adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
29 Aprel 2021 16:17
17939
MƏMLƏKƏT
A- A+

İlham Əliyevin İkinci Dünya müharibəsi iştirakçıları ilə bağlı Sərəncamı 6 083 nəfərə şamil olunacaq

Prezident İlham Əliyevin 29 aprel 2021-ci il tarixli Sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 6 083 nəfərə şamil olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 29 aprel 2021-ci il tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşlara göstərilən yüksək diqqət və qayğının növbəti nümunəsidir.

Sərəncama əsasən, 1941-1945-ci illər İkinci Dünya müharibəsində Qələbənin 76-cı ildönümü ilə əlaqədar İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 1500 manat məbləğində birdəfəlik maddi yardım ödəniləcək.

Həmçinin, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Sərəncam ümumilikdə 6083 nəfərə şamil olunacaq.

Onlardan 181 nəfəri İkinci Dünya müharibəsi iştirakçısı, qalanları İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş, habelə sənəddə nəzərdə tutulan digər şəxslərdir.

Birdəfəlik maddi yardımların ödənilməsi üçün Sərəncamla Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 4,8 milyon manat vəsait ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın yüksək səviyyədə icrası təmin edilməklə, birdəfəlik maddi yardım İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.