adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 May 2021 18:35
43276
MƏMLƏKƏT
A- A+

Nofəl Qasımov - 60 - Elşad Barat yazır

Bir anlığa oğlumun şəhid olduğunu düşündüm. Bir tərəfdən qəhrəman olduğunu, adının dillərdə əzbər olduğunu, könüllərdə yaşadığını, digər tərəfdən öldüyünü, yəni yanımda olmadığını, torpağın altında yatdığını xəyalən yaşadım. Düzdür, şəhid olmaq ölmək deyil, amma həm də birdəfəlik səni tərk etməkdir. 

Gözlərim doldu, oğlumu çağırıb üzündən-gözündən öpdüm, bağrıma basdım. 

Bu xəyal bir dəqiqə çəkmədi, amma mən nələr çəkdim, nələr...

Mənim bircə dəqiqəsinə dözə bilmədiyimi şəhid ataları, anaları illərlə yaşayır. 

Bir şəhid atası tanıyıram. Bir gün ona yüksək rütbəli bir zabit zəng edir, dili topuq vura-vura, çəkinə-çəkinə oğlunun şəhid olduğunu deyir, ata isə "bəs, bölüyü kim idarə edir?" - deyə sual verir. Zabit bir daha ataya oğlunun şəhid olduğunu deyir, ata isə "onu bildim, bölüyü kim idarə edir?" - sualını təkrarlayır. Telefonun o başında zabit kövrəlir, fərəqətdə dayanaraq ataya hərbi salam verir və Hadruta onun oğlunun bayraq sancdığını bildirir. 

O şəhid atası Nofəl Qasımovdur. 

Bu gün şəhid oğlu Səidin çarpayısında yatır.

Hazırda Hadruta səfərdədir, şəhid oğlunun Hadruta sancdığı o müqəddəs bayrağı öpmək üçün gedib. Həm də 60 yaşını oğlunun şəhid olduğu o yerdə tamamlayacaq.

Nofəl Qasımov 92-93-də Füzuli rayonunun icra başçısı olub. 50-ə yaxın zabitin toyunu şəxsən özü edib, yüzlərlə insana yardımı dəyib. Həm başçı olub, həm vətəndaş, həm də əsgər. Hadrut üçün vuruşub. Onun uğrunda vuruşduğu Hadruta şəhid oğlu bayraq sancıb. Həyatda həmişə haqqın tərəfində yer alıb. Rüşvət almayıb. Bazarda, küçədə adamların arasında rayona başçılıq edib. 27 ildir ki, işsizdir.

Bir gün bir toyda bir nəfər Nofəl bəyə yaxınlaşır və deyir ki, mən filankəsəm, siz 25 il öncə mənə toy etmisiz, yoldaşım da sizin yoldaşınızın yanında oturub. 

Yəni, Nofəl Qasımov yaxşılıq edib unudan adamdır. 

Şəhid atası olmaq canından bir parça ayırıb vətənə bağışlamaqdır. Sən vətənə qarışırsansa, vətən də sənə qarışır. Vətənləşirsən. Üstəlik, sən yaxşı insansansa, xalq, millət, dəyərlər sənin üçün müqəddəsdirsə, sən tarixsən, əbədisən, ölməzsən. 

Nofəl Qasımov gəncliyində, yüksək vəzifə sahibi olanda və sonrakı illərdə xidmətlərinə, səmimiyyətinə, insanlığına görə tarixləşən, əbədiləşən, ölməzləşən bir şəxsiyyətdirsə, şəhid Səidin atası kimi artıq müqəddəsləşən bir insandır. 

Həmişə demişəm, səmimiyyət insanlığın əsas göstəricilərindən biridir. Səmimi insan sevəndə də səmimi olur, nifrət edəndə də. Səmimi nifrət saxta sevgidən daha xoşdur. Nofəl Qasımovun səmimiliyi mənə Əbülfəz Elçibəyi xatırladır. O danışanda hərdən adama elə gəlir ki, qarşındakı Elçi Bəydir. Əlləri də Elçi Bəyin əllərinə oxşayır. Nofəl bəyin sözlərindən demokratiyanın qoxusunu almaq olur. 

Hər bir insanın, əşyanın adını çəkəndə bizim beynimizdə onu necə tanımışıqsa, həmin obrazı yaranır və sözə çevrilir. Məsələn, meşə deyəndə ağac, maşın deyəndə yol, yuxu deyəndə yatmaq, saat deyəndə zaman, fotoaparat deyəndə şəkil yada düşürsə, Nofəl Qasımov deyəndə adamın ağlına səmimiyyət, ədalət, demokratiya, vətən, xalq gəlir. 

Əgər şair yazdığı şeiri ilə xalqına, millətinə, vətəninə xidmət edirsə, rəssam çəkdiyi şəkillə, heykəltəraş heykəli ilə, bənna tikdiyi bina ilə xidmət edir. Nofəl Qasımov isə öz ömrü ilə, canı ilə bu vətənə, bu millətə xidmət edib. 

Doyunca sarılmadığın, doya-doya öpüb bağrına basmadığın balanı vətən üçün, millət üçün şəhid vermək canından can ayırmaq canı ilə, ömrü ilə xidmət etmək deyilmi? 

Bu gün o canından can ayırıb vətənə bağışlayan, vətənə hopan, vətənləşən atanın, gözlərində xalq gördüyüm, ürəyində Təbrizdən Zəngəzuracan bütöv Azərbaycan gəzdirən inanın - Nofəl Qasımovun doğum günüdür. 

Vətən boyda adamı, vətənləşən adamı elə vətən adından, xalq adından, şəhərlər, kəndlər, dağlar, daşlar, çaylar adından, ağaclar, güllər, çiçəklər adından təbrik etmək lazımdır. 

Nofəl Qasımov, siz canı ilə, qanı ilə, ruhu ilə bu millətə, bu xalqa, bu vətənə xidmət edən insansız. Numunəsiz!  Mən sizi ürəkdən təbrik edirəm! Nə yaxşı ki, bu dünyaya gəlmisiz. Yubiley yaşınız, altımışınız mübarək! 

Elşad Barat 
Bakı, 1 may 2021