adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 May 2021 12:44
63841
ƏDƏBİYYAT
A- A+

MÜSTƏQİL AZƏRBAYCANIN AD GÜNÜ – 28 MAY! 

1918-ci ilin 28 mayında Azərbaycan tarixində yeni bir hadisə baş verdi – altı bəndlik İstiqlal bəyannaməsi ilə müstəqil Azərbaycanın yaradılması dünya ölkələrinə bəyan olundu. Bəyannaməni Azərbaycanın bütün milli qüvvələrinin təmsil olunduğu Azərbaycan Milli Şurası elan etdi. Bu dövr elə bir vaxta təsadüf edirdi ki, artıq Rusiyada inqilabların bir-birini əvəz etməsi sona yetir, həmişəki kimi Rusiya Azərbaycana etibar etmir, onun sədaqətinə şübhə edir, heç bir xalqa etmədiyi zülmü bizim millətə rəva görürdü. Get-gedə münasibətlərin daha da kəskinləşməsi ilə Rusiya ilə Azərbaycanı bağlayan tellər zəifləyir, din, dil, mədəniyyət ayrılığı kimi amillərin mövcudluğu şəraitində xalqın istiqlal arzusu güclənirdi.
 
Demokratik Respublikanın yaranmasında müstəsna rol oynamış Milli Şuranın fəaliyyətini düzgün qiymətləndirmək, tariximizin səhifələrini dönə-dönə çevirmək, o günlərin tarixə həkk olma səbəbini öyrənmək üçün bir daha və bir daha xatırlamalı, o günləri öyrənməliyik. On yeddinci ilin fevral inqilabı mütləqiyyət üsul-idarəsini devirərək keçmiş Rusiya imperiyasının xalqları qarşısında demokratiya yolu ilə inkişaf etmək üçün real perspektivlər açdı. Rusiyanın gələcək dövlət qurumunu həll edəcək Müəssislər Məclisi olmalı idi. 1917-ci ilin 26-28 noyabrında Müəssislər Məclisinə demokratik seçkilər keçirsə də, 1918-ci ilin 5 yanvarında Məclis buraxıldı. Həmin vaxt Zaqafqaziyadan olan deputatlar özlərinin ali qanunvericilik orqanını – Zaqafqaziya Seymini yaratmaq qərarına gəldilər. 

Seym həmin ilin 22 aprelində Zaqafqaziyanı müstəqil federatif respublika elan etsə də, Azərbaycan, Gürcüstan və Ermənistan fraksiyaları arasındakı fikir ixtilafı və barışmaz ziddiyyətlərin olması üzündən bir ay keçdikdən sonra Seym buraxıldı və hər üç dövlət özlərinin istiqlaliyyətlərini elan etdi. Seymin Azərbaycan fraksiyasından olan hissəsi May ayının 27-də fövqalədə iclas çağırıb, yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq Azərbaycanın idarə olunması məsələsini öz üzərinə götürdü və özünü Azərbaycanın müvəqqəti Milli Şurası elan etdi. Mayın 28-də Milli Şuranın ilk iclasında Seymin dağılması və Azərbaycanın vəziyyəti barəsində məsələ müzakirə olundu. 24 səslə Azərbaycanın istiqlaliyyətinin elan edilməsi haqqında qərar qəbul edildi. 6 bənddən ibarət “İstiqlal bəyannaməsi” bəyan edildikdən bir saat sonra Milli Şura Azərbaycanın ilk hökumətini təşkil etdi. Tarixi səbəblər və zəruriyyətlər üzündən 1918-ci il iyulun 17-dən hakimiyyəti Müvəqqəti hökumətə təhvil verən Milli Şura beş aydan sonra yenidən fəaliyyətə başladı və noyabr ayının 19-da “Azərbaycan parlamentinin yaradılması haqqında” Qanun qəbul etdi. Beləliklə, 1918-ci ilin May ayının 28-də “İstiqlal bəyannaməsinin” qəbulu ilə Azərbaycanın dövlət müstəqilliyinin əsasını qoymuş Milli Şura həmin ilin dekabrında Ali qanunvericilik orqanı olan parlamentə çevrilməklə öz fəaliyyətini bitirmiş oldu. 

Müstəqil Azərbaycan Demokratik Respublikası Azərbaycan tarixinə milli dövlət modelini verdi. Milli mədəniyyət, dil, xalq maarifi və ali təhsil hökumətin diqqət mərkəzində olmuş, bu sahədə bir sıra böyük işlər görülmüşdü. Azərbaycan dili dövlət dili elan edildi, dövlət orqanlarının işinin azərbaycan dilinə keçməsi ilə yanaşı, ictimai həyatın bu və ya digər sahələrinin milliləşdirilməsinə başlanıldı. Milli kadr çatışmamazlığı problemini həll etmək üçün məktəblər və kurslar açıldı. Azərbaycan ordusu və hərbi dəniz donanmasının yaradılası ən vacib işlərdən sayıldı... Bu gün Vətənin ərazi bütövlüyünün qorunması, onun mədəniyyətinin çiçəklənməsi, dövlətimizin dünya ölkələri tərəfindən sülhsevər və inkişaf etmiş bir diyar kimi tanınması üçün biz hamımız əlindən gələni etməli, var qüvvəmizlə bu səmtdə çalışmalıyıq. Qoy 28 May günü bizim və gələcək nəsillər üçün səfalətdən qurtarıb azadlığa qovuşmaq günü, əsl bayranm kimi yolumuza işıq saçsın.  

Gülər Eldarqızı