxdur; ya İradə xanımın, ya da Rüstəm müəllimin otağında şikayətçiləri qəbul edir. Bu dəfə də İradə xanımın otağında qəbula gələn o insanların hər birini diqqətlə dinlədi və öz məsləhətlərini verdi. Həmişəki kimi çox səmimi surətdə dedi ki, gücüm nəyə çatır, onu da edəcəyəm. Aqil Abbas həmişə belə olub. Heç vaxt onun yanına gələnləri ümidsiz geri qaytarmayıb.

Bu səhnəni Mənsurə Qaçayqızı da gördü və dedi ki, halal olsun Aqil müəllimə. Elə əvvəllər necə idi, indi də o cürdür, dəyişməyib. Mənsurə Qaçayqızı həm də maraqlı bir uşaq jurnalının redaktorudur. Bu jurnalın adı «Çoxbilmişlər»dir. Əlbəttə, uşaqlarla öz dilində, öz düşüncəsində və öz aurasında danışanda, onlar hər şeyi olduğu kimi anlayır. Onlarla böyüklər kimi yox, uşaqların dili ilə söhbət eləmək lazımdır. O söhbəti edərsən, uşaqlar da sənə ürəyini açar, qəlbini açar və olduğu kimi hər şeyi dərk edər. Mənsurə xanım deyir ki, mən həmişə çalışmışam ki, səmimi olum. İstər böyüklərə qarşı, istərsə də uşaqlara qarşı. Çünki səmimi olanda hamı sənə ürəyini açır və olduğu kimi qəbul edir və səni dinləyir. Mən ona da çalışmışam ki, harda işləməyimdən və fəaliyyət göstərməyimdən asılı olmayaraq insanların qəlbində xoş izlər qoyum. Heç kəsin ürəyinə, xətrinə dəyməyim. Allaha and olsun, bir adamın qəlbinə toxunanda səhərə qədər yata bilmirəm. Elə düşünürəm ki, səhər tez açılaydı, gedib o adamın qəlbini ələ alaydım.

Biz də bax 1993-cü ildə, bizim qəzetdə işləmiş, çoxlarının yadında, xatirəsində səmimi bir insan kimi qalmış Mənsurə Qaçayqızını heç vaxt yaddan çıxarmırıq. Ən azından ona görə ki, o sözün həqiqi mənasında çox böyük ürək sahibi, çox böyük ziyalı və çox böyük insandır. Vəzifə sahibi olmaq olar, çoxlu var-dövlət də qazana bilərsən, amma bunların heç biri ilə insanların ürəyində, yaddaşında və qəlbində iz qoya bilməzsən. Amma bir qarabağlı qızı, bərdəli xanım Mənsurə Qaçayqızı bizim  yaddaşımızda, ürəyimizdə, 1993-cü ildə belə qalıb: səmimi, sadə və hamı ilə dil tapan bir xanım! Ən başlıcası isə Böyük İnsan, Böyük Adam və Böyük Azərbaycanlı Xanımı. Əlbəttə, yadda qalmaq, ürəklərdə iz qoymaq ancaq yaxşı insanlara məxsusdur. Və yadıma böyük Musa Yaqubun bu misraları düşür:

 

Hardasız, hardasız, mələk adamlar,

Hardasız, hardasız, çiçək adamlar.

Bu şeytan adamlar, böhtan adamlar,

Bu tikan adamlar öldürər bizi.

 

Nə yaxşı ki, dünyamızda Mənsurə Qaçayqızı kimi mələk adamlar, çiçək adamlar var. Və nə yaxşı ki, bu adamlar az deyil. Az olsaydı, şeytan və iblis adamlar, tikan adamlar çoxdan dünyamızı dağıtmışdılar və nə yaxşı ki, bu yaxşı adamlar yaşayır, onların ürəyinin işığı, qəlbinin nuru ətrafa nur saçır...

TƏQVİM / ARXİV