adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
11 May 2021 22:54
35582
MƏDƏNİYYƏT
A- A+

Məşhurluğun məziyyətləri

Şöhrət olmaq insana nə verib nə alır?

Bu gün Azərbaycanda hamının tanıdığı adamlar çoxdur. Müxtəlif peşə sahibi olan bu insanları kiçikdən böyüyə hamı barmaqla göstərir. Onlar məşhurlardır...

Yetər ki, bir neçə dəfə efirə çıxasan, şəklini qəzetə verələr. Bundan sonra olursan "şöhrət". Və başlayırsan başqa həyat yaşamağa, özün də hiss etmədən özgələşirsən. Bir sözlə, tutulursan "ulduz" xəstələyinə, ətrafdakılara yuxarıdan aşağı baxırsan...

Ymumiyyətlə, bu məşhurlar çox maraqlı adamlardır. Bəziləri özlərini gözə soxurlar, daim diqqət mərkəzində olmaq üçün min cür hoqqadan çıxırlar, bəziləri isə camaat arasına çıxmaqdan qorxurlar. Bunların isə fərqli-fərqli səbəbləri var.

Maraqlıdır, görəsən, məşhur olmağın hansı mənfi və müsbət cəhətləri var? Məşhurluq nə zaman insana mane olur, nə zaman köməyinə çatır? Bu kimi suallara aydınlıq gətirmək üçün onları bir neçə məşhur incəsənət xadiminə ünvanladıq.

 

"Yol polisi "naruşeniya"larımı bağışlayır"

Öz sadəliyi ilə daima həmkarlarından fərqlənən müğənni Arzu Rzayevin fikrincə, məşhur olmaq hər bir sənətçinin arzusudur: "Məşhur olmağın xeyirli tərəfi odur ki, el içində sənə hörmət edirlər. Məşhurluğun bir neçə növü var. Ola bilsin ki, səni yaxşı ifana görə tanısınlar. Ancaq bəzən də müğənnilər pis ifaları ilə tanınıb məşhurlaşırlar. Yəni onları bir insan kimi hamı tanıyır, ancaq ifalarını bəyənmirlər. Ona görə də mənim fikrimcə, məşhur olmaq üçün insanın sənəti ilə şəxsiyyəti eyni səviyyədə olmalıdır. Yaxşı müğənniyə hər yerdə hörmət göstərirlər: istər rəsmi, istərsə də qeyri-rəsmi dairələrdə". Arzu müəllimin fikrincə, məşhurluğun çətinlikləri də çoxdur: "Ürəyin istədiyin yerə gedə bilmirsən. Bəzən mən digər insanlara qibtə edirəm ki, istədikləri yerə gedə bilirlər. Mən də istərdim ki, başımı aşağı salıb öz işlərimlə məşğul olum, heç kəs də mənimlə maraqlanmasın. Və yaxud dincəlmək istəyəndə digərləri kimi rahatlıqla dincəlim. Başqaları kimi ictimai yerlərdə özümüzü sərbəst apara bilmirik. Özünü daima nəzarət altında hiss edirsən. Adicə öz qohumumun evinə rahat gedə bilmirəm. Mən ora gedəndə adamlar nə vaxt çölə çıxmağımı gözləyirlər. Məşhurluq insanın sərbəstliyini məhdudlaşdırır".

Müğənni onu da qeyd etdi ki, məşhurluğunun ona böyük köməyi dəyir. Məsələn, dövlət yol polisi əməkdaşları bütün sürücülər üçün qorxu yaratdıqları halda, müğənniyə dəyib-dolaşmırlar: "Düzdür, mən yol hərəkəti qaydalarını o qədər də çox pozmuram. “Prava”nı da özüm hazırlaşıb almışam... Ancaq bəzən hansısa bir canlı yayıma tələsəndə "naruşeniya" etməli oluram. Onlar bu səhvləri mənə bağışlayırlar".

 

"Məşhurluğum çox yerdə dadıma çatıb"

"Məşhur insanlar təkcə incəsənət adamları deyillər. Lakin incəsənət xadimləri digər sahələri təmsil edən məşhur insanlara nisbətən daha çox üzdə olduqlarına görə onların üzərinə böyük məsuliyyət düşür. Bunun öhdəsindən gəlmək üçün isə xüsusi bacarıq tələb olunur",- bu sözlər isə ustad xanəndə, əməkdar mədəniyyət işçisi Əvəzxan Xankişiyevə məxsusdur. "Mən sənətə məşhurlaşmaq üçün yox, sənətimi sevdiyimə görə gəlmişəm. Məşhur olmaq hər sənətçiyə xoş gələn amillərdəndir", -deyən xanəndə bildirdi ki, məşhurluğu ona heç vaxt mane omayıb, əksinə, bəzi məqamlarda dadına yetib: "Hara gedirəmsə, məni tanıyırlar. Bütün sükan arxasında oturan sürücülər kimi bəzən mənim də yol-hərəkəti qaydalarını pozduğum məqamlar olur. Belə halları YPX  əməkdaşları mənim üçün keçirlər. Yaxud, SSRİ dövründə hansısa bir mağazada növbəyə duranda, insanlar mənə hörmət edib irəli buraxıblar. Hansısa xarici ölkəyə gedəndə aeroportun işçiləri tərəfindən hörmət görmüşəm". Sənətçinin sözlərinə görə, məşhur olmağın böyük məsuliyyəti də var: "Gərək sən elə hərəkət edəsən ki, sonra "bu adam məşhurluğundan istifadə edir" deməsinlər. Mənə elə gəlir ki, məşhurluq insanı xalqdan ayırmamalıdır. Həmin adamlar xalqın məhəbbəti hesabına məşhurlaşıblar. Bu məhəbbətə xor baxanların gözünə, Aşıq Ələsgər demişkən, "ağ damar, damar". Mən ilk dəfə Filarmoniyada çıxış edəndən sonra daha çox tanınmışam. O vaxta qədər toylardan az çıx tanınırdım".

 

"Bazarda məni görən alverçilər qiyməti qaldırırlar"

Xalq artisti, Azdramanın aparıcı aktrisası Firəngiz Mütəllimova isə artıq məşhurluğa alışdığını dedi: "Artıq buna alışmışam. İnsan təzə-təzə məşhurlaşanda bir az həyəcanlı olur. İstər-istəməz camaatdan ayrılmağa meyllənir. Ancaq indi özümü çox sərbəst hiss edirəm. Məşhurluğun xeyiri ondadır ki, səni hamı tanıyır. Çətinliyi isə ürəyin istədiyi yerə gedib-gələ bilməməkdədir. Bəzən də bazarlıq etməyə gedəndə satıcılar məni görən kimi qiyməti qaldırırlar".

Aktrisa onu da qeyd etdi ki, hamının tanıdığı adam olduqları üçün məşhurlar özlərini yuxarıdan aparmaqdansa, öz hərəkətləri ilə başqalarına nümunə olmalıdırlar: "İnsanlar var ki, sənətə məhz məşhurlaşmaq üçün gəlirlər. Ancaq mən sənəti sevib gəlmişəm və heç vaxt məşhurlaşmaq haqqında düşünməmişəm".

 

"İndi məşhurlaşmaq çox asandır..."

1987-ci ildə, Az.TV-nin hazırladığı yeni il gecəsində dünya şöhrətli muğam ustası Alim Qasımovla birgə oxuduğu "Yandıra-yandıra" adlı duetdən sonra məşhurlaşdığını deyən müğənni Almaz Ələsgərli isə xaricdə olarkən onu tanımayanda darıxdığını deyir: "Məşhur olmaq sənətçinin qismətinə yazılan böyük bir xoşbəxtlikdir. Hamı məni tanıyır, hörmət edir. Məşhurluğum heç vaxt mənə mane olmayıb. Sadəcə olaraq digər insanlar kimi rahat yaşamaq, rahat dincəlmək olmur. Ətrafdakı insanların baxışlarını həmişə üstündə hiss edəndə adam darıxır. Bununla belə, mən öz sadəliyimi itirməmişəm. Ürəyim istədiyi yerə gedirəm. Kefim istəyəndə hər hansı kafeyə girib nahar edirəm".

Almaz xanım həmçinin qeyd etdi ki, indiki dövrdə məşhurlaşmağın çox adiləşməsi onu narahat edir: "Biz məşhurluğu çox çətinliklə, "tikə-tikə" qazanmışıq. İndi isə məşhurlaşmaq çox asanlaşıb. Pulun varsa, tez bir zamanda məşhurlaşa bilərsən. Bir-iki klip çəkdir, pul verib telekanallarda göstər, vəssalam, olursan "ulduz"".

 

"Məşhur olmağın müsbət cəhəti odur ki, səni toya tez-tez çağırırlar"

Məşhur olmağın müğənni Cabbar Musayevə xeyri o olub ki, onu tez-tez toy məclislərinə dəvət edirlər: "Məşhur olmağın müsbət cəhəti odur ki, xalq səni tanıyır, sevir və tez-tez məclislərinə dəvət edir. Amma məşhur olmaq asan deyil, onu gərək zəhmət çəkib qazanasan".

Müğənninin sözlərinə görə populyarlığı ona nə mane olub nə də çətinlik yaradıb: "Əvvəl necə olmuşamsa, indi də özümü o cur sərbəst aparıram".

 

İLTİFAT