adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Aprel 2021 10:48
52409
ƏDƏBİYYAT
A- A+

“Şuşam mənim” - Zemfira Məhərrəmli yazır

Rəsul Rza deyəndə, ilk növbədə, Azərbaycanın Xalq şairi, dramaturq, tərcüməçi, publisist, eyni zamanda Əməkdar incəsənət xadimi, Sosialist Əməyi Qəhrəmanı kimi fəxri adlara layiq görülmüş bir şəxsiyyət göz önünə gəlir. Müqtədir şairimiz öz həyatı, taleyi ilə müdriklik timsalı, ziyalılıq nümunəsi idi. Ədəbiyyat tariximizdə öncül yerlərdən birini tutan görkəmli söz ustası yüksək sənətkarlıqla qələmə aldığı dərin fəlsəfi məzmunlu əsərləri ilə sevilir, pərəstişkarlarını sevindirirdi. Söz sərrafı sağlığında da, indi də bənzərsiz şeirləri, incitək misraları, ovxarlı poetik deyimləri ilə ruhumuzu təzələyir, titrədir, ürəyimizdə bahar yelləri əsir. Xüsusən də şairin Vətən şeirlərini oxuyanda bu hisslər qəlbimizə hakim kəsilir.

Yurdsevərlik, Vətən təəssübkeşliyi, bəşəri hisslərlə yaşamaq – şairin həyat və yaradıcılıq kredosu idi. “Məni yatmağa qoymur dünyanın dərdi, torpağın ağrısı” deyirdi Rəsul Rza. O, şeirlərindən birində dərd-qəmdən uzaq, hərb qovğalarından azad, əlvan çiçəkli, bağ-bağatlı dünya arzulayırdı:

 

Mən nə istəyirəm?

Bahar uzansın ilboyu.

Çəmən-çəmən,

oylaq-oylaq,

Gül gülü çağırsın,

çiçək-çiçəyi.

 

Vətən şairin qibləgahı, nəfəs aldığı hava, doğma yurda, torpağa, ocağa-ulusa olan sevgisidir. Bütün yaradıcılığı boyu bitib-tükənməyən sevgisi. Onun yurd sevdalı şeirlərini oxuduqca insanın yaşamaq, yaratamaq eşqi artır, Vətənə, körpə anasına sarılan kimi, vurğun bir ürəklə bağlanırsan. Bu şeirlər məmləkətinin hər qarışına, cığırına, daşına-kəsəyinə, dərəsinə-təpəsinə, gülünə-çiçəyinə heyran olan şairin kövrək duyğularını əks etdirən nəzm nümunələridir.

“Şuşam mənim” şeiri bu baxımdan daha çox diqqəti çəkir. Oxuduğunuz yazıda fikir, məna tutumu, həm də şeiriyyəti ilə fərqli həmin əsərdən söz açacağam. Hələ 1980-ci ilin avqustunda qələmə aldığı bu şeirində müəllif füsunkar Qarabağımızın tacı olan Şuşanın timsalında Vətəni vəsf edirdi. Qədim Azərbaycan şəhəri Şuşanın təkcə gözəlliklər məskəni deyil, həm də mərdlik, yenilməzlik, dönməzlik rəmzi olduğunu söyləyən müəllif bu yurd yerimizi qəhrəmanlıq nağıllarından gəlmiş, qolu bükülməyən, kürəyi yerə dəyməyən, qamətini daim şax saxlayan pəhləvana bənzədirdi:

 

Sinəsi qabarıq,

nağıllardan gəlmiş

pəhləvandır

Şuşam mənim;

Mərdliklə, gözəlliklə

qoşam mənim...

Səndə Cabbarın, Seyidin,

Nəvvabın, Üzeyirin, Bülbülün,

neçə-neçə nəğməkarın,

qoç igidin

nəğməsi var,

nərəsi var.

 

Şair “dünənində qəhrəmanlıq zirvəsinə ucalan” Vətən timsallı Qarabağ torpağının bizim üçün müqəddəs olduğunu, bu ecazkar torpağın qoynunda neçə-neçə ünlü sənətkarın, elm və ədəbiyyat adamının yetişdiyini, Şuşanın zəngin mədəniyyətimizin ayrılmaz bir parçası olduğunu yada salır, bu məkanı həm də incəliyin, zərifliyin rəmzi kimi səciyyələndirir:

 

Hər qarışın şair qızın

Natəvandan xəbər verir.

Sən nəğmələr beşiyisən,

sən muğamlar keşiyisən.

 

Yaxud:

 

Səni bircə dəfə görən,

bir könüldən, min könülə

sənə aşiq, bənd olmuşdur,

Qarabağın yaraşığı!

Sənə saysız nəğmə qoşub

neçə-neçə el ozanı,

el aşığı.

 

R.Rza Qarabağın “allı-güllü, əlvan-əlvan, çiçək xallı yaylaqlarını”, “sərt qayalı sinəsində köhlənlərin qaynar, iti nal imzası qalan” Cıdır düzünü, “sərin mehli Kirs dağını”, “şair qızın bulağını”, “maral, cüyür ürküşən oylaqlarını” könül dolusu tərənnüm edir:

 

Tarixinlə öyünürəm.

Bu gününlə sevinirəm...

Yorulmaram,

gəlhagəlli, incə telli

büsatından yüz gün deyəm.

Şuşam mənim!

Mətanətlə, dəyanətlə

səxavətlə qoşam mənim!

 

Qoç igidlərin nərəsi eşidilən bu torpaqda ərənlər yay çəkib, ox atıblar, qarı düşmənin bağrını dəliblər. Yağılara göz açmağa, doğma yurdu qəsb etməyə imkan verməyiblər. “Sənin doğma torpağında neçələrin gözü qalıb” deyən şair heyrət doğuracaq bir uzaqgörənliklə bu fikirləri dilə gətirir:

 

Vətən adlı doğma yurddan

püşk olarmı?!

Pay olarmı?! –

 

suallarıyla həmvətənlərinə bir mühüm xatırlatma ünvanlayır. “Tarixdə baş əyməmisən bir fatehə, müxənnətə” deyən şair uzun illərdən bəri zəngin sərvətləri göz çıxaran Azərbaycan adlı məmləkətin düşmənlərinin bu gün də marığa yatıb, pusquda durduğunu vurğulayır. Şair sətiraltı fikirlərlə, qibtə ediləsi bir fəhm, həssaslıqla hər birimizi ayıq-sayıq olmağa, Qarabağ torpağını daim düşməndən qorumağa səsləyir:

 

Bəd əməllərin kükrətdiyi

alovlardan diri çıxdın...

Tarixindən səhifədir

hər enişin,

hər yoxuşun!

 

Torpağın da,

ləçək-ləçək çiçəyin də,

pıçıl-pıçıl yarpağın da

xəbər verir

ibrət dərsi bu olmuşu.

 

“Tarix sənin torpağında, daşındadır, hər dolayın, hər cığırın Azərbaycan – Vətən dadır” deyən şair bu şah misralardakı tövsiyələrində soydaşlarımızı mübariz olmağa çağırır. Bütün yaradıcılığı boyu özünün “Mübarizə bu gün də var, yarın da” missiyasına sadiq qalan R.Rza yurddaşlarına Vətənin qədrini bilməyi, namərdlərə, naxələflərə qarşı amansız olmağı tövsiyə edir:

 

Dost gözüylə sənə baxan

hər kəs əziz qonağındır.

Sənə əyri baxanları

qəzəbinlə külə döndər,

yaxıb-yandır.

 

Vətəndaş şairin bir az sonra − bu şeirin yazılmasından səkkiz il ötmüş baş verəcək ağrılı, qan-qadalı hadisələri öncədən görməsi, intuisiyası, doğrudan da, dedikcə maraqlıdır və bu barədə düşünməyə dəyər. Erməni millətçilərinin hələ 1988-ci ildən başlayan “Qarabağ merna” (“Qarabağ bizimdir”) çağırışları, Topxana meşəsinin talan edilməsi, sərhədyanı kəndlərdə yaşayan azərbaycanlı əhaliyə qarşı qətliamların, soyqırımı və terror aktlarının törədilməsi, daha sonra zorla cəlb edildiyimiz I Qarabağ müharibəsi, alovlanan hərb qovğası... Qarabağın və ətraf yeddi rayonun işğal olunması, bir milyon soydaşımızın öz əzəli torpaqlarında qaçqına və məcburi köçkünə çevrilməsi... Bütün bunlar yaşadığımız, üz-üzə, göz-gözə qaldığımız və çox uzun bir dövr − 30 ilədək sürən acı gerçəklik, həyat həqiqətləri idi. 1981-ci ilin aprelində dünyasını dəyişən müdrik insan, Xalq şairimiz Rəsul Rza bu dəhşətli olayları, faciələri görməsə də, əvvəlcədən sövqi-təbii duymuş və həyəcan təbili çalmışdı.

Geniş diapazona malik yaradıcılığı ilə fərqlənən şairin əsərlərində acılı-şirinli reallığa dərin fəlsəfi yanaşma, həyatın dərin qatlarına enməklə bədii idrakın əks etdirilməsi səciyyəvi məziyyətlərdir. Açdığı özünəməxsus cığırla-yolla, poeziyamıza gətirdiyi töhfələrlə geniş ədəbi nəhrə qovuşan novator R.Rzanın çoxşaxəli yaradıcılığında fikir, mövzu dairəsi daim yeniləşmiş, forma və məzmun axtarışları genişlənmişdi. O, ictimai-siyasi səciyyəli, həm də mübariz ruhlu əsərlər yazmaqla bədii fikrimizdə bir təlatüm yaratmışdı.

Türk dünyasının azman şairi, ədəbiyyatımızı, poeziyamızı çox sevən və dəyərləndirən Nazim Hikmət yurdumuzun söz sərrafı barədə bir zamanlar yazmışdı: «Rəsul Rza təzə bir şey yaradıb. Bu, poeziyada tamamilə özünəməxsus bir yoldur». Xalq şairi Ramiz Rövşən isə «Poeziyamızda intibahın beşiyi başında duran şair Rəsul Rza oldu» deyir.

Azərbaycan ədəbiyyatı və mənəviyyatı tarixində R.Rza fenomeni mövcuddur və bu, danılmaz bir gerçəklikdir. Sevimli, unudulmaz şairimizin həmişəyaşar poeziyasına maraq və heyranlıq bu gün də azalmayıb.

 

Zemfira Məhərrəmli

yazıçı-publisist