adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 May 2021 13:45
24408
MƏMLƏKƏT
A- A+

UŞAQLAR BİZİM GƏLƏCƏYİMİZDİR!

Dövlətimizin uğurlu sosial siyasətindən yararlanmağı ən çox uşaqlar haqq etmişlər. Çünki onlar bizim gələcəyimizdirlər. İstər hökumət tərəfindən, istərsə də Heydər Əliyev Fondu və başqa təşkilatların xətti ilə yetişməkdə olan nəslin sağlamlığı, təlim-tərbiyəsi üçün yetərincə böyük həcmdə işlər görülür, proqramlar həyata keçirilir. Xüsusilə də xəstəliyi, qüsuru olan uşaqların reabilitasiyası, cəmiyyətə inteqrasiyası daim diqqət mərkəzindədir.

Tale elə gətirmişdir ki, mənim övladlarım – 15 yaşlı Rüstəmli Selcan və Rüstəmli Nurcan əkiz bacıları anadangəlmə iflic xəstəliyindən əziyyət çəkirlər və ötən 15 il ərzində davamlı müalicəyə ehtiyaclı olmuşlar. Əlbəttə, valideyn olaraq, ailə başçısı olaraq etiraf edirəm ki, jurnalist qazancımla uşaqlarımın müalicə xərclərini qarşılmaaq imkanım aşağı olmuşdur. Lakin Azərbaycan vətəndaşı olaraq qüdrətli dövlətimizin qayğısından bizim ailəyə də pay düşmüşdür.

Son vaxtlarda qızlarımın əlil arabası ilə təmin edilməsindən ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdim. Çox həssas yanaşıldı. Gözlədiyimdən də qısa müddət ərzində müsbət həll olundu və uşaqlar müasir əlil arabaları ilə təmin olundular.  Üstəlik, ƏƏSMN-inin xətti ilə onlara Naftalan şəhərindəki “Möcüzəli” uşaq sanatoriyasına 14 günlük müalicə almaları üçün göndəriş də verildi.

Dövlətimizin qayğılı münasibətini uşaqlara ötürmək vəzifəsinin öhdəsindən layiqincə gələn ƏƏSMN rəhbərliyinə, şəxsən cənab nazir Sahil Babayevə ailəmiz adından, belə həssas, humanist yanaşmadan faydalanmış bütün ailələr adından dərin təşəkkürümü bildirirəm. Çox – çox arzu edirəm ki, nə vaxtsa (arzu edirəm ki, lap yaxın gələcəkdə) övladlarım özləri dövlətimizə minnətdarlıqlarını ifadə etmək iqtidarında olsunlar, səhhətləri imkan versin ki, əmək qabiliyyətli yetkin insanlar kimi işləyib ölkəmizin tərəqqisinə töhfə versinlər, qazanclarına uyğun vergi və sosial sığorta ödəyiciləri olsunlar.

Ceyhun Rüstəmli