adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
05 May 2021 12:42
32185
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: ABAD ELƏMƏK İSTƏDİLƏR, BƏRBAD OLDU

Düz 32 il bundan əvvəl Suraxanı rayonunun Yeni Günəşli yaşayış sahəsinin “D” massivindəki 13 nömrəli binanın qarşısında sakinlər çox gözəl bir yaşıllıq yaradıblar. Hansı ki, bir vaxtlar həmin yerlər daşdan, qayadan və suxurlardan ibarət idi. Camaat bu daşı, qayanı təmizləyib maşınlara yükləyərək orda bir səliqə-səhman yaratmağa nail olub. Özü də çox çətinliklə, çox əzab-əziyyətlə bu işləri görüblər. Onların orda əkdikləri hər ağacda, hər yaşıllıqda, hər abadlıqda alın təri, izi var. Üstəlik də bu ağaclara peyin verilib, torpaq gətirilib, isti yay günlərində fasiləsiz  olaraq suvarılıb. Hardasa həmin yerdə 300-dən çox ağac var.

Təbii ki, burda bağ salmaq, ağac əkmək elə də asan olmayıb. O bağın sahiblərindən olan Tahir Əliyev deyir ki, mən burda ömrümü qoymuşam. Elə bilirəm ki, o ağacların hər biri mənim övladımdı. Və övladım qədər bu 32 ildə o ağacların nazıyla oynamışam. Amma təxminən 15 gün bundan qabaq Suraxanı rayonunun Qaraçuxur bələdiyyəsindən və eləcə də icra nümayəndəliyindən gəlib bizə dedilər ki, bu hasarları sökməlisiniz. Sökməsəniz buldozerin qabağına verib dağıdacağıq. Elə dağıtmaq da istəyirdilər. Amma sadəcə olaraq, qadınlar onların qarşısına çıxdı və bu proses də dayandı. Deyilənlərə görə, burda abadlıq işləri görüləcək. Sözümüz yoxdur, qoy görsünlər, amma başqa işlər eləməsinlər. Çünki bizim bağın qarşısındakı bağları da sökəndə demişdilər ki, ağaclara dəyilməyəcək, abadlıq işləri görüləcək. Amma indi orda iki 16 mərtəbəli bina inşa edilir. Ağacları da “uf” demədən qırdılar. “Ana Kür” MTK-nın sədri Vahid Abdullayevin tikdiyi bina bizim yaşadığımız 13-cü binanı həm gün işığından məhrum edib, həm də havanın qarşısını alıb. Eşitdiyimizə görə, elə “bağ əməliyyatı” da həmin dalğadı gəlib bizi tutur.

Bağ sahiblərindən Möhübbət, Rövşən, Zaur və Samir dedi ki, biz abadlığın əleyhinə deyilik. Biz onun əleyhinəyik ki, hasarı sökəndən sonra həmin yerlər bərbad vəziyyətə düşüb. Artıq bir neçə ağac qırılıb və eləcə də məhv edilib. Üstəlik də bağa gedən su xətti də sıradan çıxıb. Biz özümüz söküntü işi apardıq ki, gəlib burda Qaraçuxur bələdiyyəsi və həmin ərazinin icra nümayəndəliyi abadlıq aparsın. Amma indi abadlıqdan söhbət gedə bilməz. On gün keçir, onlardan səs-soraq yoxdur. Ağaclar isə havalar istiləndikcə su verilmədiyinə görə quruyur.

Bağ sahiblərilə söhbət zamanı həm bələdiyyə sədri İxtiyar müəllim, həm də icra nümayəndəsi bildirdi ki, burda abadlıq işləri aparılacaq. Hətta sakinlərdən biri gileyləndi ki, “Ana Kür” MTK-nın bizim yerə gözü düşüb. Onlar istəyir ki, yolu bağın sahəsinə keçirsinlər və ərazini genişləndirsinlər. Bələdiyyə sədri və icra nümayəndəsi bildirdi ki, bu barədə söhbət gedə bilməz. Burda abadlıq işləri aparılacaq. Amma camaat bələdiyyə sədrinə bir o qədər də etibar eləmir. Çünki hörmətli İxtiyar müəllim  bina tikilməmişdən əvvəl sakinlərə demişdi ki, heç bir ağac qırılmayacaq. Ancaq camaat bunun əksini gördü, ağacların qırıldığının şahidi oldu. Belə hadisələr camaatın dövlət qurumlarına inamını azaldır.

Sakinlərin şikayəti əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki əməkdaşı həmin yerə gəlib, ağacların və yaşıllıqların görüntülərini çəkib. Onlar da bildirib ki, burda bir ağac belə çıxarıla, ya da kəsilə bilməz. Amma artıq iri gilənar ağacı qırılıb yerə düşüb, bir neçə həmişəyaşıl ağacsa yerə aşıb. Deyilənlərə görə, bağ nəzarətsiz olduğu üçün kimlərsə gəlib o ağacları çıxarıb aparmaq istəyir. Bağ sahiblərindən biri olan Rövşən müəllim hətta ağacı çıxarıb aparmaq istəyən adamın şəklini çəkib.

Təbii ki, nəzarətsizlik olan yerdə bu cür hadisələr istənilən qədər baş verə bilər. Camaatın 32 ildə çox əzab-əziyyətlə əkdiyi və böyütdüyü ağaclar artıq hasarlar söküldüyünə görə, nəzarətsiz qalıb. Söz verən dövlət qurumları isə gəlib çıxmaq bilmir ki, bilmir. Indi burda abadlıqdan yox, bərbadlıqdan danışmaq olar. Çünki hər tərəf tullantıların içindədi. Üstəlik də həmin yerlər təmizlənmədiyi üçün vəziyyət bir qədər də gərginləşib.

Usta Tahir deyir ki, mən 32 il əkib-becərdiyim ağaclara baxmaqdan xəcalət çəkirəm. Sanki onlar məni qınayır ki, 32 il kölgəmdə oturdunuz, meyvəmi yediniz, xeyrimi gördünüz, bəs indi niyə mənim başıma açılan müsibətə durub tamaşa edirsiniz? Heç olmasa qoymayın bizi məhv olmağa.

Bu günlərdə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov şəhərdəki yaşıllıqlarla bağlı müşavirə keçirib. Həmin müşavirədə bir daha hörmətli Eldar müəllim tapşırıb ki, hər bir icra başçısı ərazisindəki yaşıllıqlara diqqət yetirməli, onları məhv olmağa qoymamalıdır. Tabeliyindəki qurumlar abadlıq işlərini davam etdirməlidir. Elə həmin müşavirədə Sabunçu rayon İcra Hakimiyyəti başçısının bəzi yaşıllıqlara və  parklara yaxşı xidmət göstərilmədiyinə görə xəbərdarlıq edilib.

Göründüyü kimi, ünvanını qeyd etdiyimiz yerdə də çoxlu sayda ağaclar və yaşıllıqlar var. Onların qorunmaması, məhv edilməsi onu deməyə əsas verir ki, belə davam etsə, həmin yerlərdə də abadlıq yox, bərbadlıq olacaq. Hər halda, aidiyyəti qurumlar bu vəziyyəti bilməmiş deyil və qısa zaman kəsiyində bundan çıxış yolu tapmalıdılar. Əks təqdirdə, nəzarətsiz və sahibsiz qalan bu ağaclar məhv olub gedəcək.