adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Mart 2021 10:08
29028
İQTİSADİYYAT
A- A+

“Gəlir 3 milyon manatadək yüksəlib” - AÇIQLAMA

Onlayn alış-veriş internet vasitəsilə hər hansı məshulu satmaq və bu məhsuldan yararlanmaq deməkdir. Yəni malı dükandan deyil, internet üzərindən sifariş verərək alırıq. COVİD-19 pandemiyasının tüğyan etdiyi bir vaxtda onlayn alış-veriş mövzusu daha da aktuallaşıb. Bəs bu sahədə mövcud vəziyyət qaneedicidirmi?

Elektron ticarət məsələləri üzrə mütəxəssis Çingiz Pirizadənin sözlərinə görə, Azərbaycanda 2020-ci ilin mart ayından etibarən onlayn satışların payı kəskin artıb: “Heç kim heç vaxt ölkəmizdə düşünə bilməzdi ki, hər hansısa bir yemək məhsulunu haradansa sifariş edəcək və həmin sifarişi restorandan onun üçün gətirəcəklər. Həmin şəxs də məhsulu əldə edəcək. Hazırkı dövrdə evdən çölə çıxmadan, evdə oturub işləyərək onlayn məhsullar sifariş verə bilirik. Məsələn, hansısa yeməyi elektron ticarət platforması üzərindən əldə etmək olar.

Onlayn satışın müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi, dediyim kimi, insanların rahat şəkildə nəyisə əldə etməsidir. Mənfi tərəfi isə insanlar sifariş verdiklərinə toxuna bilmirlər. Bununla yanaşı insanlarda kartla ödənişlərlə bağlı inamsızlıq da var. İnsanların bəziləri kartla ödənişlərə o qədər də güvənmir, inanmırlar. Bildiyimiz kimi, bankların özlərinin təhlükəsizlik siyasəti var. Hansı ki, o, kartla ödəniş zamanı təhlükəsizliyi təmin edir və insanlar təhlükəsizlik serverlərindən istifadə edərək istədikləri ödənişləri həyata keçirə bilərlər”.

Mütəxəssisin sözlərinə görə, Azərbaycanda onlayn alış-veriş ən çox elektronika məhsullarının satışı sahəsində nəzərə çarpır: “Elektronikadan sonra geyimlər, qida məhsulları üstünlük təşkil edir. Ki, insanlar onlayn satış zamanı bu məhsulları daha çox sifariş verirlər. Ümumiyyətlə, onlayn satış sərfəlidir. Müasir dövrümüzdə biz komfort zonamızdan kənara çıxmaq istəmirik. Ona görə də, onlayn satışdan yararlanır, internet üzərindən sifarişlər veririk. Bir az öncə onlayn satışın müsbət tərəflərindən danışdım, biznesmenlər üçün də onun müsbət tərəflərini vurğulayım. Müsbət tərəfindən biri ondan ibarətdir ki, daha az kapital sərf olunur. Məsələn, hansısa bir dükan açarkən ona xərclənən pul daha çox olur. Lakin onlayn satışda biznesin qurulması üçün maddi vəsait bir o qədər də yüksək deyil.

Onu da qeyd edim ki, ötən illərlə müqayisədə hazırda onlayn satışdan əldə olunan vəsaitin özü yüksəkdir. Bunu Mərkəzi Bankın hesabatlarından aydın görmək olar. Belə ki, əvvəllər onlayn satışdan əldə olunan gəlir 1-2 milyon manat idisə, pandemiya dövründə bu məbləğ 3 milyon manatadək yüksəlib”.

Bəs görəsən, insanlar necə onlayn alış-verişdən razıdırlarmı? Üz tutduq paytaxt sakinlərindən suala cavab tapmağa. Onların bir qismi söylədi ki, məhsullar bəzən gec gəlir, onlayn satışda növbələr həddən artıq çoxdur və ona görə də onlayn alış-veriş əlverişli deyil, bir qismi onlayn satışın uğurlu olduğunu deyib pandemiya dövründə onlayn alış-verişə üstünlük verilməsinin tərəfdarı olduğunu dilə gətirdi. Yerdə qalanlar isə ödənişlərin təhlükəsizliyi məsələsini qabartı. Həmin insanlar qeyd etdi ki, onlayn satışlar təhlükəsizliyə tam təminat vermir. Belə ki, müəyyən zaman kəsiyində kibertəhlükəsizlik baxımından şəxsi məlumatları oğurlana bilər. Bu düşüncədə olan insanlar söylədilər ki, onlar onlayn satışdan istifadə etmirlər. Bizim fikrimizcə isə, onlayn alış-verişə üstünlük vermək lazımdır. Son günlər koronavirusa yoluxma hallarının artdığını nəzərə alaraq onlayn alış-veriş etmək vacibdir. Qaydalara riayət edərək canlı təmasları azaltsaq, COVİD-19 bəlasından da tez bir zamanda yaxa qurtararıq.

Rövşən Tahir