adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Aprel 2021 10:31
34204
MƏDƏNİYYƏT
A- A+

“Musiqi bir dəryadır” - MÜSAHİBƏ

““Segah”ı nəyinsə xatirinə oxumuram. Artıq 18 ildir, bu sənətin içindəyəm, xanəndəlik dərsi alıram. Düzdür, uşaq yaşlarında insan “Segah”ı dərk edə bilmir, heç istədiyin kimi oxuya da bilmirsən, dinləyiciyə çatdıra bilmirsən. Lakin müəyyən bir yaş həddindən sonra insanın qəzələ, “Segah”a meyli artır. “Segah”a bağlı olmağım yaşla əlaqədardır”. “Ədalət” qəzetinin qonağı xanəndə Orxan Əbilovdur.

-İncəsənətə uşaqlıqdan həvəsli idiniz?

-Uşaqlıqdan həvəsli olmuşam. Deyilənə görə, 4 yaşım olarkən evdə mahnı oxuyurmuşam. Həmin vaxt mənə nağara almışdılar, o nağara ilə ritm tuturmuşam. Valideynlərim görüb ki, musiqiyə həvəsim var, məni Əhməd Bakıxanov adına musiqi məktəbinə aparıblar. O vaxtdan muğam təhsili almağa başlamışam.

-Muğamın sirlərini kimdən öyrəndiniz? Kimlər daha çox dəstək olub sizə?

-Musiqi məktəbində müəllimim Gülsüm xanım olub. Daha sonra 2004-cü ildə Bülbül adına orta ixtisas məktəbinə daxil oldum. Burada bir çox sənətkarlardan dərs aldım. Simarə xanım, Firuz müəllim, Qəzənfər müəllim mənim müəllimlərim olub. Qəzənfər müəllim mənə çox dəstək olub. Uğurlarımın çoxsunun səbəbkarı odur. Sonra təhsilimi Mədəni Maarifdə (İndiki Bakı Humanitar Kolleci) davam etdirdim. 4 il də orada təhsil aldım. Hazırda Milli Konservatoriyada Respublikanın Xalq artisti Nəzakət xanım Teymurovanın sinfində dərs alıram.

“Muğamı öyrəndikcə öyrənirsən”

-Ailənizdə kimsə sənətlə məşğul olubmu?

-Ailəmdə musiqi ilə məşğul olan heç kim olmayıb. Sadəcə ata tərəfdən səsi olanlar var. Əmilərimin, elə atamın özünün yaxşı səsi var. Sadəcə onlar musiqi ilə məşğul olmayıblar. Zamanında təhsil alıb sənətlə məşğul olsaydılar, indi sayılıb-seçilən ifaçılardan olardılar.

-"Segah" muğamını daha çox ifa eləyirsiniz...

-Muğamların hər birini ifa edirəm, sadəcə “Segah” daha yanğılı və qəlbə yaxın olduğu üçün ona çox müraciət edirəm, çox ifa edirəm. Hər bir ifaçının ruhuna yaxın olan bir muğam var, xanəndə var, “Şüştər”i sevir,  xanəndə var “Şur” muğamını sevir. Mənim də ruhuma yaxın olan “Segah”dır. Muğamlarımızın hər biri gözəldir. Allah dahi bəstəkarımız Üzeyir Hacıbəyova rəhmət eləsin, muğamlarımızın hər birini nota alıb.

-“Segah” ürəyin naləsidir. Nəyin nisgili var ki, ürəyinizdə daha çox “Segah”ı ifa edirsiniz?

-Nəyinsə nisgili var, deməzdim. Mən “Segah”ı nəyinsə xatirinə oxumuram. Artıq 18 ildir, bu sənətin içindəyəm, xanəndəlik dərsi alıram. Düzdür, uşaq yaşlarında insan “Segah”ı dərk edə bilmir, heç istədiyin kimi oxuya da bilmirsən, dinləyiciyə çatdıra bilmirsən. Lakin müəyyən bir yaş həddindən sonra insanın qəzələ, “Segah”a meyli artır. “Segah”a bağlı olmağım yaşla əlaqədardır.

-İstər xanəndələr, istərsə də digər musiqi sahəsinin ifaçıları deyirlər ki, musiqi dəryadır, yaşdan asılı olmayaraq öyrənmək lazımdır...

-Çox düzgün deyilib ki, musiqi bir dəryadır. Nə qədər öyrənsən, bu sənin başının ucalığıdır. Qəzənfər müəllim həmişə gözəl bir söz deyirdi, 50 yaşın olsa belə, həmişə öyrənməlisən. Çünki sən desən ki, artıq mən bilirəm, daha öyrənməyəcəm, deməli, sən yaxşı xanəndə deyilsən. Muğamı öyrəndikcə öyrənirsən. Muğamın incəlikləri, dərinlikləri çoxdur. İndiki ifaçıların çoxsu (mən o kəsləri nəzərdə tuturam ki, onları xalq tanımır) “mən xanəndəyəm” deyir. Əslində “xanəndə” sözü çox ağır sözdür. Xanəndə Arif Babayevdir, Alim Qasımovdur, Qəzənfər Abbasovdur və digər sənətkarlardır.

“Təhsil önəmlidir”

-Bir çox sənətçilər təhsilin olmasını özləri üçün vacib hesab etmirlər. Sizcə, bu düzgündür?

-Mən bunun əleyhinəyəm. Təhsilsiz bir musiqiçi, tək xanəndə yox, mənə görə uğurlu ola bilməz. Bir insanın yaxşı səsi ola bilər, amma təhsil də önəmlidir. Allah insana istedad və səs verir, amma o səsi idarə etmək üçün mütləq ki, təhsil almalısan. İfaçı təhsil almasa, muğamın növlərini  bilməyəcək, səsini düzgün idarə edə bilməyəcək.

-Muğam sizin üçün nə deməkdir?

-Neçə ildir, bu sənətdəyəm, bir az öncə dedim. Mən muğamın aşiqiyəm. Muğam dinləyəndə ruhum dincəlir. Muğam mənim üçün həyatımın yarısı deməkdir. Niyə yarısı deyirəm? Tam şəkildə insan həyatını nəyəsə həsr edə bilməz, bu inandırıcı deyil. Ona görə deyirəm ki, həyatımın yarısıdır. Muğama illərimi vermişəm. Bu günə qədər böyük sənətkarlardan dərs alıram. Muğamdan kənar qala bilmərəm.

-Muğamı ifa edəndə nə hisslər keçirirsiniz?

-Muğam ifa edəndə məni dinləyənlərin reaksiyasına daha çox diqqət yetirirəm. Tamaşaçıların baxışları, alqışları bax bunları beynimdə canlandırıram. Çalışıram ki, dinləyicilər məndə qüsur tapmasınlar. Mən muğamı o qədər səliqəli ifa etməliyəm ki, onu dinləyici anlaya bilsin. Bir də dinləyici muğamdan professional şəkildə anlayışı olan şəxs də ola bilər. Bax ona görə məsuliyyətli olmalıyam. Nəzərə alıram ki, məni izləyən şəxslər həm də sənətkarlardır.

-Məcnun obrazını ifa etmək kimi bir arzunuz varmı?

-Hər bir ifaçı kimi mənim də arzumdur “Məcnun”u oynamaq. Bu obrazı canlandırmaq böyük bir məsuliyyət tələb edir. “Məcnun” obrazını layiqli şəkildə canlandırmaq istəyərəm. Necə ki, sənətkarımız Mənsum müəllim “Məcnun” adını alıb, mən də istəyərəm, bu sənətdə “Məcnun” olum.

-Nə vaxtsa ifa etsəniz, Leyli rolunda tərəf müqabilinizin kim olmasını istəyərdiniz?

-“Leyli” obrazında oynayacaq xanımlarımız çoxdur. Gözəl səsi olan ifaçılarımız, gözəl görkəmli xanım xanəndələrimiz çoxdur. Məsələn, Kamilə xanım Nəbiyeva gözəl xanəndədir. Onun kimi bir çoxunun adını çəkə bilərəm. Efirlərdə olmayan bir neçə xanəndələrimiz də var ki, onlarla da oynamaq istəyərəm. Efirlərdə tez-tez görünməsələr də, o xanəndələrimiz güclü səsə malikdirlər. Bax o xanım xanəndələrlə də Opera səhnəsinidə çıxış etmək istəyərəm.

-Muğamatımızın bu günkü vəziyyəti sizi qane edirmi?

-Bu gün muğamımızın vəziyyəti yaxşıdır. Ustad sənətkarlarımızın yetirmələri çoxdur, hələ də tələbələr yetişir. Bu gün muğam gözəl xanəndələrimizin nəzarəti altındadır. Respublika Prezidenti Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyətə, o cümlədən muğama diqqət və qayğıları nəticəsində bu gün muğamımız dünyada təbliğ olunur. Buna görə Cənab Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya təşəkkür edirəm.

“Muğamı dinləyən çox azdır”

-Tez-tez indiki gənclərin muğama bir qədər laqeyd olmaları barədə giley-güzar eşidirik. Bu haqda nə deyərdiniz?

-Bu sual çox gözəl bir mövzunu əhatə edir: “Gənclərimizin muğama olan həvəsi”. Bu gün məni də gənclərimizin muğama olan həvəsi qane etmir. Çünki gənclər daha çox bayağı mahnıları dinləyirlər. Bu mahnıları mən “bir aylıq” mahnılar adlandırıram, çünki 1 ay ömürləri olur, 1 ay gündəmdədirlər, vəssalam. Bilmirəm, bu nə ilə bağlıdır. Muğamı dinləyən gənc çox azdır. İstəyərdim, muğamımız gənclər tərəfindən dinlənilsin. Muğam dərin bir sənətdir.

-Demək olarmı ki, xəyalınızdakı yerə çatmısınız, ya hələ var?

-Əslində xəyalımdakı yerə çatmaq üçün bir addım atmışam. O yerə çatmaq üçün bir çox nailiyyətlər əldə eləməliyəm. “Əməkdar artist” adı, daha sonra “Xalq artisti” adı almalıyam. Bunlar üçün də illər lazımdır. Ona görə deyirəm ki, hələ bir addım atmışam. Çalışıram ki, sənətlə bağlı bir səhv etməyim. Məqsədim xəyalımdakı yerə çatmaq üçün düzgün addımlarla irəliləməkdir.

Rövşən Tahir