adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
20 Aprel 2021 18:01
29735
HÜQUQ
A- A+

Andrey Karlovun qətli ilə bağlı məhkəmə başa çatdı: FETÖ-nun iştirakı sübut olundu

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlində Fətullah Gülənin terror təşkilatı (FETÖ) iştirak edib.

“Anadolu” Agentliyinin məlumatına görə, bu barədə qalmaqallı məhkəmə işinin hökmünün tam mətnində deyilir.

FETÖ təriqətinin rəhbəri Fətullah Gülən də daxil olmaqla ümumilikdə 28 nəfər cinayət işinə cəlb olunub.

“Sui-qəsd təşəbbüskarının hədəflərindən biri də Türkiyə-Rusiya əlaqələrini zədələmək idi. Ancaq əsas fikir Türkiyədə konstitusiya quruluşunun güc yolu ilə dəyişdirilməsinə şərait yaratmaq idi”, - deyə hökmdə deyilir.

Prokurorluğun verdiyi məlumata görə, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) işçiləri arasından Gülənin terrorçu təriqətinin üzvü – “Vedat” kimi tanınan Vehbi Kürşad Akalın Rusiyanın Ankaradakı səfirliyinin fəaliyyəti barədə məlumatı Fətullah Gülənin Hüseyn Kotuje adlı yaxın adamları arasından bir “kuratora” çatdırıb.

“Məhz bu yolla, Gülən və terrorçuları Karlovun mühafizəçilərinin xidmətindən istifadə etmədiyini öyrəniblər. Terrorçuların lideri rus diplomatı üçün sui-qəsd təşkil etmək qərarına gəlib və köməkçilərinə müvafiq təlimat verib. Birbaşa icraçı da terrorçu Mövlut Mert Altınbaş olub”, - deyə mətndə bildirilir.

Altınbaşın kuratoru Şahin Söyüt 9 dekabr 2016-cı il tarixdə ona Rusiyanın səfirini vurmağı əmr edib.

Cinayət 19 dekabr 2016-cı ildə Ankaradakı Müasir İncəsənət Mərkəzində Rusiyaya həsr olunmuş foto sərgisinin açılışında baş verib. Terrorçu hadisə yerində zərərsizləşdirilib.

Karlovun işi üzrə hökm 2021-ci il 9 mart tarixində elan edilib.

Təqsirləndirilən şəxslərdən üçü ümumi rejimli həbsxanada, ikisi ağır rejimli həbsxanada ömürlük həbs cəzasına məhkum edilib. Yeddi müttəhim 7,5-10,5 il müddətinə azadlıqdan məhrum edilib. Digər bir müttəhim, FETÖ-ya kömək etdiyi üçün 3 il 9 ay müddətinə məhkum olunub.

Məhkəmə qərarı ilə müttəhimlərdən altısı sərbəst buraxılıb.

Fətullah Gülən daxil olmaqla doqquz müttəhimin işlərinə ayrı baxılır.