adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
29 Mart 2021 15:15
39009
ƏDƏBİYYAT
A- A+

Ayaz Arabaçı: Mənimçün sən ancaq şeirsən, qadın

Min dərdə məlhəmsən dağ çiçəyitək,
Hər qəlbə bal kimi xeyirsən qadın.
Səndə tamamlayıb qüdrəti Tanrı, 
Başdan ayağadək seyirsən qadın. 

Bir bax, gör, mehrinə nə qədər ac var, 
Sən varsan, hər kəsin başında tac var, 
Mənim deməyimə nə ehtiyac var, 
Sən özün hər şeyi deyirsən qadın. 

Öldürən-yaşadan həbin dəyişmir..
Gülləri yormaqda təbin dəyişmir,
Qışda da ,yazda da dəbin dəyişmir,
Nə geysən alovdan geyirsən qadın. 

Doymarıq vəsfindən,nə qələm,nə mən..
Çöllərin bənövşə ətridi nəğmən,
Bu qədər acıya-ağrıya rəğmən,
Sən bizi hələ də sevirsən, qadın. 

Çox-çox ilahisən ilahi qatda.. 
Yoxdu tərifinə söz,ehtiyatda.. 
Olur ki bir ömür zindanın, hətta, 
Adına səadət deyirsən ,qadın. 

Olsa da dünyayla savaşın-öcün,
Sönməsin həvəsin,bitməsin gücün,
İsti ocağını qorumaq üçün,
Hər gün ürəyini yeyirsən ,qadın..

İpimi kim çəkər darda, nə bilim, 
Kim nə məna verər harda.. nə bilim, 
Ana da deyirlər, yar da, nə bilim,
Mənimçün sən ancaq şeirsən, qadın.