adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
05 May 2021 11:38
68983
MƏMLƏKƏT
A- A+

“Bu gecə gözümdən getmədi Laçın...” - Zemfira Məhərrəmli yazır

Oxucu ruhu təzələyən bədii nümunədən zövq alırsa, əsər estetik həzz aşılayırsa, bu yazarın uğurudur. Bununla yanaşı, mütaliə zamanı oxuduqlarının təsiri altında düşüncələrə dalırsansa, deməli, bu əsər çox dəyərlidir və müəllif öz istəyinə çatıb. Bədii mətndə işlənən söz həm şüurda, düşüncədə, fikrimizdə, həm də hiss və duyğularımızda xəfif bir titrəyiş, ehtizaz yaradırsa, belə əsəri oxumaq insana mənəvi qidadır, dayaqdır, tapıntıdır. Tanınmış şair-publisist, tərcüməçi, folklorşünas İlham Qəhrəmanın ərsəyə gətirdiyi bədii nümunələri hər dəfə oxuyarkən bu fikirlərin doğruluğuna bir daha inanıram. O, duyum, müşahidə qabiliyyəti güclü olan yazarlardandır, incə, zərif lirizmlə süslənmiş məhəbbət şeirləri ilə də tanınır. O, fitrətən şairdir. Ustad M.Şəhriyar demiş: “Şair ola bilməzsən, anan doğmasa şair”.

Uzun müddət düşmən tapdağında qalan Laçının Sus kəndində dünyaya göz açan, ilahi gözəlliyə malik yurd yerinin bənzərsiz təbiətindən ruhu təzələnən, içində bir coşğu yaranan gənc İlham şair olmaya bilməzdi. Doğma Laçının şiş uclu dağlarının, sıldırım qayalarının, yamyaşıl meşələrinin, diş göynədən bulaqlarının vurğunu olan gənc şair qələmə sarılıb qaynar coşğun təbiylə sevgi və təbiət şeirləri yazırdı. Yaradıcılığının ilk dövrlərində yazdığı şeirləri kimi, ömrün müdriklik çağına düşən nəzm nümunələrinin də dili sadə, xəlqi və axıcıdır. Sonralar şifahi xalq ədəbiyyatı silsiləsindən olan, ağız ədəbiyyatı nümunələrinin toplandığı “Laçın folkloru” kitabı da elə yurd-yuvaya bağlılıqdan işıq üzü görmüşdü.

Dağlar qoynunda qərar tutan Laçın odlara qalananda bu yurd yerimizin ah-naləsi göylərə bülənd oldu. Laçın harayı ağsaçlı, əzəmətli Dəlidağın uca zirvəsinə çatıb əks-səda verəndə kimsə bu acı fəryadı, ah-naləni eşitmədi. Tarixin ayrı-ayrı dönəmlərində digər yurd yerlərimiz kimi, Laçının da başı nə müsibətlər çəkməmişdi. Ötən əsrin sonlarında düçar olduğumuz Birinci Qarabağ savaşı həmin faciələri yurddaşlarımıza bir daha yaşatmışdı. Ermənilərin əzəli torpaqlarımızdan pay umması ilə rəvac verilən canüzücü münaqişə, tüğyan edən qanlı müharibə soydaşlarımızının həyatına kədər, susqunluq, küskünlük gətirmişdi. Qələm adamları da bu üzüntülü yaşantılardan yan keçməmişdi. İlham Qəhrəman işğal edilmiş yurdu ilə bağlı “Bu gecə evimiz yadıma düşdü” adlı bir şeir yazmışdı:

 

Nə vaxtdı sayırıq günləri, ayı,

Nə vaxtdı sağ gözüm Zabux çayıdı,

Nə vaxtdı sol gözüm Həkəri çayı.

O vaxtdan boğazım Çayqovuşandı.

Bu da bir gecədi belə yaşandı, −

Bu gecə evimiz yadıma düşdü.

 

Gəzdimdağlarınıcığırınacan,

Üzdümyollarındaçarığımacan,

Qaradanamızınaxurunacan−

Bugecəevimizyadımadüşdü...

BugecəgözümdəngetmədiLaçın.

 

Yurd həsrəti ilə qovrulan, yanıb-yaxılan şair heç nə ilə aram olmur, hafizəsində tez-tez Laçınlı günlərinə qayıdır, dağ döşündəki evlərini, gül-çiçəkli çəmənlərini, düzlərdə bitən şehli otları xatırlayır:

 

Laçında,

sinədəkievimizin

çəpərqolları

tutdizlərini

qucaqlayıbqaldı...

 

Şairin Vətən ağrısı ilə yoğrulmuş şeirlərinin əksəriyyətində dədə-baba yurdu, onun şiş ucları buludlara dirənən əzəmətli dağları, boya-başa çatdığı kəndin vüqarlı insanları əsas obraz kimi göz önündə canlanır. İlham Qəhrəman köksünə sığmayan həsrəti, qəribsədiyi el-obasının xiffətini kövrək duyğularla, həzin ahənglə çatdırır. “Tanrı möhlət verə, qismətim ola, qayıdam yenə də çıxam dağlara” deyən şair son nəfəsində belə doğma Laçınını görmək, onun torpağına qarışmaq istəyir:

 

 

GörənnəyazıbdıalnımaYazan?..

Dağlarayazmasa, alnımdanpozam.

Birbulaqüstündəqəbrimiqazam,

Qarışamdağlara,axamdağlara.

 

İtirilmiş dədə-baba torpaqlarımızın, isti od-ocağımızın düşmən əlində qalması digər soydaşlarımız kimi, laçınlıların da qaçqın-köçkün həyatı yaşaması şairin qəlbini sıxan, düşüncələrinə daim hakim kəsilən hisslər, duyğular idi. Bütün bunlara biganə qalmayan İ.Qəhrəman həmin bəlaları şeirlərində poetik ovqatla nəql edir, 90-cı illər savaşında nəsibimiz olan uğursuzluqlar da onun şair qəlbini ağrıdırdı:

 

Müharibə qəribədir,

Hər kəs öz vəznində olur, −

Hər gedən bir işə gedir.

Kimi şəkil çəkdirməyə,

Kimisi döyüşə gedir.

 

İlham Qəhrəman şeirlərinin ovqatına uyarlı sözlər, ifadələr seçir. Şairin nəql etdiyi hadisəni hiss etdirmək məharəti güclüdür. O, bəhs etdiyi həqiqəti içindən, duyğularından keçirərək dilə gətirir. Baş vermiş olayın sanki içindəsən, gerçəkliyi duyur və görürsən. Bu, onun poeziyasının gücüdür. Həm də sözlə hadisəni göz önündə canlandırmaq, təbii görüntü yaratmaq məharətidir. Bu şeirlərin biri digərini təkrarlamır, oxucuya yeni biçimdə və fərqli izhar üslubunda, necə deyərlər, yeni axında çatdırılır.

Bir şəhidin dilindən qələmə aldığı “Borc” adlı şeirini həyəcansız oxumaq olmur. “Daş qalalar bürcüynən, şəhid ömrü borcuynan” deyiblər. Şəhidin dedikləri ağrılı olsa da, yaşadığı həyat və döyüş yolu ürəyimizi qürurla, fəxarət hissi ilə doldurur:

 

Səni sıxmalı sinəmə avtomatı sıxdım,

Görüşünə çıxmalı yerdə

quş qatarıynan gələn güllə qabağına çıxdım.

Bu döyüşdü − kim öldü, kim yaralı çıxdı,

Ürəyimdə çırtlamayan sevgi başda idi,

amma Vətən ondan irəli çıxdı.

.

Vətən naminə canından keçən, qanı Ana torpağa qarışan, şəhadətə yüksələn şəhidin son kəlmələri müəllifin bu şeirdə çatdırmaq istədiyi əsas fikrin, mənanın canını, məğzini təşkil edir:

 

Sevgisinə yetişmədiyim,

adını bilmədiyim qız,

sənə olan borc məni

qəbirdə də dinc qoymur.

 

Oğullar düşmən çəpəridir, deyirlər. Oğullar dünyaya gələr, Vətən heysiyyətini, məmləkəti, doğma yurd-yuvanı, isti od-ocağı qorumaq üçün. Şair bu fikrin yeni çalarını, izhar etmə çözümünü belə tapır:

 

Torpağı alacağımızı

əvvəldən bilirdilər,

Oğul doğulduğumuzda

şəhidlik bahası

şirinlik alırdılar.

 

Təbi “gah kürətək qızmar, gah da qış kimi ayaz olan” şair, “dünya bir ağ kağız ola, mən də bircə kəlmə yazam: Laçın” deyir. O, hələ illər öncə qələmə aldığı yurd həsrətli şeirini bu misralarla bitirir:

 

Sudançıxanbalıqkimi

Ağzımıaçıb-yumuram.

Birəsgərçıxmıryuxumdan−

Əldəbayraq,dildə“Urra,

Laçın!”

 

Bu misralarda qarşısıalınmaz arzutək gözlədiyimiz, intizarında olduğumuz Qələbə müjdəsini eşidəcəyi günü hətta yuxularında görən şairin istəyi, qalibiyyətimizə inamı ifadə olunub.

Zəfər yürüşündə şəhid də olarlar, axı, hər şey Vətən adına, Vətən naminədir. Bütün dünyaya səs salan möhtəşəm Zəfərimizin ünvanı – 44 gün çəkən Vətən müharibəmiz bu həqiqəti bir daha təsdiqlədi. Haqq savaşımıza qatılan oğullar qanlı cəbhələrə döyüş əzmi, ruh yüksəkliyi ilə yollanırdılar. Şairin təbirincə desək, sanki “niyyət etmişdilər, niyyətləri hasil olumuşdu”, intizarını çəkdikləri “həmin gün Allahdan nazil olmuşdu”. “Təzə dil açan bülbültək” könülləri nəğmə ilə doluydu. Şeirdə igid oğulların döyüş arzuları belə təsvir edilir:

 

İllərin tamarzısıdı,

Vətən buyruğa göndərsin.

Bağdan, bağçadan ayırsın

Yaraqla dağa göndərsin!

 

Zəfər müharibəmizə gedən yolda yolüstü rəqs edən şəhid Fədailin xatirəsinə ithaf olunmuş bu bədii nümunədə yurdun igid oğlunun – şairin poetik qəhrəmanının son döyüşü bədii lövhələrlə təsvir olunur:

 

Parladı bir qılınc kimi,

Gün altında qəmzə qaldı.

Ana torpağın üstündə

Rəqsi ondan imza qaldı.

 

 

Qəlbi daim yurd həsrəti, xiffəti ilə çırpınan Laçın dağlarının şair oğlunun da arzusu, istəyi, nəhayət, həyata keçdi. Digər yaşayış məntəqələrimiz, şəhər və kəndlərimiz, azad edilmiş bölgələrimizlə yanaşı, indi Laçın da xoş günlərinə qayıdır. Əsl sahiblərinin hənirtisinə möhtac, el-obamıza aparan, kol-kos basmış yollar indi nəfəsimizlə isinir, işğaldan azad olunmuş yurd yerlərimizdə artıq həyatın nəbzi duyulur, abadlıq, bərpa işləri görülür. İndi İlham Qəhrəman daha çox Zəfər şeirləri yazır.

 

Zemfira Məhərrəmli

yazıçı-publisist