adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Aprel 2021 15:05
19224
MƏMLƏKƏT
A- A+

Qazet alan, ay qəzet alan!..    

Sosial şəbəkələrin geniş vüsət almağa başladığı andan etibarən kağız media sıradan çıxmağa başladı. Məlumdur ki, artıq qəzetlər də əvvəlki kimi oxunmur. Səbəblərini araşdırmaq üçün sosial şəbəkə istifadəçiləri arasında “Qəzet oxyursuzmu? Necə bir qəzet görmək istəyərdilər?” sualı ilə sorğu keçirdik.

Oxuculardan bir qisminin cavablarını təqdim edirik.

Samir Niftiyev: Aydın məsələdir ki, qəzetlərin sıradan çıxmağına səbəb sosial şəbəkələrdir. Amma yenə də aktuallığı saxlamaq olar. Qəzetlər də maraqlı çıxmalıdır. Daha çox təsnifatlaşdırmaq lazımdır. Məsələn, şou xarakterli bir şeyi ciddi bir qəzetdə verib reputasiyanı öldürmək olmaz.

Sevinc Adilova: Mən bir neçə il əvvələ qədər hər gün oxuyurdum. Yaxşı qəzetlər çıxırdı, yaxşı yazılar olurdu. İndi onu da görmək olmur, sosial şəbəkələr də həvəsdən salır. Qəzetlərin formatı həm yazı, həm də dizayn baxımından dəyişib. Əvvəl jurnallar da, qəzetlər də fərqli çıxırdı.

Emin Əlizadə: 2000-lərin əvvəlində özüm də qəzetdə işləmişəm. İndi yenidən qayıdıb işləmək istəmərəm. Maliyyə o deyil, özüm də qəzet çıxartmaq istəyərdim, amma görünən odur ki, artıq həvəs yoxdur oxumağa, heç kim oxumur. Necə dizanydə, nə cür yazılar versən də internet bu imkanları özünə çəkib.

Namiq Səfərov: Bu gün qəzet bazarıdan 30 ildən bəri çıxanlar da var, onlar da artıq əvvəlki kimi deyil. Əvvəlki yazıları, formanı görə bilmirəm. Görünən odur ki, bu proses belə də gedəcək. Sadəcə təəssüflənmək olar. Mən daha çox siyasi və ədəbi yazılar görmək istəyərdim qəzetdə.

Sevinc Məmmədli: Vaxtı ilə futbolçu olmuşam, idmana həvəsim çox idi və elə ancaq idman qəzeti oxuyurdum. İndi də ara-sıra oxuyuram, amma marağım yoxdur. Çünki ondan da artığı sosial şəbəkədə var. Yəqin, daha fəqrli bir şey etmək lazımdır ki, qəzetdə olanı burda tapa bilməyək. Bu cür oxutmaq olar.

Aynur Aydın:  Qəzetlərin sıradan çıxmağı təbii ki, xoş deyil. Vaxt var idi hər kəsin əlində bir qəzet olardı, hamı oxuyardı. İndi uzaqlaşıblar amma. Di gəl, o qədər də qınamalı deyil. Hamı istədiyini sosial şəbəkədə tapır. Həm dizayn fərlidir, həm də yazılar.

Aytac Mərdənova: Niyə oxunmamağı aydın məsələdir. Birinci növbədə sosial şəbəkələr bu imkanı genişləndirib. Deyəsən, qəzetlərin maliyyəsi azdı deyə, fərqli çıxır, solğun olur. Burasını dəqiq bilmirəm. Amma əvvəl belə deyildi. Hər halda yenilik etmək olar. Bəlkə bir az maraq artdı.

Fidan Məmmədova: Mənim sevgilim özü qəzetdə işləyir indi də. Ondan da eşidirəm, özüm də görürəm ki, fərqli nəsə eləmək lazımdır. Niyə kimsə solğun qəzetlər oxumalıdır? Yaxud, sosial şəbəkədə oxuya biləcəyimizi qəzetdən oxuyaq? Hazır var da burda.

Jalə Sadıqova: Uzun illərdir xaricdə yaşayıram. Bakıda olanda qəzetlər aktual idi, elə indi burda da belə deyil. Yəni, bu tendisiya dünyada da belədir. Artıq dünya internet üzərindədir. Məncə, nə etsək də xeyri olmayacaq. Dövr dəyişib.

Aytac Söhbətova: Həm qəzetlərin indki dizaynı, həm də yazılar sıradan çıxardıb. Amma başlıca səbəb sosial şəbəkələrdir. Düşünürəm ki, zəmanəyə uyğun olaraq artıq bununla ayaqlaşmalıyıq. Necə və nə cür çıxmağından asılı olmayaraq.

Əfruzə Həsənli: Mən artıq kimisə qəzet oxuyan görmürəm. Yenə bir az yaşlılar oxuyurdu, indi onlar da oxumur. Yəqin, hamının marağı itib. Özüm az oxumuşam deyə bir şey deyə bilmərəm, amma oxuduğum qədər görürəm ki, əvvəlki kimi deyil. Bu işin peşəkarları maraqlı nələrsə etməlidir.

İlham Əzizov: İndi də yaxşı qəzetlər çıxır, həm yazı cəhətdən, həm də dizayn baxımından. Mənə elə gəlir nə etsən də, düzəlməyəcək. Çünki informasiya əldə etmək çox asandır. Bir toxunuşla əldə ediləndən sonra kimid qəzet oxuyan? Sorğudan da göründüyü kimi insanlar həm yazılardan, həm də dizayndan narazıdır. Təbii ki, bunların fonunda sosial şəbəkə faktoru da danılmazdır. Nəticə ürək açan olmasa da, belədir...

Nəzərə alsaq ki, sorğunu müxtəlif yaş qrupundan olan insanlar arasında keçirmişik, yaxın gələcəkdə hansısa möcüzınin olmasını arzu etməkdən başqa yol qalmır...

Orxan Saffari.