adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
31 May 2021 11:37
67352
ƏDƏBİYYAT
A- A+

Səfər Alışarlı yaradıcılığında insan və cəmiyyət dilemması

Nasir, jurnalist, tərcüməçi Səfər Alışarlının yaradıcılığına həsr etdiyimiz “Səfər Alışarlının özünü axtaran qəhrəmanları” (525-ci qəzet, 30 dekabr 2020-ci il) məqaləmizdə yazıçının “Maestro” romanı, “Gavur”, “Qız və maneken” povestləri haqqında söhbət açmışdıq. Bu məqalədə isə Səfər Alışarlının yaradıcılığı haqqında araşdırmamızı davam etdirərək yazıçının hekayələri, esseləri və “Göz-gözə” povesti ilə bağlı fikirlərimizi bölüşəcəyik.

Hekayə janrı Səfər Alışarlı yaradıcılığının əsas sütunudur desək yanılmarıq. Səfər Alışarlının “Kasıb”, “Dağlar bizə baxır”, “Zəng”, “İnşallah yaxşı olar”, “Xal”, “Qasım”, “Avqust”, “Format”, “Yoldaş”, “Sən heç nə bilmirdin”, “Hamam”, “Qar üstündə”, “Sentyabr sinsitməsi”, “Sirli və təəssüratlı”, “Şaumyan divarı”, “Quraq fəsillər”, “Saat”, “Qırmızı qovluq”, “Yay vidalaşmaları”, “Ciddilik dərsləri”, “Cin yuvası”, “Cığırda”, “Otluqda qovun tağı”, “Zavod həyəti”, “Limb və Alidada”, “İşıq”, “İkinci respublikanın generalı”, “Döyüşçülər və pinəçilər”, “Qəzet və tank”, “Şirin işlər”, “Qərargah rəisi”, “Üç xanım” hekayələrinə nəzər saldıqda yazıçının müxtəlif illərdə qələm aldığı bu əsərlərdə onun nasir kimi öz üslubunu yaratdığınının şahidi oluruq.

Səfər Alışarlının ilk hekayələrindən olan “Qasım” hekayəsinin qəhrəmanları on iki ildir övlad üzünə həsrət qalan Qasım və Şəkərdir. Qasım öz içindəki ağrını, nakamlığı, natamamlığı içki ilə söndürür, hamının gözündə daim kefli olan, dünyanı vecinə almayan bir insan kimi görünür. Həyat yoldaşı Şəkər ona dəfələrlə boşanmasını, başqa qadınla evlənib övlad sahibi olmasını desə də Qasım bunu etmir. Şəkər də eyni acıyla qovrulsa da, ana ola bilməməyin həm dərdini, həm də xəcalətini yaşasa da Qasımı sona qədər anlaya bilmir. O, nəhayət evdən birdəfəlik yığışıb getməklə Qasıma xoşbəxtliyin açarını verdiyini, fədakarlıq etdiyini düşünür. “Hamı öz yerində idi, bircə Şəkərdən savayı. Ovurdlarını şişirdə-şişirdə Qasım çalırdı, özü də ağlayırdı. Yaş onun gözlərindən axıb gah şişən, gah da batan ovurdlarından aşağı sızır, nazik, uzunsov çənəsində birləşərək sinəsinə damcılayırdı. O axşam Qasımın həyətində nağara səslənmədi, uşaqlar da oynaqlamadılar. Eləcə, qara zurnanın naləsi sərin havada yayıldı kəndin üstünə. Eşidənlər də dedilər ki, Qasım yenə dəmdir, yenə vurub Qasım”. Lakin Şəkər anlamır ki, Qasım üçün ailə, sevgi övladın olub-olmaması ilə ölçülmür. Qasımın Şəkəri necə bir məhəbbətlə sevdiyini kimsə anlamır. Qasımın sevgisi sadə, təbii və sakitdir, heç bir pafosa, qeyri-adi təsdiqə ehtiyacı olmayan əsl kişi məhəbbətidir. Əslində Şəkərin özü də belə bir dərin sevgiylə seviləcəyinə inanmır. Qasımı ağladan övlad yanğısı deyil, sevdiyinin onun təmənnasız, heç bir maddi dayağa ehtiyacı olmayan sevgisini anlamamasıdır.

“Sentyabr sinsitməsi” hekayəsində kənddən şəhərə gəlib texnikumda təhsil alan gəncin böyük şəhər təəssüratları öz əksini tapıb. Yataqxanada qalmaq üçün yer axtaran yeniyetmə əslində onun üçün yeni olan bir həyatda yer tapmağa çalışır. Bu şəhər ona arzularının gerçəkləşəcəyi bir məkan kimi görünür. Hekayədə bütün obrazların adı var, lakin müəllif əsas qəhrəmanı adsız yaradaraq onun timsalında həyatda özünü və öz yerini axtaran gəncləri simvollaşdırmışdır. Nəhayət gəncə əlçatmaz görünən texnikum və yataqxana məsələsi həllini tapandan sonra qəflətən o, uğrunda zəhmət çəkdiyi hər şeydən əl çəkir: “Onda çox dumanlı şəkildə mənə elə gəldi ki, mən şəhəri görəndən, ondan bir qədər doyandan sonra qayıdıb getməliydim. Orada məni göyüzünün özü boyda genişliklər, quru şəhər get-gəlindən, qondarma rəsmiyyətlərdən, “Yer yoxdur” lövhəciklərinin yalançı qadağalarından fərqli olaraq lazımlı və faydalı heç nəyini gizlətməyən adamlar, dağlar, düzənlər, atlar gözləyir”. Hekayədə izlənən əsas ideya məhz budur: insan mühitin diqtə etdiklərini deyil, öz qəlbinin, ruhunun ona söylədiklərini əsas götürərək həyatını qurmalıdır.

“Ciddilik dərsləri” hekayəsinin qəhrəmanı mühəndis Həsənov səbrli, hövsələli olması ilə qocalması arasında bir qanunauyğunluq görərək gəncliyi üçün darıxır. Kənardan “qılaflı adam” kimi görünən baş qəhrəman daxilində səmimi, mehriban bir insan, isti bir ürək gəzdirir. O, insanların duyğularında səmimi olmasını, mənasız və xoşbəxtlik gətirməyən obrazlara bürünməməsini istəyir. Növbəti istehsalat müşavirəsindən - “ciddilik dərslərindən” sonra Xumar xanımla küçədə gəzərkən “yüngül yay kostyumlu, mavi qalstuklu” mühəndis Həsənov gənc anaya yemək yeməyən uşağı şirniklənirmək üçün ona südlü aş yedirtməsinə imkan verir və bu səhnə Xumar xanımın “ciddilik dünyası”na ciddi zərbə vurur: “Xumar xanım tünd eynəyinin arxasından irəli baxa-baxa xəfifcə gülümsünürdü, hərdən ağzını yüngülcə əyib üzünü yana çevirməklə sanki mənşəyi və səbəbi özünə də tam məlum olmayan təbəssümünü Həsənovdan gizlətməyə çalışırdı. İndi elə bil onun təkcə fikirlərinin deyil, uca dabanlarının tıqqıltısı üzərində xəfif dalğa kimi ləpələnən yerişinin də ahəngi pozulmuşdu. Elə bil başqaları ilə münasibətlərə küçənin ortasında özgə əlindən aş yemək qədər gözlənilməz bir müdaxilənin intinktiv sadəliyi onilliklər boyu onun həyatında formaşalmış bütün ölçü və standartları vurub dağıtmışdı və indi nə qədər çalışırdısa, onları bir yerə toplayıb əvvəlki nizamında bərpa edə bilmirdi.” Səfər Alışarlı bu qeyri-adi, qəfil səhnə ilə oxucunu həm təəcübləndirir, həm də öz ciddilik pərdəsi altında gizlətdiyi sadə insan səmimiyyəti haqqında düşünməyə vadar edir.

Səfər Alışarlının hekayələrinin obrazlar qalereyasına və hadisələrin qurulma üsuluna nəzər saldıqda aydın olur ki, yazıçı seçdiyi qəhrəmanın daxilindəki dünya ilə ətraf dünya arasındakı təzadı, zaman və insan, cəmiyyət və fərd dilemmalarını önə çəkir. Yazıçının hekayələrinin əsas qəhrəmanlarının zahiri görünüşləri qabarıq, seçilən deyil, hərəkətlərində qeyri-adilik, pafos, iddia yoxdur. Lakin yazıçının ustalığı məhz bu adilik, carilik pərdəsi altında, zahirən üsyan etməyən, sakit obrazlar vasitəsilə öz içlərində yaşayan, yaşadıqları duyğuların anlaşılmamasından əzab çəkən insanları canlandıra bilməsindədir.

“Göz –gözə” povesti. Səfər Alışarlı “Alatoran” jurnalının 2008-ci ildə işıq üzü görən 12-ci nömrəsində çap olunan “Göz-gözə” adlı əsərini 3 hissəli pyes-povest adlandırır. Povestin qəhrəmanı aktyor Eldar faciə aktyoru olsa da, uzun illər sevgilisi Nəzakət xanımın Şirin rolunu ifa etdiyi “Xosrov və Şirin” tamaşasında Şapur rolunun ifaçısı olsa da indi kiçik bir uşaq teatrında Şaxta baba obrazını canlandırır. İllər sonra sevdiyi və ayrıldığı Nəzakət xanım vəzifəli həyat yoldaşı və oğlu ilə yeni il gecəsi Eldarın ifası ilə uşaqların sevimlisinə çevrilən Şaxta babanın yeni il tamaşasına baxmaq üçün gələndə o səhnəyə çıxmaqdan imtina edir. O bilir ki, səhnəyə çıxsa, o səhnədən Nəzakət xanımı görsə özünə qurduğu bu dünya da dağılacaq: “Mən çıxaram, sonra da bütün ömrüm boyu teatra nifrət eləyərəm, mən bunu istəmirəm. Bütün teatrlar insanların ruhundakı incə, zərif cizgiləri qorumaq, möhkəmləndirmək üçündür. O bizim özümüzdə olmayanda, başqaları bizə inanarmı?” AMEA-nın müxbir üzvü, prof.Tehran Əlişanoğlu “Ən yeni nəsrimizdə Azərbaycan obrazı”(Tənqid.net, Bakı, Qanun, 2011, səh. 51) məqaləsində yazır: “Amma deyək, Səfər Alışarlının “Göz-gözə” povestinin qəhrəmanı həqiqi sənətçi obrazında yenə də israr etməkdədir; həyat hər şeyi, bütün şanslarını əlindən almışsa da belə; bir zaman səhnədə tərəf müqabili olmuş, indi isə Sənət idealını gerçəklərə dəyişmiş aktrisa onun qarşısına rifaha barınmış məmur qismində çıxır. Dekorasiyalar dəyişmiş, bəs yeni həyatı oynaya bilənlər varmıdır?” Eldar “Şapur”dan “Şaxta baba”ya çevrildiyi gündən sonra nə qədər sınsa da içində sənətə sevgini qoruya bilib və bu gün onu dram aktyorundan komik qəhrəmana, nağıl obrazına çevirən Keçmişlə - Nəzakət xanımla görüşməkdən imtina etməklə əslində ürəyində qalmış sonuncu sənət eşqi damlalarını qorumağa çalışır. Çünki Nəzakətin “qəhrəman olmaq istəmirəm” deyərək özündən imtina etdiyi dünyada Eldarın Sənətə inanması və yaşaması mümkün deyil.

Esselər. Səfər Alışarlı yaradıcılığı müxtəlif mövzulu esselərlə də zəngindir. Onun Əziz Şərifə ithaf olunmuş “Mirzə Cəlil ətirli adam” (2015), Sona Vəliyevanın yaradıcılığından danışan “Poeziya yalnız ruhun oxuduğu nəğmədir” (2016), estetik məqamlara toxunan “Başqa estetika, başqa mədəniyyət” (2017), Adilə Nəzərin poeziyasından söhbət açan “Gözəl yaradılmışların vəsfi” (2019), Mirzə Cəlil Məmmədquluzadəyə həsr edilən “Mirzə Cəlili redaktə etmək olmaz!” (2019), yaradıcılıq axtarışlarından bəhs edən “İlk fraza” (2020) esseləri ədəbi mühit və oxucular tərəfindən maraqla qarşılanmışdır.

“Mirzə Cəlili redaktə etmək olmaz!” essesində Səfər Alışarlı yalnız Mirzə Cəlil Məmmədquluzadənin əsərlərinin timsalında ümumiyyətlə bütün ədəbi mətnlərin ilkinliyinin qorunması, olduğu kimi xalqa təqdim edilməsi məsələsini qabardaraq yazır: “Nəyə görə bunlara toxunmaq, yəni Mirzə Cəlili redaktə etmək olmaz? Çünki bu XIX-XX-XXI əsr Azərbaycan ədəbiyyatında yeganə nəhəngdir ki, müstəmləkə zülmü altında inləyən kobud, köntöy, heç bir mədəni çərçivə tanımayan kölə toplumun real həyat həqiqətlərini bədii təsvir vasitələri ilə ifadə edib, onu böyük ədəbiyyatın halalca malına çevirə bilmişdi. Bunu yalnız dövrünə görə savadlı, fitrətinə görə son dərəcə istedadlı və VƏTƏNPƏRVƏR bir adam eləyə bilərdi. “Molla Nəsrəddin” jurnalı nəşr olunanda da hökumət, senzura, zəngin, kasıb, molla, şilləvuran, üzəduran, polis-molis varıydı bu məmləkətdə. O təpkilərin bircəciyini bizə göstərsəydilər, Allah bilir, nə edərdik!Mirzə Cəlil böyük yazıçıdır, onu heç bir regional, heç bir milli çərçivə ilə məhdudlaşdırmaq olmaz. Onun bədii yaradıcılığı böyük ümumbəşəri dəyərlərin daşıcısıdır.”

Səfər Alışarlının nəsrində, esselərində yazıçının dünyagörüşü, geniş maraq dairəsi, qələmə aldığı mövzuya tədqiqatçı şövqü ilə yanaşması oxucunun diqqətini cəlb edir, yaratdığı obrazlar rəngarəngliyi və dolğunluğu ilə seçilir. Səfər Alışarlı yaradıcılığı müstəqillik dövrü Azərbaycan ədəbiyyatında klassik, realist nəsr ənənələrinin müasir zamanın tələblərinə uyğun şəkildə yaşadılması baxımından böyük önəm kəsb edir.

 

İstifadə edilmiş ədəbiyyat siyahısı:

Səfər Alışarlı. “Avqust” roman və povestlər toplusu; Bakı, “Qızıl şərq” ASC, 2004

Səfər Alışarlı. Qız və maneken (povest və hekayələr).Bakı, Mütərcim, 2019.

Səfər Alışarlı. Gözəl yaradılmışların vəsfi// “Ədəbiyyat”qəzeti.-2019.- 18 may.- S.9.

Səfər Alışarlı. Poeziya yalnız ruhun oxuduğu nəğmədir//“Ədəbiyyat”qəzeti.-2016.- 2 aprel.- S.19.

Səfər Alışarlı. Quraq fəsillər (hekayələr). Bakı, Qanun, 2018

Səfər Alışarlı. İkinci respublikanın generalı. Bakı,Qanun, 2020.

Səfər Alışarlı.Zəng (hekayələr).Bakı, Yazıçı, 1987

Səfər Alışarlı.Sən heç nə bilmirdin (povest və hekayələr). Bakı, Gənclik, 1991

Səfər Alışarlı. Göz-gözə.//Alatoran jurnalı, №12. Bakı, Qanun, 2008, səh. 20-41.

Tehran Əlişanoğlu. Ən yeni nəsrimizdə Azərbaycan obrazı. Tənqid.net, №8. Bakı, Qanun, 2011.səh. 46-51.

 

Qaragözova Elnarə

Fil.f.d.

AMEA Nizami Gəncəvi adına

Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi