adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
23 Aprel 2021 14:50
24525
MƏMLƏKƏT
A- A+

İbrahim Yusifoğlu yaradıcılığında Şəhidlik mövzusu və Şəhid obrazı

Salidə ŞƏRİFOVA

professor, filologiya elmləri doktoru

Azərbaycan Milli Elmlər Akademiyası

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

 

Şəhidlik mövzusu, şəhadət, şəhid obrazı istər elmi, istər bədii, istərsə də dini ədəbiyyatların ayrılmaz tərkibinə çevrilərək, şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaqdadır. İbrahim Yusifoğlu da sələfləri kimi yaradıcılığında Vətəninin suverenliyi və ərazi bütövlüyünün təmin edilməsi üçün şücaətlər göstərmiş, Vətən üçün vuruşaraq, yüksək amal, məslək, əqidə, uğrunda canlarından keçmiş insanların kamil obrazını, onların şəhadətini əks etdirməyə nail ola bilmişdir:

Torpağı uğrunda şəhid olanlar

Yaşayır göylərin yeddi qatında!

İbrahim Yusifoğlu xalqın mənsub olduğu taleyinə və milli-mənəvi dəyərlərinə işıq salaraq, real həyat faktlarından və şəhidlik ağrısını öz talelərində yaşamış insanların xatirələrini, təəssüratlarını ədəbi yaradıcılığında ifadə etməyə nail olmuş, şəhidlərimizin tanıdılması sayəsində mükəmməl bədii və publisistik yazılar qələmə almışdır. İbrahim Yusifoğlunun şəhidlik mövzusu ilə bağlı qələmə aldığı bədii və publisistik əsərləri milli şüurumuz və azadlıq düşüncələrimizdə milli yaddaşın unudulmamasına çağırış kimi dəyərləndirmək lazımdır. Bu çağırış şəhidliyin məhz bütöv Azərbaycan anlayışının dərkinin tarixi inkişaf yolu keçmiş prosesinin dərk edilməsinə yardım edir.

19 yanvar 1990-ci ildə Sədərək ətrafında vətənin torpaqlarını qoruyaraq şəhid olmuş Azərbaycanın Milli Qəhrəmanı, polis kapitanı Məhərrəm Mirəziz oğlu Seyidovun simasında Vətən torpağı uğrunda canını fəda edənlərin tarixi qəhrəmanlarla bir sırada dayanmasının tərənnüm edilməsi maraq kəsb edir:

Mən də, bax, burada sizdən aralı,

İşıqlı ulduzlar arasındayam!

Vətəni sarıdan qəlbi yaralı,

Babək, Cavanşirlər arasındayam.

Müəllifin poetik nümunəsində Cavanşir, Babək kimi tarixi şəxsiyyətlərin yadelli işğalçılara qarşı mübarizəsini şərəfli, şanlı tariximiz kimi dəyərləndirilməsi, dövrümüzün qəhrəmanlıq tarixini ölümləri ilə ölümsüzlüyə qovuşmuş şəhidlərimiz tərənnüm edilmişdir.

İbrahim Yusifoğlu “Ölümü Tanrı göndərəndə” publisist yazısında şəhidlərin əbədiyaşar olmalarını maraqlı bədii priyomla təqdim etməyə nail olmuşdur. Müəllif şəhid Əhəd Nəriman oğlu Seyidova həsr etdiyi yazısında şəhidlərin əbədi qəlblərimizdə yaşamasını onların ölməzliyilə əlaqələndirməsini aşağıdakı epizodda şəhidin öz dili ilə təsvir etmişdir: “...Mən şəhidəm! Şəhidlər ölmür! Onlar həmişə yaşayırlar… biz heç də məzarda deyilik. Bizim ruhumuz daim Vətən göylərindədir! Biz həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünü qoruyuruq və qoruyacağıq! Biz şəhidik! Biz ölmürük! Biz şəhidik!!!”

İbrahim Yusifoğlu Vətən oğullarının şəhadət səbəblərinə aydınlıq gətirmək üçün oxucusuna ünvanladığı sualla qabartmağa nail olduğu problemə diqqəti yönəldə bilir: “Dağ vüqarlı, el qeyrətli, torpaqcanlı igidlərimiz sinələrini düşmən gülləsinə sipər ediblər, Vətən yolunda şəhid olublar?!”

Müəllif şəhidlərimizin fəxarət doğuracaq əməllərinin nəticəsi olaraq şəhadətə ucala bilmələrini poetik nümunə ilə çatdırmağa nail olur:

Düşmənə vəlvələ saldı igidlər,

El-oba naminə qeyrətləriylə,

Şəhidlik adını aldı igidlər.

Şəhidlərin ölməzliyi, əbədi yaşarlığı müəllifin bu mövzuda qələmə aldığı bədii və publisist yazılarının ana xəttinə çevrilmişdir. Müəllif şəhidlərimizin məhz xalqın yaddaşında yaşamalarını açıqlamışdır: “Onlar bu gün heykəlləşib canını qurban verdikləri torpağın üzərində yaşayırlar. Ömürləri nəğməyə, şeirə dönüb böyüyən nəslin dodaqlarında yaşayır şəhidlər....”

Şəhidlərin adının əbədiləşdirilməsi məqamı da İbrahim Yusifoğlu tərəfindən vurğulanmışdır. Azərbaycanın Milli Qəhrəmanı, polis kapitanı Məhərrəm Mirəziz oğlu Seyidova həsr etdiyi “Kapitan Seyidov küçəsindəyəm...” şeirində biz Milli qəhrəmanın adının əbədiləşdirilməsi üçün Şərur şəhərinin küçələrinin birinə verilməsində özünü göstərmişdir:

Kapitan Seyidov küçəsindəyəm,

Ulduzlar səmada alışıb yanır.

Onunla görüşmək həvəsindəyəm,

Osa gəlməyəcək, qəlbim odlanır.

Azərbaycanın Milli qəhrəmanı Kərim Məmməd oğlu Kərimovun xatirəsinə həsr edilmiş “Yarımçıq ömrün son akkordu: Milli qəhrəman” başlıqlı yazıda müəllifin qəhrəmanın təhsil aldığı məktəbin önündə büstünün qoyulmasının təsvirində bunun şahidi oluruq: “Kəndin mərkəzindəki orta məktəb binasının qarşısında gül-çiçəyə qərq olmuş Azərbaycanın milli Qəhrəmanı Kərim Kərimovun büstü önündə dayanıb qərənfil güllərini onun məzarı üzərinə düzdük”. Şərur şəhərindəki küçələrdən birinə, Arpaçayın üzərində salınmış körpülərdən birinə, 8 il təhsil aldığı Qarahəsənli kənd orta məktəbə Azərbaycanın Milli qəhrəmanı Kərim Kərimovun adının verilməsi vətən qarşısında xidmətləri olmuş qəhrəmanların unudulmamasını bir daha təsdiq edir.

Sədi Sabir oğlu Əsgərovun xatirəsinə həsr edilmiş “Şəhidlik zirvədi, zirvədi, Sədi!” başlıqlı yazıda 1992-ci ildə erməni quldurlarına qarşı mübarizə apararaq həlak olmuş Sədi Əsgərovun məktəb həyətində dəfn edilməsi faktının təsvirində şəhidə verilən qiymətin şahidinə çevrilirik: “erməni quldur basqınlarından müqəddəs torpaqlarımızı qoruyarkən şəhid olmuş Sədi Sabir oğlu Əsgərov doğma məktəbinin həyətindəki ağacların arasında canı qədər sevdiyi torpağa tapşırıldı”. İbrahim Yusifoğlu Sədi Əsgərovun adının əbədiləşdirilməsinə toxunarkən, məktəb direktoru Vəli Məhərrəmovun fikrinə istinad etmişdir: “Məktəbin növbədənkənar pedaqoji şura iclasını keçirmişik. Qərara aldıq ki, Axaməd kənd orta məktəbi şəhid Sədi Sabir oğlu Əsgərovun adını daşısın”.

Nüsrət Hidayət oğlu İsmayılova həsr edilmiş “Şəhidlik zirvəsinə yüksələn igid” başlıqlı publisisitik yazıda Şuşanın Kərkicahan qəsəbəsi uğrunda gedən döyüşlərdə N.İsmayılovun həlak olması əksini tapmışdır. “Şəhidlər xiyabanı”nda uyuyan şəhid Nüsrət İsmayılovun da adının əbədiləşdirilməsi İbrahim Yusifoğlu tərəfindən vurğulanmışdır: “Həmyerlilərin oxuduğun, ilk təhsil aldığın Kərimbəyli kənd orta məktəbinə sənin adını verdilər”.

“Göylərdən ələnən göz yaşlarıydı...” povestində İbrahim Yusifoğlu şəhidlərin adının əbədiləşdirilməsi məqamına tarixi faktlarla aydınlıq gətirməyə nail olmuşdur. “Şərurun səsi” qəzeti ilə yanaşı, AXC Şərur Şöbəsinin xüsusi bülleteni və 20 fevral 1990-cı il 6 saylı bülletenin sənədli fakt kimi təqdimi diqqəti cəlb edir. Bülletendə A.Novruzoğlunun “Əlvida Andrey, salam Məhərrəm!” məqaləsinin təqdim edilməsi məhz sənədli faktdır. Müəllif A.Novruzoğlunun fikirlərinə istinad edərək şəhidlərin adının əbədiləşdirilməsi məqamına povestdə aydınlıq gətirir. Məqalədə Şərurda Andrey Babuşkin adına küçənin Sədərək döyüşlərində şəhid olmuş kapitan Məhərrəm Seyidovun adına dəyişdirilməsi şəhidlərimizə verilən qiymət kimi əksini tapmışdır: “Andrey Babuşkin bir neçə ünvanda “yaşayır” Zastavada, Yengicə məktəbində, şəhərimizin ən böyük küçələrinin birində. Ela buna görə də “zakon”a zidd olmasın deyə rus qardaşımıza Araz sahilində, tikanlı məftillər yanında “yaşamağı” məsləhət bildik. Şəhərimizdə onun üçün darıxdırıcı olmasın deyə qoy sərhəddə rus qardaşları ilə təmasda olsun, dərdləşsin dedik. Şəhərimizdəki küçə isə “Kapitan Seyidov” adlandırılsın. Bu o, Seyidovdur ki, xalqımızın ağır günündə Sədərək müdafiəsində daşnak tör-töküntülərinə qarşı mübarizədə qəhrəmanlıqla şəhid olub. Sağ olsun Şəhər Sovetini. Artıq qərar verib Andreyi yola saldı. Məhərrəmin adını isə əbədiləşdirdi. Əlvida Andrey, salam Məhərrəm!”

İbrahim Yusifoğlu Vətənin azadlığı və bütövlüyü uğrunda şəhid düşənləri müxtəlif məqam və hadisələrlə əlaqələndirməyə nail ola bilmişdir. Biz müəllifin təsvir etdiyi şəhidlərin müxtəlif zaman və məkana aid olmasının şahidi oluruq. İbrahim Yusifoğlunun təsvir və tərənnüm etdiyi şəhidlərin Qanlı Yanvar şəhidləri, Qarabağ savaşında şəhadətə yüksəlmiş şəhidlər, Naxçıvan torpaqları uğrunda şəhadətə yüksəlmiş şəhidlər olmasının şahidi oluruq. Müəllif müxtəlif məkan və zaman çərçivəsində təsvir etdiyi şəhidlərin bir amal uğrunda şəhid olmalarını açıqlamağa nail olur. Müəllif onların məhz Azərbaycanın bütövlüyü və azadlığı uğrunda şəhid olmalarını göstərə bilir. Şəhadətə yükşəlmiş şəxslərin zaman və məkanından asılı olmayaraq, vətənin bütövlüyü, azadlığı uğrunda şəhid olmaları vəhdət şəklində təqdim edilir.

İbrahim Yusifoğlu şəhidlərin məkan və zamanından asılı olmayaraq şəhidliyin şərəfli olduğu qədər də, insanlar üçün ağır itki olmasını açıqlaya bilmişdir. Müəllifin Naxçıvan Muxtar Respublikasının şəhid idman müəllimi Asəf Təfəkkül oğlu Fərəcova həsr etdiyi “Ölməli oğul deyildi Asəf” başlıqlı yazısında da şəhidliyin şərəfli olduğu kimi, ağır itki olması məqamına toxunmuşdur: “O gecə Təvəkkül kişinin və Gülsüm ananın oğlanları Məhəmməd və Cəni isə Tərtər torpağında şəhid olmuş qardaşları Asəfin məzarını axtarırdılar. O gecə Asəfin dörd bacısı talenin qarası hopmuş örpəklərini bağlayaraq qardaşlarının toy xonçasını ortaya qoyub analarından gizlin için-için: - “Qardaş, hey ”, - deyərək ağlayırdılar...” Müəllif şəhid düşmüş bir gəncin simasında bir ailənin, bir nəslin sona vardığını ürək ağrısı ilə təqdim edir. Maraqlı məqamlardan biri də İbrahim Yusifoğlunun şəhidin ömrünün son anını müəllif təxəyyülü əsasında şeirlə təsvir etməsidir:

Həyat məni sınaq etdi,

Yüz bəladan sovuşdum.

Vətən üçün şəhid olub,

Torpağına qovuşdum.

Müəllif şəhid olmanı şərəfli olması ilə yanaşı, ağır itki olmasını “Göylərdən ələnən göz yaşlarıydı...” povestində də əks etdirir. İbrahim Yusifoğlu bu ağır dərdi incəliklə təqdim edir: “Milis işçilərindən Məhərrəm Seyidov, Şamil Rəhimov, Vidadi Qafarov, Məmmədsaleh Əliyev, Səfər Məmmədov, Bayram Rzayev və Əli Əliyev kapitan Azər Seyidovun komandanlığı altında döyüşürdülər. Çox qorxmaz uşaqlardılar. Təəssüf ki, Məhərrəm Seyidovu düşmən müharibəsindən xilas edə bilmədik, o, şəhid oldu... Məhərrəm Seyidov və Oğlanqalalı Mirhəşim Seyidov Şərur şəhərində, İdris Məmmədov və Abbasəli Nəzərəliyev Naxçıvan şəhərində, Etibar Əhmədov Dəmirçi kəndində, Məhəmməd Məhəmmədov Yenikənddə dəfn olunacaqlar. Biz onların qanını yerdə qoymayacağıq!” İbrahim Yusifoğlu bir müəllif kimi “Göylərdən ələnən göz yaşlarıydı...” povestində “Biz onların qanını yerdə qoymayacağıq!”, “Şəhidlərin qanı yerdə qalmaz!” kimi fikirlərini səsləndirməklə gələcək nəsillərə səsləyiş edir. Şəhid qanı heç vaxt yerdə qalmır... Zaman axarında bunun şahidinə çevrilirik.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımıza qarşı törədilmiş faciə olan 20 Yanvar faciəsi ədəbiyyatımızda geniş əksini tapmışdır. İbrahim Yusifoğlu yaradıcılğından yan keçməyən “sinəmizə çəkilən sağalmaz yara” hesab etdiyi Qanlı Yanvarın təsviri diqqətdən yayınmır. “Azadlığa gedən yolun zirvəsi yaxud, 20 yanvar ağrısından, 20 yanvar qeyrətindən doğulan azadlıq” başlıqlı yazısında müəllif Azərbaycan xalqının uzaq olmayan, şahidi olduğu, “milli vüqar, milli qürur günü kimi tariximizə yazılmış” tarixi hadisələrinə münasibət bildirmişdir. İbrahim Yusifoğlu “Azərbaycanın azadlığı 20 Yanvar ağrısından, 20 yanvar qeyrətindən doğuldu” fikrini qələmə almaqla Qara Yanvar faciəsinin xalqın milli dirçəliş yolundakı əhəmiyyət kəsb edən tarixi roluna real qiyməti verməyi bacarmışdır. Müəllif 20 Yanvar faciəsində şəhid olan insanların şəhadətə ucalmalarına toxunmaqla yanaşı, insanların tarixi keçmişində buraxdıqları tarixi səhvlərin sarsıntılarına da aydınlıq gətirə bilmişdir. İbrahim Yusifoğlunun “Mənim inamımı güllələdilər” poemasının I hissəsində Qara Yanvara gələn tarixi yola nəzər xalqın keçdiyi tarixi yolu işıqlandırır. Poemanın “Qara Yanvara gedir” başlıqlı hissəsində müəllif xalqın tarixi keçmişinə nəzər salaraq dövrün problemlərini təqdim etmişdir:

Vətən, yadellilər yüz illərdi ki,

Daraşıb yeyirlər bitirdiyini.

Gəlmələr gör necə ərköyündü ki,

Dilə gətirmirlər itirdiyini.

Vətənə müraciət edən şair Qanlı Yanvara gedən yolu yüzillik tarixə malik olmasını açıq-aşkar eyham edir. İbrahim Yusifoğlu bir ziyalı kimi 20 Yanvar faciəsinin acısını lirik dillə çatdırmağa nail olmaqla yanaşı, xalqının bu faciədən qorunması üçün yalvarışları da əks etdirmişdir:

Tanrım, sən özün saxla,

Xalq gedir, dara gedir.

Bağla, bu yolu bağla,

Qara Yanvara gedir!

Qanlı yanvar faciəsi deyildikdə göz önünə ilk gələn bu faciədə şəhid olan vətən övladları göz önündə canlanır. Müəllifin “Tanrım, sən özün saxla” deyə Ulu Yaradana xalqının qorunması üçün dualar etməsi, bu qanlı gecədə inamının güllələnməsini vurğulaması o dövr insanlarına hakim kəsilmiş inamlarının məhv olmasına bir işarə idi: “20 Yanvar 1990-cı il.... İllər boyu üzərimizə tuşlanan silahların tətikləri çəkildi. Sinəsi odlanan da oldu, şəhid olan da. Mənim isə inamım güllələndi!” Müəllif “sinəsi odlanan da oldu, şəhid olan da” deyərək Qanlı Yanvar gecəsində şəhid olmalarına aydınlıq gətirimişdir.

İbrahim Yusifoğlu şəhidliyi bir ənənəyə çevrilməsi amilinə də toxuna bilmişdir. Şəhidliyin ailə içində davam etdirilməsi vətənə xidmət missiyası kimi müəllif tərəfindən göstərilmişdir. Qardaşı Sədi Əsgərovun şəhid olmasından sonra “qardaş yolunun davamçısı” olan Hidayət Əsgərovun şəhidlik ənənəsini davam etdirən bir şəhid obrazı kimi təqdim edə bilir. Hidayət Əsgərovun da qardaşı Sədi Əsgərov kimi Vətən uğrunda döyüşməsi, ağır yaralanaraq şəhid olması məqamı göstərilmişdir: “...canı qədər sevdiyi Sədi qardaşının dünyasına qovuşur!...”

İbrahim Yusifoğlu “Mənim inamımı güllələdilər” poemasında şəhidliyi Tanrıdan gələn ölüm kimi dəyərləndirmişdir:

Ölümü Tanrıdan gələn qardaşım,

Dözmədin günahsız axan qanlara.

Canından keçsən də, torpaq vermədin,

“Sarı” ilanlara, çaqqal “yan”lara!

İbrahim Yusifoğlu “Hər ulduzun öz yeri var kəhkəşanlar içində…” yazısında şəhid Kamal Fətulla oğlu Əsədullayevin şəhadətini ürək ağrısı ilə təsvir edir: “...döyüşdə Kamal da rəşadətlə vuruşduqdan sonra sonuncu gülləsini özünə vurub ki, düşmənin əlinə sağ keçməsin. Erməni yaraqlıları onun meyidini güllələrlə dəlmə-deşik edərək, hissə-hissə doğramışdılar.” Müəllif ürək ağrısı ilə təsvir edə bildiyi müqəddəs şəhidlərimizin obrazları ilə yanaşı mənfur düşmənlərin surətini də yaratmağa nail ola bilmişdir. Mənfur düşmən əlinə keçməmək üçün son gülləsini özünə vuraraq şəhadətə yüksələ bilmiş Kamal Əsədullayevi kəhkəşanda bir ulduza bənzədən müəllif bunu belə təqdim edir: “Sıralanan şəhid məzarları kəhkəşana bənzəyir. Və bu kəhkəşanda hər bir şəhid məzarı bir parlaq ulduzu xatırladır. Kamal Fətulla oğlu Əsədullayevin də bu kəhkəşanda öz yeri var...”

Maraqlı məqam odur ki, İbrahim Yusifoğlu şəhidlərin şəhadət olmalarına mənən hazır olmalarını göstərə bilmişdir. Müəllifin təsvir etdiyi hər bir şəhidin şəhadətə hazır olması məqamı maraqlı ədəbi priyomlarla təqdim edilməsi diqqətdən qaçmır. Müəllif bu ali məqamı şəhidlərin öz fikirləri ilə təqdim etməyə qadir ola bilir. “Düşmənlərə nifrət şahə qalxsın içində…” publisist yazısında İ.Yusifoğlu şəhid Oqtay Əsgər oğlu Məmmədovun dili ilə onun şəhid olmasına hazır olmasını əks etdirməsində şəhid olmağa hazır olmanı əks etdirir: “Gedirəm döyüşə. Əgər şəhid olsam, oxuduğumuz məktəbə mənim adımı verərsiniz! Ölsəm, kişi kimi öləcəyəm. Dönsəm, şəhid dönəcəyəm”.

İ.Yusifoğlu qələmə aldığı əsərlərdə şəhid obrazlarını açıqlayarkən şəhidlərin doğmalarını, konkret olaraq, şəhid atasının, şəhid anasının, şəhid bacısının və başqalarının obrazını təsvir etməklə kədərli ovqatın doğurduğu hisslərə baxmayaraq, onların keçirdikləri hissləri əks etdirməyə qadir olur. İ.Yusifoğlu yaradıcılığında “şəhid atası”, “şəhid anası”, “şəhid bacısı”, “şəhid qardaşı” və s. obrazlarını təqdim edərkən şəhadətə ucalmış vətən övladarının tam obrazını təsvir edə bilir.

Müəllif “Mənim inamımı güllələdilər” poemasında şəhid bacısı obrazı ilə şəhid obrazını açıqlamağa, şəhidliyin ali məqam olmasına baxmayaraq, itkinin ağır olması məqamını göstərməyə nail ola bilir. İbrahim Yusifoğlu şəhid bacılarının qara örpəkli, dilləri ağılı olmasına toxunaraq, ən qəmli ağının da onlar tərəfindən söylənilməsini qələmə alır:

Dünyada ən qəmli ağılar ki, var,

Şəhid bacıları ağlayıbdılar!

Müəllif “Mənim inamını güllələdilər” poemasından seçmə nümunələrdən digər bədii və ya publisist əsərlərində istifadə etmişdir. Məsələn, şəhid Əhəd Nəriman oğlu Seyidova həsr etdiyi “Ölümü Tanrı göndərəndə” başlıqlı publisist yazısında “Mənim inamını güllələdilər” poemasından “Şəhid bacıları” başlıqlı hissəsi montaj edilməsi kimi diqqəti cəlb edir. Müəllif şəhid bacılarının obrazına aydınlıq gətirmək üçün şəhid bacılarına ithaf etdiyi şeiri təqdim etmiş, ictimai kədərlə, müsibətlə yanaşı şəxsi faciəni də əks etdirmişdir:

Gözləri quruyub susuz çeşmətək,

O qədər ki, dərdlə çağlayıbdılar.

Dünyada ən qəmli, kədərli, kövrək,

Şəhid bacıları ağlayıbdılar!

İbrahim Yusifoğlu şəhidlərin valideynlərinin ağrı-acısını, tək bir ailənin, bir ata-ananın, bir ocağın deyil, bütün yurdun, məmləkətin ağrı-acısı kimi təqdim edə bilir. Şəhid atasının, anasının acısının ağır olmasını təsvir edən müəllifin onlara müraciəti oxucunu etinasız buraxmır. Oxucunun ürək sözünə çevrilir: “Qəddini düz tut, Rüstəm kişi! Həmişə tutduğun kimi. Yağı düşmənlər əymək istəsələr də qəddimizi əyə bilməzlər və bilməyəcəklər. Ayaqları bu torpağa dəyə bilməyəcək. Bu gün bizə sənin kimi el kişilərinin nəsihəti, məsləhəti gərəkdir.”

İ.Yusifoğlu “Bu həyat kiminlə yola gedib ki...” publisist yazısında şəhid Rövşən Rəhim oğlu Abdullayevin atasının obrazını yaratmaqla, şəhid atasının şəhid övladı üçün keçirdiyi hissləri ümumxalq hisslərə çevirir: “Şəhid gətirilib! ...Bu xəbər ildırım sürəti ilə Şərura yayıldı. Şəhərdəki beşmərtəbəli binanın həyətindən ana fəryadı, bacı naləsi aləmə kədər-qəm yağdırırdı. Binanın tininə söykənib qəhərini siqaret tüstüləri ilə boğan, saçlarına zamanın dənləri ələnən şair qəlbli Rəhim kişi ilk baxışdan sakit görünürdü. Bəlkə də gözünün ağı-qarası olan oğlunun Vətənin torpaqları uğrunda şəhid olması qəlbinə qürur, dodaqlarına şeir misraları gətirmişdi:

İlham atım yəhərlənib,

Şahə qalxır, kəhərlənib,

Hərdən-birdən qəhərlənib

Qəmdən ocaq çatasıyam,

Çünki, şəhid atasıyam...”

İbrahim Yusifoğlu “Mənim inamımı güllələdilər” poemasında şəhidlərin unudulmaması, onların şərəfli əməlləri qarşısında hamının baş əyməsini həkimlərin ümumiləşdirilmiş obrazında da təqdim etməyə nail ola bilmişdir:

Həkimlər dözürlər qəmə-qüssəyə,

Lənət oxuyurlar dava salana.

Bircə acizdirlər kömək etməyə,

Döyüş meydanında şəhid olana!

 

Dərd ağır olsa da, baş endirirlər,

Torpağı uğrunda can verənlərə.

İbrahim Yusifoğlu şəhid qanı ilə boyanmış gülləri obraz səviyyəsinə yüksəltməyə nail olur. Güllərin şəhid qanına boyanmasını rəmzi mənada tərənnüm edən müəllif bu məqamı belə əks etdirmişdir:

Mənim lalə gülüm, çətirlənibsən,

Rənginə rəng verib şəhidlər qanı!

“Ölməli oğul deyildi Asəf” publisistik yazısında İbrahim Yusifoğlu Asəfin şəhadət məqamını təsvir edərək al lalələr sinəsində əbədiyyətə qovuşmasına toxunmuşdur: “Düşmən mərmiləri ilə doğranmış, yaşıllıqlar içərisində Günəşə sarı boy atmış al lalələr qəhrəman eloğlumuzun şücaətinin, şəhidlik zirvəsinə ucalmasının şahidi oldular. Son anda da lalələr içərisində doğma torpağı qucaqlayıb əbədiyyətə qovuşdu Asəf.”

“Yarımçıq qalmış ömürdən sətirlər...” adlı publisistik yazısında isə müəllif şəhidlərin şəhadət olduğu məkanlarında güllərin bitməsinə toxunması rəmzi məna daşıyır. Müəllif gülləri rəmziləşdirməyə, şəhid qanları ilə suvarıldığına diqqəti yönəldə bilir: “Hər il bahar gələndə Fikrətin və polis dostu İmamverdinin şəhid olduqları yerdə qırmızı lalələr, kövrək bənövşələr, nərgizlər bitir. Bu gülləri dərmək, şəhidlərimizin məzarı üstə qoymaq da mümkün deyil. O gülləri mən Fikrətin və İmamverdinin xatirələrinə yazdığım şeir çələngimə hörür, yadigar verirəm:

Nərgizim, necə də ətirlənibsən,

Dərib yaxasına taxanın hanı?

Mənim lalə gülüm, çətirlənibsən,

Rənginə rəng verir şəhidlər qanı!”

İbrahim Yusifoğlunun qələmə almış olduğu bədii və publisist yazılarında təsvir etdiyi həyat hadisələrini əlaqələndirməsi, müəyyən bir sistem şəklində təqdim etməsi diqqətdən yayınmır. Müəllif təsvir etdiyi hadisələri ədəbiyyatın daxili qaydalarına uyğun olaraq əlaqələndirməyə nail ola bilmişdir. Müəllif qələmə aldığı bədii və publisist nümunələrə təhkiyə və lirikanın vəhdətilə, hadisə ilə əhval-ruhiyyənin qarşılıqlığı ilə həmin əsərlərin kompozisiyasına spesifiklik qata bilmişdir. Müəllifin kompozisiyanın epiqraf, proloq, epiloq, peyzaj, lirik haşiyə kimi ünsürlərindən istifadə etməsi qələmə almış bədii və publisist nümunələrin orijinallığına səbəb olması da diqqətdən yayınmır.

İbrahim Yusifoğlunun qələmə almış olduğu ədəbi-bədii nümunələrdə əsərin süjet xəttinə daxil olmayan, ancaq əsərin mövzusu ilə səsləşən hikmətli nümunələrin verilməsi ilə rastlaşırıq. Müəllifin istifadə etdiyi epiqraflar həm özünün müəllifi olduğu, həm də digər söz sənətkarlarına aid hikmətli kəlamlardır. Müəllif istifadə etdiyi epiqraflarla məna baxımdan oxucusunun diqqətini əsərin məzmun və ideyasına yönəltməyə nail olmuşdur. Məsələn, “Şəhidlik ömrün nur çağı“ publisistik yazısında İslam dininin müqəddəs və ən əsas kitabı olan “Qurani Kərim”dən, Allahın sonuncu elçisi olaraq qəbul edilən, dini, sosial, siyasi lider, islamın qurucusu Məhəmməd Peyğəmbərdən, Türk şairi, İstiqlal Marşının müəllifi Məhməd Akif Ərsoydan şəhidlərlə bağlı epiqrafların yer alması maraq kəsb edir. Müəllif “Qurani-Kərim”in “Bəqərə” surəsindən bir ayəni verməsi şəhidlərə daim yüksək dəyər verilməsini əks etdirir: “Haqq yolunda, Allah yolunda şəhid gedən şəhidlərə “ölülər” deməyin. Əksinə, onlar diridirlər. Sadəcə siz onu sezmirsiniz. Qurani-Kərimin “Bəqərə” surəsi, 165-ci ayə.” Qeyd etmək lazımdır ki, bu ayə “Qurani-Kərim”in “Bəqərə” surəsinin 154-cü ayəsində “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz” kimi təqdim edilir.

İbrahim Yusifoğlu “Şəhid cənnətdir” deyə qəbul etmiş Məhəmməd Peyğəmbərə aid hikmətli fikri ifadə edən cümlələri ilə oxucunun diqqətini əsərin ümumi ideyasına yönəldir: “Adam ömrü boyu namaz qılıb, oruc tutsa, fitrə-sədəqə versə, yenə onun qazandığı savab bircə saat namusunu, Vətənini qorumaq üçün vuruşan adamın qazandığı savabdan çox ola bilməz. Məhəmməd Peyğəmbər (ə.)”

Türk milli mücadiləsinin bayraqlaşmış ismi olan Mehmet Akif Ərsoy “Çanaqqala şəhidlərinə” əsərində türk əsgərlərinin qəhrəmancasına şəhid olmasını əks etdirmişdir. İbrahim Yusifoğlu da millətinə və vətəninə sonsuz bağlı olan Mehmet Akif Ərsoyun Türk əsgərlərinin şəhidliyində ölümsüzlüyü tərənnüm edən əsərindən epiqraf verməsi də qələmə aldığı əsərin ideyasına oxucusunun diqqətini yönəltmək məqsədi güdür:

Ey şəhid oğlu, şəhid,

İstəmə məndən məqbər.

Sənə ağuşuna açmış

Duruyor peyğəmbər. (M.Akif)

“Bir kəndin üç şəhid oğlu” başlıqlı yazıda şəhid Saleh Yaqub oğlu Əhmədovun müəllimi olmuş Bahəddin Rəsulovun xatirələri əsasında qələmə alınmış “Karvan” yazısının Məmməd Arazın şeirindən bir bəndin epiqraf kimi təqdim edilməsi əsərə ağırlıq gətirmir, əksinə epiqraf ifadə etmiş olduğu məna baxımından oxucunun diqqətini əsərin ümumi məzmununa yönəldir:

Sənə verdim bu dünyanı, dümdüzü dünya,

Nə dərəsi, nə dağı var gözünü yumsan.

Elə bil ki, ana səsli dənizdi dünya,

Qucağında tək əyləşib, tək uyumusan. (Məmməd Araz)

İbrahim Yusifoğlunun şəhid Rövşən Rəhim oğlu Abdullayevə həsr etdiyi “Bu həyat kiminlə yola gedib ki...” başlıqlı yazıda təqdim etdiyi epiqraf diqqəti xüsusi cəlb edir. Müəllifin təqdim etdiyi epiqraf şəhid atası Rəhim Abdullayevə aid nəzm nümunəsidir. Müəllif şəhid atasının fərdi dərdi, kədəri yerinə sarsılmazlıq duyğularını əks etdirə bilmişdir:

Yol otu deyilik, mehə əyilək,

Ağlatsa ağlayaq, güldürsə gülək...

Bizim də iqbala əsib bu külək,

Bu həyat kiminlə yola gedib ki… (Rəhim Abdullayev, şəhid atası)

İbrahim Yusifoğlunun şəhid Sədi Sabir oğlu Əsgərova həsr etdiyi “Şəhidlik zirvədi, zirvədi, Sədi!” başlıqlı yazıda müəllifin özünəməxsus olan hikmətli kəlamların epiqraf kimi təqdim edilməsinin şahidi oluruq: “Cismani ömür şərəfli və şərəfsiz olur, ölüm də beləcə. Şəhidlik - taleyin az-az adama qıydığı dəyərli ölüm zirvəsidir.” Müəllif Vətən uğrunda şəhid getməkdən qürur hissi duyduğunu əminliklə bəyan edə bilir.

İbrahim Yusifoğlu qələmə aldığı bədii və publisistik əsərlərində həyat hadisələrini bir-birilə əlaqələndirmə məqsədilə, bəzi hallarda qələmə aldığı bədii və ya publisist əsərlərin əvvəlində bəhs edəcəyi hadisə və əhvalatla oxucusunu yığcam şəkildə tanış etmək məqsədilə proloqdan istifadə etmişdir. Şəhid Nüsrət Hidayət oğlu İsmayılova həsr etmiş olduğu “Şəhidlik zirvəsinə yüksələn igid” başlıqlı publisist yazısında proloq “Ön söz əvəzi” başlığı altında təqdim edilmişdir. Müəllif Şəhid N.H.İsmayılov haqqında oxucusuna qısa məlumat verməklə, bu yazını qələmə almaqda hansı məqsəd güdməsinə də aydınlıq gətirmiş olur: “...Doğma Bakımızın ən ucalığında yerləşən, nəsillərin and yerinə çevrilən “Şəhidlər xiyabanı”nda ər qeyrətli şəhid bacımız, Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın yaxınlığında uyuyan bu igid haqqında yazmaq çox məsuliyyətli bir işdir. Yazdıqlarım şəhid adına layiq olmasa, şəhid ruhları bağışlasın məni. Bu igidlə ilk tanışlığım elə o xiyabanda olmuşdur. İlk dəfə orada mənim eloğlum - şərurlu olduğunu bilib onsuz iftixar hissi keçirmişəm. Və haqqında yazıb igidliyindən bütün aləmə danışmaq istəmişəm.”

İbrahim Yusifoğlunun qələmə almış əsərlərində epiloqa müraciət etməsi də diqqətdən yayınmır. Müəllif epiloqlarda əsər boyu qaldırdığı məsələləri yekunlaşdırmağa nail ola bilir. İbrahim Yusifoğlunun “Ölməli oğul deyildi Asəf!” başlıqlı publisistik yazısında epiloqu “Müəllif sözü və ya etiraf” adlı başlıqla oxucuya təqdim etməsini müşahidə edirik. Bu epiloqda şəhid Asəf Fərəcov haqqında müəllifin deyə bilmədiyi məqamlar qələmə alınmışdır: “...Haqqında yazmaq istəmişəm, yaza bilməmişəm. İnciməyin məndən Təvəkkül əmi, Gülsüm bibim, əminəvələrim. Yaza bilmirəm Asəfimizin qəm elegiyasını: özü üçün tikdirdiyi evin qapısının bağlı qalmasını, toy üçün aldığı hədiyyələrin məzarı üstünə atılmasını...”

İbrahim Yusifoğlunun epiloqları müxtəlif adlarla təqdim etməsini də müşahidə edirik. Məsələn, “Şəhidlik zirvəsinə yüksələn igid” publisistik yazısında müəllif epiloqu “Son söz əvəzi”, “Sağalmaz bala dağı” publisistik yazısında “Son söz” və s. kimi təqdim etmişdir.

İbrahim Yusifoğlunun “Sağalmaz bala dağı” başlıqlı yazıda “Son söz” əvəzində müəllif özünün qələmə aldığı poetik nümunəsini təqdim etmişdir.

Dörd yanı boldu, dağlar,

Üstünüz koldu, dağlar,

Sizi ürəkdən sevən

Körpələr öldü, dağlar.

Müəllifin təqdim etdiyi poetik nümunədə publisistik yazıda qaldırılmış problemlərə yekun vurulmuşdur.

Milli varlığın qorunmasına köklənmiş bayatılara müraciət etmiş İbrahim Yusifoğlu bayatılarla ana-bacıların ağrı-acısında şəhidlərimizə xalqın sevgi və ehtiramını bildirir. Xalqın milli ruhuna hopmuş bayatılara müraciət etmiş müəllif bununla keçmişdən gələcəyə ünvanladığı folklor nümunəsilə fikrini geniş izah etməyə, sözün poetik təsir gücünü qat-qat artırmağa nail olur:

“Qardaşlar, hey qardaşlar,

Yağış yağar, qar başlar.

Ölsə bacılar ölsün,

Heç ölməsin qardaşlar.

Kim idi bu ağını deyən, hansı şəhidin bacısı idi...? Bütün bacıların dedikləri ağı idi, bu ağı... Axı, şəhidlər bütün bacıların qardaşlarıdır...”

İbrahim Yusifoğlu şəhidlərlə bağlı fikirlərini bildirərkən tez-tez cəmi dörd misradan, misraları yeddi hecadan ibarət olan bayatılara müraciət edir. Bayatıların məhz şəhidlərə aid edilməsi müəllif tərəfindən açıqlanır: “Biz heç vaxt kəndimizin, elimizin-obamızın müdafiəçilərini unutmayacağıq. Allah şəhidlərə rəhmət eləsin, qəbirləri nurla dolsun...

Ay nədən güldü getdi,

Gecəni böldü getdi.

Düşmən aman vermədi,

Cavanlar öldü getdi...

İbrahim Yusifoğlu bayatından istifadə etməklə şəhidlərlə bağlı əsas fikrini üçüncü və dördüncü misralarda ifadə olunan fikirlərlə ifadə etməyə nail olmuşdur.

Gülü biçənə qurban,

Suyu içənə qurban.

Dünyada igid çoxdu,

Candan keçənə qurban”

Bayatısında da candan keçən şəhidlər yada salınır.

Vətənin bütövlüyü, azadlığı, istiqlalı yolunda şəhid olmuş Vətən övladları xalqın, millətin milli varlığında, unudulmaz tarixində öz ölümləri ilə ölümsüzlük qazanaraq, şəhidlik adlı bir zirvəyə yüksəlməyə nail ola bilmişdilər. Tarixlərin yaddaşına hopmuş şəhidlik mövzusu bütün dövrlərdə aktuallıq kəsb etmişdir. Bu baxımdan, İbrahim Yusifoğlu qələmə alır:

Yağıya vəlvələ salan igidlər.

Yarası qan verən ürəkləriylə

Şəhidlik adını alan igidlər,

Sizi tanıyırıq, sizdən halıyıq,

Hər kim necə olub, necə döyüşüb,

Sabahkı nəsilə tanıtmalıyıq!

Əbədiyyət səltənətinə daxil olmuş şəhid əmanətini əldən verməyib, onun uğrunda canından keçməyə qadir olan qəhrəmandır. Azərbaycanın bütövlüyü və xalqının azadlığı uğrunda canından keçmiş şəhidin ömür yolu müqəddəs dəyərlərin məcmusuna, xalqın şanlı tarixinə çevrilir ki, İbrahim Yusifoğlunun vurğuladığı kimi şəhidləri “sabahkı nəslə tanıtmalıyıq”. Şəhidlər sayəsində mənəvi rahatlığını, hüzur və əmin -amanlığını tapmış müasir nəslə, həmçinin gələcək nəslə xalqın taixinə, ümummilli mənəvi dəyərə çevrilmiş şəhidləri tanıtmağı və tanımağı ən bariz vəzifəmizə çevirməliyik. Şəhidliyin dərki və təbliği soykökə, doğma torpaqlara, adət-ənənələrimizə sədaqətimizi, bağlılığımızı, gələcək nəslin öz kökünə bağlı tərbiyə olunmasını inkişaf etdirərək təbliğ edir.