adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
26 May 2021 11:26
62309
ŞOU-BİZNES
A- A+

"Eurovision-2021" la bağlı dedi-qodular tükənmir:  Nigar, Hüsniyə,  Səbinə, Tünzalə, Murad...

 Baxmayaraq ki, "Eurovision-2021" bitib.  Azərbaycanı "Mata Hari" mahnısı ilə təmsil edən Samirə Əfəndi 20-ci pillədə qərarlaşaraq uduzub. Müsabiqənin qalibi İtaliya təmsilçisi "Maneskin" qrupu olub. İtaliya təmsilçilərinin "Zitti e buoni" mahnısı səsvermə zamanı ən çox – 524 xal toplayan ifa olub. Kəsəsi, biz bu uduzmağımıza müsabiqədə həm mahnı , geyim seçiminə, həm bayrağımıza hörmətsizliyə görə biabırçılıqla da qarşılaşdıq.

Amma hələ də söz-söhbətlər, dedi-qodular səngimək bilmir. Uzun müddət bitməyəcəyi də hiss olunur. Yəqin unutmamısınız,  “Eurovision-2021” mahnı müsabiqəsi başlamamışdan bir gün əvvəl müğənni Nigar Camal Azərbaycanı "Eurovision 2021"də təmsil edən Samirə Əfəndini tənqid etdi.

Nigar bu haqda qonaq olduğu "10-da görüşək" proqramında danışdı və Samirənin ifası haqda fikirlərini bölüşdü. Dedi ki, özüm "Eurovision"a gedib-gələn biri kimi bilirəm, hansı yerdə olacaq. İlk beşlikdə yer almayacaq.

Artıq müsabiqə bitib və Nigar Camalın proqnozu gerçək çıxıb. Bəli, Samirə Əfəndinin göstərdiyi “performans” 20-ci yerə layiq oldu. Mahnıya, geyimə, rəqqasələrə, hazırlığa, musiqi qrupuna, nəqliyyat və digər xərclərə ayrılmış vəsait necə deyərlər “uçdu göylərə”

Samirəni həmkarları niyə bəyənmədi

Məsələn. “Eurovision-2021”də Azərbaycan şərhçilərindən olan aparıcı Hüsniyə Məhərrəmova sosial media hesabında bu fikirləri qeyd edib:"Mən bu yarışmada ilk gündən ölkəmi dəstəkləmişəm. Bu il də istisna olmadı, Azərbaycana və Samirəyə ürəkdən uğurlar arzu edirdim. Samirə çox istedadlı ifaçıdır. Lakin mənim iki üzüm yoxdur ki, biri ilə bəyənmədiyim halda, o biri ilə tərifləyim. Şəxsən mən, builki mahnını və nömrəni nə ölkəmə yaraşdırdım, nə də Samirəyə".

O bildirib ki, ölkəmiz bu yarışmada daha layiqli təmsil oluna bilərdi: "Düşünürəm ki, ölkəmiz üçün belə bir əhəmiyyətli ildə, Avropanın ən böyük platformasında Azərbaycan daha layiqli təmsil oluna bilərdi. Ona görə narazı qalan qohum-əqrəbaya, dost-tanışa intriqalarla deyil, musiqi zövqləri ilə məşğul olmağı arzu edirəm", - H.Məhərrəmova əlavə edib.

Qeyd edək ki, Hüsniyə uzun illərdir müsabiqənin Azərbaycandakı nümayəndə heyətinin rəhbəri İsa Məlikov, stilist Anar Ağakişiyev və müğənni Samirə Əfəndi ilə küsülüdür. Hətta Xalq artisti Aygün Kazımova Samirəyə dəstək paylaşımında Hüsniyənin də adını qeyd etmiş, lakin Əfəndi həmin postu paylaşarkən aparıcının adını gizlətmişdi.

Hə, yeri gəlmişkən, bu o Hüsniyyə Məhərrəmovadır ki, İsraildə baş tutan “Eurovision-2019”un Azərbaycan nümayəndə heyəti idi və ikinci yarımfinaldan sonra keçirilən mətbuat konfransında Azərbaycan bayrağının mikrofon üzərinə tərs yapışdırılması onun gözü qarşısında baş vermişdi.


Xalq artisti Tünzalə Ağayeva da "Eurovision-2021" mahnı müsabiqəsi barədə öz sosial media hesabında qeyd edib:” Yəqin ki, artıq vaxtı çatıb ki, biz qərarları özümüz verək, xaricilər yox. Bundan sonra mahnı seçimində, obraz seçimində, bir çox şeylərin seçimində söz üstünlüyü bizdə olmalıdır.

T.Ağayeva bildirib ki, Azərbaycan təmsilçisinin başdan-ayağa hər şeyini - səhnəsini, səhnə geyimini, mahnı xarakterini, nə oxuyacağını özümüz seçməliyik: "Mən başa düşürəm dünya təcrübəsi, "Eurovision"un istiqaməti və s. Amma yəqin ki, nəticə də bizə bir siqnal oldu ki, bir az istiqaməti dəyişməliyik. Biz tükənməmişik, sabaha çox güclü, çox enerjili və hər zaman ümidliyik. Bütün ölkələrə hörmətlə yanaşaraq, özümüzün heç kimdən əskik olmayan, daha da üstün olan potensialımızı göstərək. Mənə deyirlər ki, siz getmək istəyərsinizmi? Mən çox açıq söz deyirəm – Azərbaycan nə vaxt birinci yeri istəsə və o zaman o il mənə düşsə, qaça-qaça gedərəm. Bilərəm ki, mən birinci yeri gətirəcəyəm. Çox açıq şəkildə deyirəm "

 

2012-ci ildə ölkəmizi "Eurovision" mahnı müsabiqəsində təmsil edən müğənni  Səbinə Babayeva da "Mata Hari" mahnısını tənqid edib.

İfaçı bu ilki nümayəndə heyətinin düzgün seçim etmədiyini deyib. "Eurovision 2021" təmsilçimiz Samirə Əfəndinin ifasını İnstaqramında yayımlayan S.Babayeva bunları əlavə edib:"Baş verən müharibə və minlərlə şəhiddən sonra öz dilimizdə vətənpərvərlik ruhunda mahnı ifa edib 20-ci sırada olsaydıq, özümüzü qalib bilərdik. Xarici qadın "şpion"dan oxumaqdansa, Natəvan Xurşidbanu haqqında oxumaq yaxşıdır".


Məsələyə bəstəkar- müğənni Murad Arif də fikir bildirib:"İldə bir dəfə Avropanın televiziya bayramına qoşuluruq. "Avroviziya" özü getdikcə melodiya yarışından çox, "POPsa", qəribəlik, erotizm, dəlilik, sərbəstlik, azadlıq və friklərin yarışına çevrilməkdədir. Hər ölkə də bacardığı kimi yaddaşda qalmağa çalışır.

Azərbaycan bu il başqa nəğmə, mövzu ilə çıxmalı idi. Amma, artıq budur, belədir. Ölkəmizə dəstək olmalıyıq. Hər ilin öz favoritləri, proqnozları olur. Çox zaman mənim proqnozlarım dəqiq olduğu üçün bu il də təxminlərimi sizinlə bölüşürəm. Şəxsən bəyəndiyim mahnılar İtaliya, Portuqaliya və Rusiyadandır".

Son olaraq: "Eurovision 2021"in qalibi "Maneskin" qrupunun üzvü David Damiano ötən gün narkotik testindən keçdi.

Bu barədə Avropa Yayım Birliyi məlumat yaydı. Bildirildi ki, ifaçının "Yaşıl otaqda" narkotik maddə qəbul etməsi ilə bağlı iddialar özünü doğrultmayıb:

“Yarışmanın finalında "Yaşıl otaq"da Damianonun narkotik maddə istifadəsi haqda şübhələrə görə Avropa Yayım Birliyi və İtalya nümayəndə heyətinin istəyi ilə yoxlama həyata keçirildi. Sonra qrupun solisti də könüllü olaraq narkotik testindən keçdi və nəticə mənfi oldu".

Artıq çox adama bəllidir ki, bu beynəlxalq müsabiqə ildən ilə öz formatını, məqsədini, ideyasını dəyişməyə doğru irəliləyir. Belə yarışmada iştirakımızla  xeyirdən çox ziyana məhkumuq. Atalar deyib: “Ziyanın harasından dönsən, kardı”.

 

Əntiqə Rəşid