adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

"Avroviziya”da Cahandar ağanı görmək ümidi ilə... - Aqşin Yenisey yazır

20007 | 2021-05-26 16:06

Hər il bu "Avroviziya” müsabiqəsi keçiriləndə nədənsə bizim cəmiyyətdə milli dəyərlər müzakirə obyekti olur və hər il də belə bir narahatlıq dilə gətirilir ki, bu yarışma ilə də milli-mənəvi dəyərlərmiz əldən getdi.

Əvvəla bilmək lazımdır ki, bu yarışma elə milli-mənəvi dəyərlərin sıxışdırlıması, onların atamanlığının yerinə neoliberal dəyərlərin dəbə minməsi üçün "peydahlanıb”.

"Avroviziya” yarışmasının ilk dəfə Stalinin ölümündən üç il sonra keçirilməsi də təsadüfi deyildi. Şəxsiyyətin gücü Avropanı təhdid edirdi. Onu tarix səhnəsindən biabırçasına salmaq lazım idi. Bizdə söz var, şalvarını əynindən çıxarmaq, bax o şəkildə. Çünki Birinci Dünya müharibəsindən sonra Avropanın içində faşizm, çölündə kommunizm təhlükəsi yaranmışdı, hər ikisi də şəxsiyyətə pərəstiş üzərində qurulan hərbi ideologiyalar id. Avropa elə bir mədəni əsaslar yaratmalı idi ki, ümumiyyətlə, kişi xeylağı dedikdə bişmiş toyuğun da gülməyi gəlsin. Bu əsaslardan ən uğurlusu "Avroviziya” mahnı müsabiqəsi oldu.

İkinci Dünya Müharibəsindən sonra Avropada "rifah dövləti” (welfare state)” anlayışı ortaya çıxdı. Dağıdıcı bir müharibədən çıxmış Avropa xalqları doyunca əylənmək, müharibənin ağrı-acısını unutmaq istəyirdilər. Bir-birinin ardınca insanlara o zamana qədər görülməmiş haqq və hüquqlar tələb edən ictimai təşkilatlar yarandı. İş saatının qısaldılması insanların əyləncəyə daha çox vaxt ayırmalarına şərait yaratdı. Hakimiyyətə can atan siyasi partiya liderləri seçicilərə haqq və hüquq paylayan Şaxta babalar oldular. Feminizmin ikinci dalğası yenidən aktivləşsə də, artıq zaman onların deyildi, çünki səhnəyə yeni aktiv qüvvələr çıxmış və daha çox şey istəyirdilər.

Artıq Avropada endirilmiş faşizm bayraqlarının yerində lezbiyan, gey, biseksual, transseksual və interseks (LGBT) bayraqları dalğalanırdı. Hər yerdə populyar kültür deyə kütləni əyləndirən sənət növünün hay-həşirindən qulaq tutulurdu. Populyar kültür bütün həzlərin bir yerdə cəmlənməsi idi; yəni siz getdiyiniz kafedə kütləvi şəkildə həm caz dinləyə, həm pivə içə, həm də sekslə məşğul ola bilərdiniz. Biz bu gün də belə bir şeyi ancaq cənnətdə yaşaya biləcəyimizə inanırıq, ona görə dindən bərk-bərk yapışmışıq, təvəkkül allaha!

Eyni zamanda bu illər "Soyuq müharibə”nin ən şiddətli illəri idi. Qərb kommunist dünyanı qan tökmədən yıxmaq üçün populyar kültürü silah olaraq Berlin divarlarının üstünə göndərdi. Divarların o üzündə hər kəs digər tərəfdə içkinin, musiqinin, seksin bir arada yaşandığı real cənnətin yaradıldığından xəbərdar idi. Qərb bu cənnəti televiziya vasitəsilə bütün dünyaya göstərirdi. Bütün dünya Qərbdə yaşanan bu cənnətin arzusunda idi. Qərb bütün dünyanı öz "cənnət”inin fanatına çevirə bilmişdi.

Beləliklə, populyar kültür "mədəni mübarizə”nin bir forması kimi şöhrət qazandı. "Avroviziya” yarışması da bu mübarizənin ən öndə gedən tədbirlərindən birinə çevrildi və Berlin divarını yıxmaqla dünyaya öz gücünü göstərdi. İlk illərdə ancaq Qərbi Avropa ölkələrini birləşdirmək məqsədi daşıyan bu yarışma "Soyuq savaş”dan sonra Şərqi Avropanı, hətta İsraili də öz üzvləri arasına qatdı. Daha sonra post-sovet ölkələrinə qapılarını açdı. "Soyuq savaş”dan sonra da "Avroviziya” yarışması həmişə siyasi mesajları ilə gündəmi zəbt etməyi bacardı. 1960-cı illərdə səhnəsindən İspaniyadakı diktatorluğa etirazlar etdi. Son illər Rusiyanın Gürcüstan və ya Ukraynaya müdaxiləsinə, ən son yarışmaların birində İsrail-Fələstin münaqişəsinə yönəlik etirazlara səhnə oldu.

Yarandığı gündən bu günə qədər "Avroviziya” yarışmasının aktiv güc mərkəzi lezbiyanlardan, geylərdən, biseksuallardan, transseksuallardan və "lgbteşniklərdən” ibarət olaraq qalır. Bu, bütün dünyanın etraf etdiyi həqiqətdir. Böyük güclər bu gün bir çox mesajlarını dünyaya və lazım olan rəqiblərinə "Avroviziya”nın ətrafına yığıdıqları cinsi azlıqların "uzun dili” ilə deyirlər. Bu yarışmada yazılan sözlər, mahnılar, ifaçıların, aparıcıların geyimləri bu cinsi azlıqların zövqünə hesablanır.

Türkiyədə 22 il "Eurovision” aparıcılığı "yapmış” Bülend Özveren Afinada keçirilən yarışmadan sonra bir müsahibəsində belə deyirdi; "Afinada (yarışma zamanı) sağına dön - gey, soluna dön - gey, hər yer gey dolu idi. Həm sənətçilər, həm jurnalistlər, həm aparıcılar arasında həddindən artıq gey vardı”.

Onlar kimi seçdilər və sevdilərsə, yarışı da o qazanır. Mənə elə gəlir ki, bizim maskulin, mühafizəkar yanaşmamız heç vaxt bu yarışmanı sevməyəcək. "Avroviziya” bu görünüşü ilə bizim üçün nədir? Bildiyimiz halarvadı toyu! Yoxsa bizim populyar kültürlə bir problemimiz yoxdur, olsaydı, "Rembo” filminə 1647 dəfə baxmazdıq, yaxud Van Damı gətirib pivəxanada qulağına klarnet püfləməzdik.

Bəlkə də, biz dünyanı yanımızda deyil, önümüzdə gördüyümüz üçün ona qıcıq oluruq? Onunla aramızda "beynəlxalq bir uzaqlıq” hiss edirik.

Hə, sözümün canı (yaddan) çıxmamış deyim ki, bir də "Avroviziya”ya səhnədə Cahandar ağanı görmək ümidi ilə baxmayın…

TƏQVİM / ARXİV