adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
22 Aprel 2021 13:42
25441
MƏMLƏKƏT
A- A+

Dost barəsində bir neçə söz

Bu günlər uzun müddət ərzində partiya funksioneri, rayon rəhbəri, millət vəkili olmuş, hazırda Parlamentdə birgə çalışdığımız əziz dostum Şamil Hüseynovun 70 yaşı tamam olur. Şəxsiyyətinə böyük hörmətlə yanaşdığım, əmək fəaliyyətinin bütün illərini siyasi və dövlət orqanlarında keçirmiş Şamil müəllimi 1974-cü ildən, onun Azərbaycanın gənclər təşkilatının Mərkəzi Komitəsində işlədiyi dövrdən tanıyır, bu illər ərzində səmimi dostluğumuzu davam etdirirəm.

Bütün varlığı ilə doğma Vətənə, millətə bağlı və vurğun olan Şamil müəllim çin olan arzularından danışanda ilk növbədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasını qeyd edir. Azərbaycanın müstəqilliyi o zamanlar onun üçün bir müqəddəslik rəmzi idi. Hesab edirdi ki, dövlət müstəqilliyi hər bir azərbaycanlı üçün müqayisə olunmaz dərəcədə şərəf və ləyaqət meyarı olmalıdır və belədir. Bu arzusunun reallaşmasında o özü də birbaşa iştirak etmiş oldu.

1991-ci ilin oktyabrında Azərbaycan Parlamenti ölkənin dövlət müstəqilliyi haqqında Konstitusiya Qanunu qəbul etdi. O, fəxr edir ki, bu Konstitusiya Aktını hazırlayan deputat qrupunun tərkibində olmaqla sənədin hazırlanmasında və qəbulunda öz xidmətini göstərmişdir.

Qürurla xatırladığı digər fakt isə, Bakının indiki Azadlıq meydanındakı Leninin heykəlinin götürülməsindən bir neçə gün əvvəl rəhbərlik etdiyi rayonun mərkəzi meydanındakı Leninin heykəlini sökdürməsi və tarixin arxivinə göndərməsidir.

Öz millətini ilahi səviyyədə sevən, onun dəyərini hər şeydən yüksək tutan dostlarım sırasında Şamil müəllim birincilərdəndir. Xatirimdədir, hələ Sovetlər dönəmində deyirdi ki, nə yaxşı olardı çalışdığımız xidməti otaqlarda başımızın üzərində Leninin portreti yox, öz milli liderimizin - Heydər Əliyevin şəkli olardı. Bu gün hər bir azərbaycanlının əbədi liderinə çevrilmiş ulu öndərimizin portreti xidməti otaqlarımızın divarındadır.

Əziz dostumuzun həmişə qeyd etdiyi arzularından biri də iki yüz il əvvəl iki yerə - şimala və cənuba, sonrakı dövrlərdə bu bölünmüş ərazilərin özünün də bir neçə hissəyə - qərbə və şərqə parçalanmış vətəni bütöv görməkdir. Onlardan biri, Qarabağ dərdi Ali Baş Komandanın polad iradəsi və dönməz qətiyyəti nəticəsində həllini tapdı.

İxtisasca tikinti mühəndisi və politoloq olan Şamil müəllim 45 ildən artıqdır ki, ölkənin siyasi və dövlət hakimiyyəti orqanlarında çalışır. O, əmək fəaliyyətinə 1972-ci ildə, institutda əyani təhsil aldığı dövrdə, gənclər ittifaqı komitəsinin katibi kimi başlamış, ali məktəbin ictimai həyatında fəal olmuş, tələbə və professor-müəllim heyəti arasında böyük hörmət qazanmışdır. 1973-1974-cü illərdə Sənaye Tikinti Nazirliyi sistemində tikinti ustası, sex rəisinin müavini, dəmir-beton zavodu laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. Sonrakı illərdə Azərbaycan Gənclər İttifaqı Mərkəzi Komitəsi Aparatında təlimatçı, şöbə müdiri olmuşdur.

Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1980-ci ilin əvvəlində Azərbaycan KP Mərkəzi Komitəsində yeni yaradılmış Kənd tikintisi və su təsərrüfatı şöbəsinə məsul vəzifəyə təyin olunmuşdur. Uzun müddət bu şöbədə çalışan Şamil müəllim respublika rəhbərliyi tərəfindən rayonların və aqrar sektorun hərtərəfli inkişafı, kəndlərimizdə sosial və infrastruktur obyektlərinin tikintisi ilə bağlı qəbul edilən qərarların icrasında bilavasitə iştirak etmiş, nazirlik və digər dövlət orqanlarına verilən tapşırıqların icrasına nəzarəti həyata keçirmişdir. Sonrakı dövrdə o, Mərkəzi Aparatın təşkilati və kadr işi şöbəsinin məsul təşkilatçısı (inspektoru) vəzifəsində işləmiş, respublikanın qərb rayonlarının kuratoru olmuşdur.

Şamil Hüseynov 1989-1992-ci illərdə Neftçala rayon partiya komitəsinin birinci katibi, Neftçala rayon İcra hakimiyyətinin başçısı olmuşdur. 1992-1994-cü illər ərzində İqtisadiyyat Nazirliyi Aparatında baş iqtisadçı vəzifəsində çalışmışdır. Həmin illərdə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasını tələb və arzu edən, bunun üçün lazımi fəaliyyət göstərən siyasətçilər, ziyalılarla birlikdə fəaliyyət göstərmişdir.

Şamil Hüseynovun əmək fəaliyyətinin 30 ili Milli Məclislə bağlıdır. O, 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, İqtisadiyyat məsələləri daimi komissiyasının üzvü olmuşdur. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin tövsiyəsi ilə deputat kimi Milli Məclisin Qaçqınlar və xaricdə yaşayan soydaşlarla əlaqə daimi komissiyasının üzvü seçilmişdir. Həmin komissiyanın tərkibində olduğu müddətdə qaçqın və məcburi köçkünlərin statusuna və 31 mart azərbaycanlıların soyqırımına dair qanunvericilik aktlarının, soydaşlarla bağlı təşkilatlanma sənədlərinin hazırlanmasında yaxından iştirak etmişdir.

1996-cı ildən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının ekspert-məsləhətçisi vəzifəsində işləmişdir. 2006-cı ildə Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin böyük məsləhətçisi, Təbii ehtiyatlar, energetika və ekologiya qanunvericiliyi sektorunun müdiri olmuşdur. Dövlət qulluğunun baş müşaviridir. Hazırda Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ekspert-məsləhətçisidir.

Milli Məclisdə işlədiyi müddətdə Şamil müəllim ətraf mühitin mühafizəsi, yerin təki, energetika, su və meşə sektoru, şəhərsalma, tikinti və digər sahələrlə bağlı qanun layihələrinin hazırlanmasında, neft-qaz və mədən sənayesinin digər sahələri ilə bağlı sazişlərin, energetika və ekologiyaya dair beynəlxalq konvensiyaların Parlamentin müzakirəsinə çıxarılmasında iştirak etmişdir.

O, əməkdaşı olduğu təşkilatlarda rəhbərliyin, həmkarlarının, kollektivin dərin hörmətini qazanmış, insanlara qayğıkeşliyi ilə seçilmişdir. Bu gün də çalışdığı ali qanunverici orqanda deputatların, iş yoldaşlarının ona olan böyük hörmətin və diqqətin şahidi oluram.

Azərbaycanın Avropaya, dünya birliyinə inteqrasiyası, Parlamentin beynəlxalq təşkilatlarla, regional qurumlarla sıx əməkdaşlıq etməyi, milli qanunvericiliyimizin beynəlxalq hüquqa uyğunlaşdırılmasını, ölkəmizin yeni konvensiyalara qoşulmasını zəruri edir. Bu məsələlərin həyata keçirilməsində Şamil müəllimin fəaliyyəti, öz təcrübəsini əsirgəməməsi, müvafiq qurumlara yaxından köməklik göstərməsi danılmazdır.

Şamil müəllim dövlətçilik və idarəçilik bacarığına, parlament təcrübəsinə malik mütəxəssis kimi işgüzarlığı, iqtisadiyyat, ətraf mühit, təbii sərvətlərə dair məlumatlılığı ilə fərqlənən əməkdaşdır. Onun fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilir. O, “Əmək rəşadətinə görə” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilmişdir.

Şamil müəllim bir neçə beynəlxalq təşkilatın ekologiya və energetika məsələləri üzrə eksperti, Beynəlxalq Ekoenergetika Akademiyasının fəxri professorudur. O, müxtəlif illərdə 40-dan artıq xarici ölkədə keçirilən tədbirlərdə, xüsusi ilə ətraf mühit, iqlim dəyişmələri, energetika, kənd təsərrüfatı, iqtisadiyyatın digər sahələri ilə bağlı konfranslarda, simpozium və seminarlarda ölkəni təmsil edərək məruzələrlə çıxış etmişdir. 2003-cü ildən Azərbaycan İnşaat Assosiasiyası İctimai Birliyinin təsisçisi və rəhbəridir.

Şamil Hüseynov şərəflə yaşadığı ömrünün bu gün müdrik dövründədir. Öz vəzifəsini bundan sonra da dövlətə, dövlətçiliyə xidmətdə görən dostum onunla çalışan gənc kadrlara yüksək səviyyəli dövlət qulluqçusu olmaqda lazımi köməklik göstərir.

Şamil müəllim gözəl ailə başçısıdır, övladları həkim, nəvələri tələbədir. Bu gün o, öz nəvələrini də Vətənə, xalqa, dövlətə sədaqət ruhunda tərbiyə edir.

Əziz dostumu ömrünün 70 illiyi münasibəti ilə təbrik edir, ona cansağlığı, xidməti fəaliyyətində və şəxsi həyatında uğurlar arzulayıram.

 

Dostları adından,

Aqil Abbas,

millət vəkili