adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
31 Mart 2021 10:30
36224
MƏDƏNİYYƏT
A- A+

"Fakt budur ki, kino sənəti bu gün yoxdur" - Kinorejissor problemləri dilə gətirdi

Kinorejissor Elşən Məmmədov Adalet.az-a Azərbaycan kinosunun hazırkı durumundan, problemlərindən danışıb. 

"Azərbaycan kinosu özünün ən çətin günlərini yaşayır. Bu, illərdir belədir. Problemlər çoxdur. Ən başlıcası maddi problemdir. Dövlət kinonun yaşaması üçün öz dəstəyini göstərməlidir. Bəzi insanlar deyirlər ki, bazar iqtisadiyyatıdır. Amma indiki durumda bunu kinoya şamil etmək olmaz. Çünki produsser mərkəzləri film çəkmək iqtidarında deyillər. Söhbət peşəkar kinodan gedir. Kommersiya filmləri çəkilir, amma o filmləri məzmun etibari ilə nə vaxtsa kino səlnaməsinin inciləri siyahısına salmaq özü gülüncdür. Kino sənətinin bünövrəsində güclü milli drammaturgiya dayanmalıdır. Belə filmlər Sover dövründə də çəkilib. Bu gün də o filmlər sevilə-sevilə izlənilir. Çox təəssüf ki, bu gün o ənənədən uzaqlaşırıq.

Qəribə səslənsə də, bu gün kinoya başqa düşüncə tərzi gətirilir. Ona görə də belə filmləri anlamaq olmur. Düşünürəm ki, filmlərimizdə millilik olmalıdır. Kinomuz uzun illər ləyaqətli tarix yolu keçib. Bu yolun 30 ilinin şahidi olmuşam. Amma bu gün kino sənətinin üzərində dəlləklik edib, yeni model düzəltmək istəyirlər.

O gün müsahibələrin birində dedilər ki, biz artıq Türk və Apropa təcrübəsindən istifadə etməliyik. Nədir o təcrübə?! Bunu izah edən yoxdur. Ölkədə kinoteatrlar yoxdur. Tək Bakıda 4-5 kinoteatr olması azdır. Tamaşaçıları bayağı ssenari əsasında kinoteatrlara dəvət etmək olar, amma çalışmalıyıq ki, ciddi, düşündürücü filmlərin nümayişinə də tamaşaçı gəlib baxsın. Bu, çox çətin prosesdir. Sovet dönəmində kinoteatrlar 4-5 seans təşkil edirdilər. Tamaşaçı da gəlib filminə baxırdı. Kino prokat düzgün sxemlə qurulmalıdır. Açığı, bunların nə vaxtsa reallaşacağına hələ inanmıram. Kino mütəqil olmalıdır. Mədəniyyət Nazirliyinin tərkibində olmamalıdır. Kinoya ayrılan vəsaitə nəzarət olmalıdır. Kino geniş bir sahədir. Filmi 3-4 aya çəkib bitirmək olmaz. Hansı ki, belə film çəkilişləri olub. Özü də, Mədəniyyət Nazirliyinin sifarişi ilə .Üç aya çəkilən filmin keyfiyyəti nə olacaq? Biz kinorejissorlar, operatorlar rəssamlar aylıq məvacib almırıq. Film olanda işləyib, qonarar almaqla yaşamağa məcburuq. Əgər film yoxdursa, necə yaşayaq? Bu, heç kimi maraqlandırmır. Sanki kinoya qarşı antisimpatiya var.

Bildiyimə görə, yeni kino agentlik yaradırlar. Amma bilmirəm özünü doğruldacaq ya yox. Fakt budur ki, kino sənəti bu gün yoxdur. Açığı, olanacağına da artıq ümidim qalmayıb. Qabaq çəkilən filmlərin hərəsi bir məktəbdir. Milli kino məktəbi... Əgər o məktəbi qorumasaq, yenisindən heç bir fayda olmayacaq!

 

Eminquey