adalet.az header logo
  • Bakı 20°C
28 Aprel 2021 12:24
16039
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: ATMOSFERƏ ZƏRƏRLİ QAZLAR ATILIRSA...

Bu, çoxlu sayda insanların müxtəlif xəstəliklərə düçar olmasına gətirib çıxarır

Biz elə düşünürük ki, göy üzünü nə qədər çirkləndirsək də, göy üzü o zərərli maddələri saxlayacaq. Burda yadımıza böyük Ramiz Rövşənin “Göy üzü daş saxlamaz” şeiri düşür. Deməli, heç də hər şey biz düşündüyümüz kimi deyil. Və atmosferə atılan normadan artıq zərərli qazlar yenidən yağış, qar və digər bir formada bizə qayıdır, insanları müxtəlif xəstəliklərə düçar eləyir.

Ona görə də atmosferin çirkləndirilməsinin qarşısının alınması həmişə ölkəmizdə başlıca vəzifələrdən sayılıb. Bu məqsədlə dövlət proqramları həyata keçirilib. Hər il Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Daxili İşlər Nazirliyi birgə “Təmiz hava” aylığı keçirilib. Təbii ki, bu tədbirlərin gerçəkləşdirilməsi qabaqlayıcı tədbirlərdən sayılır və eyni zamanda, atmosferə normadan artıq zərərli qazların atılmasının qarşısını alır.

Heç kimə sirr deyil ki, hər il ölkəmizdə və Bakı şəhərində atmosferə normadan artıq yüz tonlarla zərərli qazlar tullanır. Bu isə bayaq dediyimiz kimi, havanı çirkləndirməklə yanaşı, müxtəlif xəstəliklərə münbit şərait yaradır. Artıq aprel ayından başlayaraq daxili işlər nazirinin əmri ilə kobud qayda pozuntularına qarşı və eləcə də atmosferin çirkləndirilməsini mühafizə etmək məqsədilə mübarizə daha da gücləndirilib. Başqa sözlə demiş olsaq, Baş Dövlət Yol Polisi İdarəsi bu sahədə çox ciddi addımlar atmağa başlayıb.

Təbii ki, atmosferi ən çox çirkləndirən müxtəlif istehsalat sahələrindən, tikintilərdən və eləcə də ayrı-ayrı nəqliyyat hadisələrindən havaya atılan normadan artıq zərərli qazlardı. Baş Dövlət Yol Polisi İdarəsinin Avtotexniki Müfəttiş şöbəsinin əməkdaşları da onların qarşısında duran vəzifələrin yerinə yetirilməsində çox diqqətlidilər. Yəni aprel ayından başlayan tədbirlərin ilk günündən şöbənin özünün atmosferin çirkləndirilməsinin qarşısının alınması üçün mühüm planları var. Bu da ondan ibarətdir ki, şöbə əməkdaşları həm Bakı şəhərində, həm də regionlarda atmosferin çirkləndirilməsinin qarşısının alınması üçün keçirilən reyd və yoxlamalarda yaxından iştirak edir.

Aydındır ki, qanun pozuntularının qarşısı, xüsusən də yol hərəkəti qaydalarına əməl edilməməsi iki vasitə ilə alınır; inzibati tənbeh və maarifləndirmə! Əlbəttə, bu iki metoddan mütəmadi olaraq istifadə edilməsi istər-istəməz həyata keçirilən tədbirlərə müsbət təsirini göstərir. Məhz  avtotexniki müfəttişlik şöbəsinin əməkdaşları da qanunu pozan sürücüləri daha çox maarifləndirmə yolu ilə islah edirlər. Bu həm də özünü dəfələrlə doğrultmuş metodlardan biridi. Belə ki, şöbənin əməkdaşları müxtəlif vaxtlarda müəssisə və təşkilatlarda olur, nəqliyyat vasitələrinin sahibləri və sürücülərlə maarifləndirici söhbətlər aparır. Bir daha onların nəzərinə çatdırılır ki, hər hansı nəqliyyat vasitəsi texniki cəhətdən saz olanda ondan atmosferə normadan artıq zərərli qazlar atılmır. Məhz bu cür maarifləndirici söhbətlərlə nəqliyyat vasitələrində yaranmış texniki qüsurlar vaxtında aradan qaldırılacaq. Bir də onu qeyd etməliyik ki, yol polisi ilə sürücülər və hərəkət iştirakçıları arasında bu cür anlaşıqlı münasibətlərin olması ümumi işə müsbət təsir göstərir.

Bayaq qeyd etdiyimiz kimi, artıq avtotexniki müvəttişlik şöbəsinin əməkdaşları Bakı ilə yanaşı, Sumqayıt, Şirvan, Mingəçevir, Gəncə, Lənkəran və digər şəhərlərdə də atmosferin çirkləndirilməsinin qarşısının alınması üçün keçirilən reydlərdə fəal iştirak edirlər. Bu reydlər zamanı bir daha aydın olur ki, Sovet və Rusiya istehsalı olan “VAZ” markalı avtomobillərdən atmosferə daha çox zərərli qazlar atılır. Bu cür zərərli qazların atmosferə normadan artıq  atılması ayrı-ayrı sürücülərin məsuliyyətini bir daha yüksəltməlidi. Eyni zamanda, ağır yük maşınlarından olan və texniki cəhətdən nasaz sayılan “KAMAZ” və “KRAZ” markalı bir çox maşınlardan da havaya normadan artıq zərərli qazlar atılır.

Nəqliyyat vasitəsinin sürücüsü atmosferə normadan artıq zərərli qaz atırsa, bu, 50 manat məbləğində cərimə deməkdi. Hansı ki, bununla bağlı yol polisi keçirdiyi bütün reydlərdə sürücülərə məlumat verir, onları maarifləndirir, bu sahədə diqqətli olmalarını tövsiyə edir. Təəssüf ki, buna baxmayaraq, bəzi sürücülər yenə texniki cəhətdən nasaz avtomobillərin sükanı arxasında əyləşirlər.

Avtotexniki müfəttişlik şöbəsinin rəisi, polis polkovnik- leytenantı Xalid Əzimov bizimlə söhbətində bildirdi ki, cənab nazirin əmri ilə həyata keçirilən bu tədbirlər demək olar ki, artıq günbəgün öz müsbət nəticəsini göstərir. Təbii ki, böyük tədbirlər planının tərkib hissəsi olan atmosferin çirkləndirlməsinin qarşısının alınması bizim ən mühüm vəzifələrimizdən biridir. Və həmişə də çalışmışıq ki, müxtəlif idarə, müəssisələrə məxsus olan nəqliyyat vasitələrinin sahibləri, eləcə də sürücülərlə maarifləndirici söhbətlər aparaq. Yəni öncə onları inandıraq ki, təmiz havanı qorumaq hamımızın borcudur. Təmiz havanı qorumaq isə istehsalat müəssisələrindən, tikinti meydançalarından və eləcə də müxtəlif nəqliyyat vasitələrindən atmosferə normadan artıq zərərli qazların atılmamasıdır. Aydındır ki, biz qarşıya qoyduğumuz məqsədə həm maarifləndirmə, həm də inzibati məsuliyyətə cəlb etməklə nail oluruq. Amma sadəcə olaraq, biz istəmirik ki, bu tədbirlərdə sürücüləri cərimə edək. Təəssüf ki, bəzi məsuliyyətsiz sürücülər dəfələrlə aparılan maarifləndirmə işlərinə və xəbərdarlıqlara baxmayaraq, təkrarən texniki cəhətdən nasaz avtomobilin sükanı arxasında əyləşir və onu idarə edir. Bax, belə bir vəziyyətdə yol polisinin başqa çıxış yolu qalmır. Məcbur olur ki, inzibati tənbeh metodundan istifadə etsin. Bir daha fürsətdən istifadə edib ayrı-ayrı nəqliyyat vasitələrinin sahiblərindən və sürücülərdən xahiş edirik ki, texniki cəhətdən nasaz avtomobilləri xəttə buraxmasınlar və ondan istifadə etməsinlər.

Göründüyü kimi, aprel ayından başlayan tədbir kampaniya xarakteri daşımır və bu, sonrakı aylarda da davam edəcək. Ona görə də hər bir sahibkar, istehsalat müəssisəsinin rəhbəri və avtomobilləri idarə edən sürücülər qanunlara riayət etməli, texniki cəhətdən nasaz avtomobillərlə sürücülərin xəttə çıxmasına icazə verməməli və nəqliyyat vasitələrində mövcud texniki qüsurları vaxtında aradan qaldırmalıdı. Əgər belə olarsa, atmosferə normadan artıq zərərli qazlar atılmaz və insanlar da müxtəlif xəstəliklərə düçar olmazlar.