adalet.az header logo
  • Bakı 13°C

"Tənqid edib, qınadıqlarına çevrilən Baycan müəllim"- Orxan Saffari yazır

Orxan Saffari
46667 | 2021-03-22 13:23

Seymur Baycan sevdiyim, həvəslə və yüksək maraqla oxuduğum yazıçıdır. Ümumiyyətlə, Seymur Azərbaycan ədəbiyyatında hadisədir. Amma təbii ki, burda da bəzi məsələlər var. Oxumağa davam etdiyiniz bu yazı ümumi bir tənqid olduğu üçün, Seymurun müsbət tərəflərindən bir o qədər də söz açmayacam. 

Düzü, Seymura sevdiyim yazıçı desəm də, düşünürəm, Seymur yazıçı ola bilmədi. Daha dəqiq, ciddi bir romançı, ən azından hekayəçi. Seymur hər kitab çıxartdıqca mən də, digər oxucular da ciddi, sanballı bir roman gözləsək də, o, əksinə, ortaya hər dəfə daha bəsit, gəncliyini yola verdiyi məişət publisistikasından o tərəfə bir əsər çıxartmadı.. 

Söhbət yaxşı əsərlərinin olmasından da getmir. Söhbət ümumi abu-havadan gedir ki, indi ona ən yaxşı halda ortabab bir publisist demək olar. 
Düzü, mənim yazıçıya öhdəlik qoymaq, "niyə belə yazırsan?", "bu mövzudan yazırsan?" kimi yön vermək kimi bir məqsədim yoxdur, amma vallah, adam bezir, axı. Çevir tatı, vur tatı. Yazılarını daim Azərbaycan qadının qeyri-ciddiliyi, Azərbaycan insanının ümumilikdə əzik personajları səviyyəsində versə də, Seymur hazırda Mirzə Cəlillik etdiyi, qınadığı adamlardan birinə çevrilib. Xahiş edirəm, yolunuz Tiflisə düşsə, bunu onun özünə də deyin. Bəlkə xəbəri yoxdur, özünü görmür. Bu məsələdə Seymur sevərlərdən dəstək gözləyirəm. 

Özünü tədriclə məşğul olan, yaşı qırxı adlayan, amma təcrübənin verdiyi yaşa görə də yaza bilməyən Baycan müəllimin hazırkı durumuna bir oxucu kimi elə acıyıram ki... Acıyıram demiş, onun yazılarını oxuyanda sözün həqiqi mənasında adam acır. 


Ümumiyyətlə, Seymur nə qədər xalqı tanıdığını, bu adamların dilini bildiyini desə də, qətiyyən belə deyil. Gözünün içinə, yazılarının hər sətrinə kimi yalan deyir. Ömrü boyu dünyanın ən ciddi əsərlərini təbliğ edən, özü oxuyan, onu təəccübləndirəcək heç nəyin olmadığını deyən bir yazıçı, sıradan, orta klassik bir Azərbaycan vətəndaşının davranışlarına son dərəcə ciddi təpki verəcək qədər qeyri-ciddiləşib. 

Bəs, hanı bu ciddilikdən, bəşərilikdən danışan intellektual yazıçının ciddi əsərləri?! "Mənim Mübarizəm"-ləri? Yoxsa, "Ana ürəyi?!"
Yenə ədəbiyyat içərisinə çıxarılası "18.6", "Quqark"- ı var ki, bunları da ölümünə tənqid etmək olar. 

Seymurla eyni nəsildən olan bir çox yazarlar hazırda ortaya ciddi əsərlər qoya bildilər. Məsələn, Aqşin Yenisey "Tarix və Tale"-si ilə göstərdi ki, romanı necə yazarlar. Amma Seymur heç bu hadisədən də dərs çıxara bilmir. Qoyasan, ancaq ittiham edə. Nəyi, kimi, alış? Bəs deyil? Bəlkə düşünəsən, "deyingən qarılıqdan" çıxasan? Hazırda deyingən arvaddan fərqlənən yeganə cəhəti bu deyingənliyi ədəbi dildə olan, ədəbiyyatın qanadları altına alan Seymur əsərini nə vaxt yazacaq? 

Düzü, bu yazı bir az da gecikmiş yazıdır. Elə Seymurun öz yazdığı kimi. Bu tələb ondan 10 il əvvəl də edilməli idi. Mənim üçün insanın yaşı fərqlidir. Sıradan bir insanın  30-40 yaşı hadisə deyil, amma özlüyümdə bir insanın "roman yaşı" anlayışım var ki, bu da müəyyən adamlara hesablanıb. Mən Seymurun bu yaşını çox gözlədim, o isə "ad gününü" qeyd eləmədi. Nə də onu təbrik edə bildik, Seymur, var olduğun üçün sağ ol!- deyə bildik. Mümkün olmadı. Mübarizəsinə xitam verdiyi bir həyatdan qalaq-qalaq kitablar çıxarmağa başladı, bir tərəfdən də 20-30 ildir yazdığı "qadınlar məni anlamaz", "Azərbaycan qadını məni başa düşməz" təhkiyəsi. Düşməz də, hoca. Bir qadın səni bu cür niyə başa düşsün ki? Belə də, Azərbaycan qadını heç özünü də başa düşmür, bu da başqa bir söhbət. Amma o deyil da, Baycan müəllim, o deyil. Əslində, heç o qədər çətin adam da deyilsən e, hətta artıq içindəki o dayazlıq, elit görsənmək istəyib, mahiyyət olaraq isə sıradan Füzuli oğlanından fərqlənməyən cəhətlər də üzrədir. Amma hələ də özünü təsdiq hissi yoxa çıxmayıb. Özünü təsqid etmiş olduğun halda. 

Məni ən pis edən məsələdə məhz budur. Ömrü boyu qınadığın, tənqid etdiyin adamlara, yazıçılara çevrilmək. Daim ciddiləkdən danışıb, ortaya məişətdən başqa bir şey qoya bilməmək. Hansı birini deyim, Seymur? Mənə elə gəlir, Seymur bir az da eqosunun altında qaldı, götürə bilmədi bu yükü. Nə bilim. Çox şey demək olar, amma ehtiyac yoxdur. Bağrıma basıram. 

TƏQVİM / ARXİV