adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Aprel 2021 08:30
17477
ANALİZ
A- A+

Ermənistan tərəfi Azərbaycan dövləti qarşısında beynəlxalq hüquqi məsuliyyət daşıyır

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Hacıqabul rayonun səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə erməni təcavüzü nəticəsində ölkəmizə vurulan ziyanın hesablanması, düşmən dövlətin beynəlxalq məhkəmələrə verilməsi məsələləsinə bir daha toxundu. Məsələnin aktuallığını nəzərə alaraq bu mövzuda müəyyən fikirlərimi səslənddirməyi özüümə borc bilirəm.

İlk olaraq onu qeyd edim ki, Ermənistan tərəfi Azərbaycan dövləti qarşısında beynəlxalq hüquqi məsuliyyət daşıyır. Beynəlxalq hüquqi məsuliyyət - mütləq məsuliyyət hesab olunmaqla beynəlxalq hüquq subyektinin digər eyni dərəcəli subyektə qarşı beynəlxalq hüquq öhdəliyinin pozulması nəticəsində vurduğu ziyanı aradan qaldırmaq və vurulmuş ziyanı ödəmək öhdəliyidir. Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə görə Beynəlxalq hüquq qarşısında məsuliyyəti yaranıb. Bu məsuliyyət həm maddi, həm də qeyri-maddi olmaqla müxtəlif formalara malikdir. Reparasiya - hərbi əməliyyatlar nəticəsində məğlub tərəfin qalib tərəfə ödədiyi onlar tərəfindən vurulmuş zərərin qarşılanması prosesidir. Azərbaycana qarşı məhz beynəlxalq hüquqda qeyri-şərtsiz keçərli olan imperativ hüquqi normaların pozulması faktları baş verib. Belə ki, ilk başda elə ermənilərin Azərbaycanın 20 faiz torpaqlarını işğal etməsi beynəlxalq hüquqda aqressiv siyasət olaraq qiymətləndirilir və bu prosesdə kütləvi şəkildə insanların ölümünə yol verilməsi aqressiv müharibə və hətta digər imperativ norma ilə tənzimlənən soyqırım faktlarını ortaya qoyur.

Hesab edirəm ki, Azərbaycan beynəlxalq ekspertləri də cəlb etməklə Ermənistanın təbii sərvətlərimizə, habelə tarixi və mədəni irsimizə vurduğu ziyanı dəqiq hesablayacaqdır. Bundan əlavə, Ermənistan dinc azərbaycanlılara vurduğu zərərə görə humanitar hüquq, sülh hüququ və insan hüquqları kimi hüququn fərqli istiqamətləri üzrə də məsuliyyətə cəlb olunmalıdır.

Beynəlxalq müstəvidə məsuliyyətə cəlbetmə həm də Azərbaycan Respublikasının “Cinayət Məcəlləsi”ndə öz əksini tapıb. Bu baxımdan ermənilərin Azərbaycana qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmə həm beynəlxalq hüquq qaydasında, həm də dövlətdaxili qanunvericilik əsasında həyata keçirilə bilər. Dövlətdaxili hüquq qaydasına əsasən cinayətdə məsul tutulan şəxslər beynəlxalq axtarışa verilir, daha sonra olduğu hər hansı bir ölkənin müvafiq orqanları tərəfindən şəxs tutularaq istintaq orqanına təhvil verilir və Azərbaycan Respublikasının məhkəmələri tərəfindən mühakimə olunur. Bu mümkün olmadıqda beynəlxalq hüquqda və beynəlxalq məhkəmələrdə bu məsələnin həlli nəzərdən keçirilir.

Azərbaycanda beynəlxalq cinayətlərə görə məsuliyyət Cinayət Məcəlləsinin 10-cu maddəsinə əsasən əməlin cinayət sayılması və həmin əmələ görə cəza bu əməlin törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir – yəni cinayət-hüquqi normaların retroaktiv (geriyə) tətbiqi qadağandır. Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri bu tarixdən sonra törədildiyi halda daxili məhkəmələr tərəfindən məsuliyyətə cəlb oluna bilər.

Bu baxımdan erməni cinayətkarların Azərbaycana qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb etmə həm beynəlxalq hüquq qaydasında, həm də dövlətdaxili qanunvericilik əsasında həyata keçirilə bilər. Məndə olan məlumatlara əsasən deyə bilərəm ki, Azərbaycan Respublikası Baş Prokurorluğu bu sahədə sistemli və təqdirəlayiq fəaliyyətlər göstərir.

Əlavə olaraq onu da qeyd edim ki, Beynəlxalq Millətlər Təşkilatının Təzminat Komissiyası (UNCC) Təhlükəsizlik Şurasının 687 saylı qətnaməsinə əsasən qurulmuşdur. Komissiya altı tələb kateqoriyası üzrə təzminat ödənilməsini tənzimləyir.

Həmçinin, Beynəlxalq Ədalət Məhkəməsi — Birləşmiş Millətlə Təşkilatının Ali məhkəmə orqanı olaraq iş prinsipi geniş məhkəmə fəaliyyəti ilə xarakterizə olunur. Onun əsas vəzifələri dövlətlərə təqdim edilmiş hüquqi mübahisələrin həlli və lazımi qaydada səlahiyyətli beynəlxalq orqanlar və qurumlar tərəfindən ona təqdim edilmiş hüquqi məsələlər üzrə məsləhətçi rəy verməkdir.

Beləliklə, hesab edirəm ki, Ermənistan ölkəmizə vurduğu zərərə görə humanitar hüquq, sülh hüququ və insan hüquqları kimi hüququn fərqli istiqamətləri üzrə məsuliyyətə cəlb olunmalıdır və bu pross ardıcıl, sistematik olaraq davam etdirilməlidir.

 

Əminə Ağazadə,

Milli Məclisin deputatı

Digər Xəbərlər