adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
20 May 2021 11:37
55392
ƏDƏBİYYAT
A- A+

Sabir Rüstəmxanlı: SƏNİN GÖZLƏRİNLƏ…

Bu gün Azərbaycanın ictimai - siyasi həyatında, ədəbi fikir tarixində xüsusi yeri olan Xalq yazıçısı, millət vəkili, Vətəndaş Həmrəyli Partiyasını sədri Sabir Rüstəmxanlının doğum günüdür.

"Ədalət" qəzetinin kollektivi olaraq Sabir Rüstəmxanlını doğum günü münasibətilə təbrik edir, ona can sağlığı və  fəaliyyətində uğurlar arzulayırıq.

SƏNİ VƏTƏNƏ BƏNZƏDİRƏM

Səni səhərin açılmasına bənzədirəm,
Yanağında dan yerinin allığı,
Səsində günəşi qarşılayan quşların fərəh zənguləsi,
Gülüşündə yeni həyat kimi başlanan
Yeni günün
dərdlərimə dərman olacağı inamı!

Səni bahar leysanına bənzədirəm,
Üzümün qırışlarını yusun, titrətsin təşnə ürəyimi...
Quruyan çöllərimə gül toxumu kimi səpilsin.
Və dünyanı çiçək qanadlarında göyə qaldırsın!

Səni rüzgara bənzədirəm!
Ölü duyğuların üstündən tanrı nəfəsi kimi əsən,
Ruhumun hər guşəsinə çatan
və mənə ölümsüzlüyü xatırladan!

Səni hələ keçmədiyim yola bənzədirəm!
Həm tale yazısından gələn, həm də ümid kimi öndə
Və ayaqlarıma qüvvət.

Səni vətənə bənzədirəm!
Hara getsəm, döndüyüm!
Səni şeirimə bənzədirəm!
Məni duyduğuna öyündüyüm!

Səni səbrimə bənzədirəm!
Onunla bir möcüzə yaratdığımdan...
Səni qəbrimə bənzədirəm!
Qoynunda rahat yatdığımdan!

DÜNYANIN TALEYİ

Daha bizlik deyil necəliyimiz
Daha dəyişilib həyatın dadı
Allahın sevgiylə yaratdığının
Taleyi şeytanlar barmağındadır.

Başımın üstündə azon dəliyi
Meteor önləyən tavan ki, yoxdur
Bu bulanıq sudan ayrı bir suyun
Bu tozdan aralı havan ki yoxdur.

Bir il Baykonurdan adam qışqırır,
Bir il Çernobıldan atom fışqırır.

Yağış mövsümündə palçıq yağacaq,
Qışda dolu gəlir qar əvəzinə.
Bahar peşimandır oyanışına,
Hörümçək asılır bar əvəzinə.

Bir gündə bostanda solur çiçəklər
Xırmanlar buğdasız sovrulacaqdır.
Raketlər göylərdə ocaq çatanda
Muğanda torpağım qovrulacaqdır.

Ölkələr başında pul düşkünləri,
Ya da ətəklərdə əriyən ərlər.
Əxlaqı yerində olamayan kəslər
Əxlaqsız bir toplum yetirəcəklər.

AD GÜNÜM

Bəlkə min il yaşlı, on min il yaşlı
Sirli bir mahnının ardınca bu gün.
Dağlara gəlmişəm yalqız, kimsəsiz
Öz doğum günümü qutlamaq üçün!

Ürək oxuyanın işləri müşkül,
Gözlərdə göz alan dərinlik qalmır.
Onsuz da seyrəlir dost məclisləri,
Sözlərdə əvvəlki şirinlik qalmır.

Tənha zirvələrlə verim baş-başa,
Məni onlar atdı burdan həyata.
Görüm ucaların halı necədi,
Dözə bilirlərmi bu gedişata!..

Adımı köksünə həkk eləmişdim,
Bilmirəm ağrısı dərindədirmi?
Salam çinar qardaş, nəğməm darıxır,
Sənin mahnıların yerindədirmi?

Əgər yerindəsə bir ağız oxu
Ya da sağlıq söylə köklər eşqinə,
Sən də badəyə dön, ay əlçim bulud
Qaldırım başıma göylər eşqinə!

O göl qədəhini qaldır, qoca dağ,
Nuş elə, lap nəfəs kəsəsi olsun.
Mən ömrüm uzunu səni öymüşəm,
Sən də bir ağız de, əvəzi olsun!

Bu meşə, bu çəmən, bu bulaq, bu yol,
Köhnə dostlərımdı məclisimdə cəm.
Şəhərin səhəri ayıltdı məni
Şəkər bulaqlardan keflənəcəyəm!

Elə sehir var ki, bu ucalıqda
Ürəyi dəyişir, vaxtı çaşdırır.
Dağlar ad günümə hədiyyə kimi
Ruhumu yenidən cavanlaşdırır.


* * *
Məsum təbəssümlə yanaşdın mənə.
Rəsmi salamlaşma.. adi iş idi.
Mən də qonaqlardan biriydim sanki,
Nəzakət xətrinə bir görüş idi.

Nəyi gizlədəcək ancaq pərdələr
Sinəni gizlicə dağıdır ürək.
Mənə sarılmaqdan qorxaraq sanki
Ərinin qolundan tutmuşdun bərk-bərk.

Bəlkə yanılıram soyuyub hər şey
Yanında dayanan sənə əzizdi.
Onsuz da xatirə sahil qumudu
Yuyulur, insanlar hafisəsizdi.

Görünür belədir Allahın hökmü
Ayrılıq dönməsin əbədi yasa.
Necə yaşayardı insan dünyada
Vurulan yaralar tez sağalmasa.

«Sənsiz yaşamaram!» deyərdin mənə,
Dodağın qopmurdu dodaqlarımdan.
O şirin sözlərin quş olub uçmuş
O eşq vulkanını soyutmuş zaman.

Bəlkə doğrudan da heç yaşamırsan
Alışmaz bu ocaq min yol üfləsən
Bəlkə minillərin ardından gələn
Gözəl mumiyasan ortada gəzən.

SƏNİN GÖZLƏRİNLƏ…

Yanıram dünyanın dərdi-sərinə
Sevincə ikiqat qaynayır qanım.
İndi mən dünyaya Sənin yerinə,
Sənin gözlərinlə baxıram, canım!

Dörd gözlə baxıram gözəlliklərə,
Görürəm çəmənlər çiçək-çiçəkdir.
Sənin həvəsinlə gurlayır göylər,
Yağış da Səninçün töküləcəkdir.

Bezmişdim millətin çal-çağırından,
Uyusam – günüm yox, vərəq ağ keçir.
İndisə könlümdən bulağa, quşa,
Küləyə qoşulub oxumaq keçir.

Ax, necə gözəldir belə yaşamaq –
Yazın yaşılına qovuşan xəzan.
Sənin ilhamınla susmaz qələmim,
Sənin qanadınla kimdir uduzan…

Allah tapşırıqla göndərdi Səni,
İcazə sormadan qəlbimə girdin,
Şeytan ürəklərə pislik əkəndə
Dünyanı səssizcə gözəlləşdirdin.

Mənim təmənnasız yanan günəşim,
Ətriylə ömrümü dolduran çiçək,
Bir sevgi zirvəsi vermisən mənə,
Həm də o zirvəyə qalxmağa ürək!

BİR ŞAM YANDIRARSAN

Ey bayram axşamı yalqız qalan kəs,
Bir şam yandırarsan adıma mənim.
Bizim bu həsrətin yangısı sönməz,
Tonqallar alışar oduma mənim....

Bayram xonçasında şamlar yan-yana,
Onların içində mən də yanaram..
Gündüz bir dost kimi yada salana
Axşam alov kimi xatırlanaram.

Bayram niyyətində bəxtini sına,
Gecə gələrəmsə yuxuna, sagam!
Nəfəsim dəyməmiş yanaqlarına
Şamın şöləsiylə toxunacağam...

Bu uzaq ellərdə sənədir üzüm,
Qalsam da dörd divar arasında tək.
Bayram süfrəsitək açıqdır köksüm.
Üstündə şam kimi alışır Ürək!..

SAĞ OL, ANA DİLİM

Yollarım sınandı yad ölkələrdə,
Neçə yad dodaqda səsləndi adım.
Sağ ol, ana dilim, məni heç yerdə
Köməksiz qoymadın, yalqız qoymadın.

Barmağım altında düymə fırlanır,
Londonla, Parislə yanaşı Bakı…
Doğma sözlər üçün darıxan hanı?
Deyin qoy dinləsin: "Danışır Bakı!"

Danışır, açılır ömrün baharı,
Dünyaya mən onun qoynundan uçdum.
Mənim ürəyimin antenaları
Gözəl Azərbaycan dilinə tuşdu.

Döyüşdə qılınc tək sıyrıldı qından,
Başımın üstündə bayrağım oldu.
Torpağım ikiyə bölünən zaman
Bu dil bölünməyən torpağım oldu.

Utansın tarixə dəllallıq edən,
Tarix qapısına açar sözlər var.
Pərdəni qaldırsan, beş-on kəlmədən
Qondarma cildlər tar-mar olar.

Bu dildə sevincim, qəmim, kədərim
Təzə ümidlərə açılan səhər.
Bu dilin reaktiv təyyarələri
Araz sərhəddini qıran kəlmələr.

İpək nəğmələrim gülləbatmazdı,
Qolunu qandalla bağlamaq olmaz.
Bu taydan o taya arxayın keçən,
O taydan bu taya arxayın keçən

Dilin sənədini yoxlamaq olmaz,
Sevginin yolunu saxlamaq olmaz!
Sağ ol, ana dilim, ana öyüdüm,
Füzuli eşqindən divanə dilim.

Ürəyim başına nəfəs dərmədən
Fırlanıb kül olan pərvanə dilim.
Hanı Xanım çaylar, hanı bəy göllər,
Dillərdə cücərən yurdun izidir.

Yüz yol yaralanmış doğma kəlmələr
Xalqımın döyüşlər xəritəsidir.
Ala dağ, Qara dağ…di seç, di ayır,
Dağları basılmaz ordum sanmışam.

Harda bircə kəlmə sözüm yaşayır,
Oranı halalca yurdum sanmışam.
Üstünə yüyürdü Quran dilləri,
Peyğəmbər dilləri, qanun dilləri…

Qapılar dalında qoydular səni,
Haqq dedin, dabandan soydular səni,
Ancaq məhv olmadın, anam, can dilim,
Ordular sarsıdan qəhrəman dilim!

Ömrüm qırılmazdı, yol qırılsa da,
Səninlə həmişə mən üzüağam.
Bədənim torpağa tapşırılsa da,
Ruhumu mən sənə tapşıracağam

BİTSİN

Yandır, şəhid qanı, bu daşı yandır!
Bu daşa çevrilən qardaşı yandır!
Ya tamam yox elə, ya da oyandır,
Bu uzun cəhalət uyğusu bitsin,
Bitsin, bu millətin qorxusu bitsin!

Ümmandan nə qaldı sahilə? Heç nə!
Biz elə əriyən, biz elə heç nə,
Heç nə dəyişməyib min ilə, heç nə.
Harayım, üsyanım, tufanım bitsin,
Bitsin, bu riyakar zamanım, bitsin!

Ölülər düzəni dirilər əymiş,
Mini canlıdırsa minbiri keymiş,
Köləlik sərkərdə mundiri keymiş,
Bu cahil, bu satqın, bu quldur bitsin.
Bundansa yox olmaq qəbuldur, bitsin!

Bu millət dilini biləni sevmir
Dərdini çəkəni, böləni sevmir!
Yolunda baş qoyub öləni sevmir.
Bu bilim, bu tarix, bu yazı bitsin.
Yurdu sevənlərin cəzası bitsin!

DOĞRU

Gün günə, ay aya calanıb gedir
Fəsillər dırmaşır ilimə doğru
Zirvəni bir gündə fəth eləyir qış
Sonra hücum çəkir telimə doğru.

Necə çiçəkləyək üstümüz qardı
Necə qanad çalaq bu qəfəs dardı.
Bütün xoşbəxtliklər yaşananlardı
Qalanlar hamısı zülümə doğru.

Əl açıb yalvaraq ötən çağlara
Gücümüz çatmaz ayrılıqlara
Payız sarılığı çəkmiş bağlara
Xəzan sürünür gülümə doğru.

Soyuq yuvasında üşüyən sərçəm
……. Sevgilim, ocağım, bircəm
Yenə də uzandı bu sənsiz gecəm
Yenə də bir addım ölümə doğru.

ÜRƏK YERİNƏ

Səni Allahımın əlindən alıb
Asaram sinəmdən ürək yerinə.
Bu eşq soyumasın deyərəm heç vaxt
Yazsan günahımı mələk yerinə…

Mənim nəfəsinə ehtiyacım var,
Əssin dan yerindən külək yerinə
Dolsun gözlərimə Ay işığı tək
Qoxlayım sübhədək çiçək yerinə…

Yanğımı soyudan sərin suyumsan,
Ya da bərəkətim – çörək yerinə,
Daha taleyindən danışma mənə,
Toxunma qəlbimin kövrək yerinə!

TABUT DAŞIMAQDAN

Tabut daşımaqdan çiynimiz yara,
Qəlbimiz qançırdı qəm daşımaqdan.
Bu necə peşədi, yorulduq, Allah
Həm əkib, həm biçib, həm daşımaqdan.

Şeir yazanın kim, yer qazanın kim,
Macal vermədi ki, Əzrayıl-qoçaq.
Bir yerə yığılsa bir dağ olardı
Dostların qəbrinə tökdüyüm torpaq.

Yerin altında da dörd divar! Bitdi...
Üç nöqtə kəfənə düşən tərimiz.
Olumla ölümü qoşa həbs etdi
Yerüstü, yeraltı hörgülərimiz.

Yüz tarla, yüz zavod çalışdıranın,
Yeməyi, içməyi, geyəcəyi yox.
Yer altda qurulan bu nə şəhərdi
Bu üzə bir kəlmə deyəcəyi yox.

İçimə axıtdım göz yaşlarımı,
Dənizdi - qəzəbdən boğulub səsi.
Çoxdan ölümümü yaşadıb Tanrım.
Kəfən bu dünyanın son hədiyyəsi.

Haqqa varan vaxtım, danışan vaxtım.
Özümdən çox əvvəl yaşlaşır dilim.
Bir vaxt bağırmaqdan qabardı ancaq
İndi də susmaqdan daşlaşır dilim.

Əlimiz talançı, eivimiz talan,
Yalanlar üstünə gələn yağıdır.
Ürəyin vursa da ölüsə bəzən,
Ölüm savaşlardan yorulmağındır.

YOL BİTƏNDƏ

Tanrı bizi yollar üçün yaradıb,
Yol bitəndə - köy çəkəcək özünə.

Sevincimiz meyxanada paylanır,
Qəmimizi ney çəkəcək özünə.

Məlik olsun, kral olsun, şah olsun
Könlümüzü bəy çəkəcək özünə.

Elçiləri Tanrısını unuduan
Bir toplumu mey çəkəcək özünə.

Korumuzdu uçuruma can atan
Karımızı küy çəkəcək özünə!

Allah susur, ancaq Şeytan işində
Min hiyləylə hey çəkəcək özünə!

Nə yaxşı ki, torpaq bizi udanda
Ruhumuzu göy çəkəcək özünə!

ŞEİR MƏZARI

Günəşlə, işıqla, səhərlə birgə
Doğulur ömrümə hər gün bir şeir.
Bəlkə də göylərdən əl üzdüyündən,
Mənim ürəyimə sürgün bir şeir.

O daim tələsir, o daim yanır
İnanır nəyinsə bitəcəyinə.
Dilimdən qopantək bir yol başlayıb,
Əsl ünvanına yetəcəyinə.

Özüm də bilmirəm niyə doğuldum,
Bəlkə ilahidən bir səsdir ömrüm.
Bəlkə mən özüm də sürgün yeriyəm
Bülbül nəğmələrə qəfəsdir ömrüm.

Şeirin də taleyi bir sirrə bağlı,
Biri günahkardı, izləyəni var.
Bu boyda dünyada yer tapmır biri,
Birinin yüz evdə gözləyəni var.

Birinin firkimdə yetişdi sonu,
Biri deyilməmiş sonunu bəklər.
Biri də dilimin ucunda yanır,
Qorxur ki söyləsəm, öldürəcəklər.

Bizim başımıza nırx qoyanların,
Başının üstündə ucalır sözüm.
Ya da ki boğulur öz qəfəsində,
Dilimə gəlmədən qocalır sözüm.

Bir gün bağlananda zindan qapısı,
Mənim öz cəzam da yetəndə başa.
Yaza bilmədiyim şeirlərimə,
Bir məzar qazılsın qəbrimlə qoşa.


***
Sirr verdi – alıb qaçdım.
Söz verdi – ürək açdım.
Ömrüm bir adlamacdı
Torpaqdan Tanrıyacan.

Bitirib hər əzabı
Əcəl köhləni çapır
Ölüm – sonuncu qapı
Yoluma çıxar haçan?

Göydən gəlir bu yazı,
Yazı yox, haqq duası.
Hər insan sirr boxçası
Biz qıfıl, Tanrı – açar.

Boyasız misralar

Taxıl bir sapın üstə
dən tutub sünbül olur.

Ləçəklər bir-birinə
sarılaraq gül olur.

Əsintilər birləşib
rüzgar olur, yel olur.

Bulaqlar bir məcrada
qovuşanda sel olur.

Kəlmə kəlmə dalınca
düzüləndə dil olur.

Barmaqlar bir pəncədə
birləşəndə əl olur.

İnsanlar bir qədəri
paylaşanda el olur.

Millət şərə əyilsə
alışmadan kül olur.